Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

KOMPLEKSLƏRDƏN AZAD ADAMLARIN ŞƏHƏRCİYİ - REPORTAJ

Onlar işləmək istəsələr də, iş verən yoxdur...

Gözlərində eynək, əlində əsa ilə gəzən adamlar buranın daimi sakinləridi. Hamısı bir-birini çoxdan tanıyırmış kimi qolundan tutaraq yeriməyə kömək edir. Zarafatları, söhbətləri, dərdləşmələri diqqət çəkir. Buranı “Gözdən əlillər şəhərciyi” adlandırırlar. Onlara ayrılan binalarda qalır, görmə qüsurlu şəxslər üçün tikilən orta məktəbdə təhsil alırlar. Həmin şəhərçiyə gedib onların yaşayışını, dolanışıqlarını, problemlərini öyrənməyə və göstərməyə çalışdıq. Bəziləri həyatlarından məmnun, bəziləri problemlərdən şikayətçidi.

Gözdən Əlillər Cəmiyyəti bu şəhərcikdə yerləşir. Cəmiyyətin üzvləri 18 yaşını tamamlayan, əlillik dərəcəsi alan şəxslərdi. Bizi qurumun qəbul məsələləri üzrə köməkçisi Zakir Məmmədov qarşılayaraq gözdən əlillərin təhsili və işlə təmin olunma səviyyəsi barədə danışır. Qeyd edir ki, gözdən əlillər üçün internat orta məktəbdə fənlərlə yanaşı, tar, qarmon ixtisası üzrə beş il musiqi təhsili keçirilir. Məktəb məzunları ordan aldıqları şəhadətnamə ilə işləyə bilərlər. Musiqi məktəbində dərs deyən müəllimlərin də əksəriyyəti gözdən əlillərdi. Cəmiyyət üzvlərindən xüsusi istedadı, fərdi qabiliyyəti olanları da var. Onların əl işləri müxtəlif tədbir və sərgilərdə nümayiş olunur.
Zakir bəyin sözlərinə görə, cəmiyyət gözdən əlillər üçün peşə kursları təşkil edir: “Bakıdakı səhiyyə orqanlarının 80 faizində gözdən əlillər çalışır. Onlar masaj kurslarını bitirənlərdir. Bakı Şəhər Məşğulluq İdarəsi ilə birgə kompyuter, xarici dil və bağbanlıq təlim kursları keçiriləcək. Bu yaxınlarda rabitə kursları da açılıb”.
Səsli telefonlarda olduğu kimi xüsusi proqram sayəsində görməyən adamlar kompyuterdən sərbəst şəkildə istifadə edir. Zakir bəy bildirir ki, bu yaxınlarda yeni hazırlanan Dilmanc kompyuterlərinin təqdimatı olacaq. Proqram sayəsində klaviatura və mausun köməyi olmadan kopyuterdən yararlanmaq mümkündür. Yeni cihazların əvvəlcə tələbələrə verilməsi nəzərədə tutulub.
Qəbul məsələləri üzrə köməkçi deyir ki, cəmiyyətə üzv olanlardan ali təhsil alanlar çoxdur. Zakir bəy özü 1-ci qrup gözdən əlildir. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. Qurumun Tədris İstehsalat şöbəsinin direktor müavini Fazil Xəlilov, İdman sahəsi üzrə çalışan, respublika çempionu Aydın Zeynalov və başqa işçilərin əksəriyyəti gözdən əlildir. Zakir bəy söyləyir ki, ali təhsil imtahanlarına sənəd qəbulu zamanı görmə qüsurlu şəxslərin əlilliyi nəzərə alınır və imtahanda onlara köməkçi verilir.
Yataqxanada qalan gözdən əlillərlə danışmaq, onların vəziyyəti ilə maraqlanmaq niyyətinə Zakir bəy bələdçilik edir. Yataqxanaya aparan yolda qazıntı işləri gedirdi. Zakir bəy bildirir ki, burda gözdən əlillər üçün 12 mərtəbəli, 132 mənzilli bina tikilir. Yeni mənzillər yataqxanada qalanlara veriləcək. Cəmiyyətin yerləşdiyi bina ilə üzbəüz, yolun o biri tərəfində 9 mərtəbəli binaya işarə edərək, onun 2008-ci ildə istifadəyə verildiyini bildirir. Binaya 90 nəfər gözdən əlil köçürülüb. Ərazidə 50 il bundan əvvəl tikilən binalar da var. Burda ailəli gənclər və rəhmətə gedən gözdən əlillərin övladları yaşayır.

“Mənim kimilərinə heç yerdə iş yoxdur…”

Yataqxanaya çatırıq. Təmirsiz, boğunuq havası olan bu yerdən nəmişlik qoxusu duyulur. Dar, uzun dəhlizdə bəzi əşyalar burda uşaqların da yaşadığından xəbər verir. Qarşımıza çıxan ilk şəxs Elmar Əliyevdir. Zakir bəy onu yataqxananın veteranlarından biri adlandırır. 27 yaşlı gənc anadangəlmə görmə qüsurludur. 1-ci qrup əlildir. Üç ildir ailəsiylə birgə yataqxanaya köçüb. Burdakı şəraitdən razı qaldığını vurğulasa da gözdən əlillərin başlıca probleminə diqqət çəkir. Məyusluqla: “Mənim kimilərinə heç yerdə iş yoxdur” – deyir, Elmar: “Yoldaşım işləyir. Özüm gözdən əlillər üçün keçirilən rabitə kurslarını bitirmişəm. Operator vəzifəsində işləyə bilərəm. Diplomum olsa da işə götürmürlər. Hara gedirsən deyirlər ki, siz görmürsüz işləyə bilməyəcəksiz”.
Elmarın mütaliəsi ilə maraqlanıram. Kitabxanaya getmir. Bu yerdə Zakir bəy söhbətə qatılır: “Kitabxana işi elə təşkil olunub ki, lazım olanda kitabı evə də gətirirlər”.
32 yaşlı İntiqam Bağırov da 1-ci qrup əlildir. 12 ildir yataqxanada yaşayır. Ayda 60 manat təqaüdlə dolanmağın çətin olduğunu vurğulayan İntiqam orta məktəbdə musiqi təhsili alıb. Ev telefonundan çox istifadə etdiyinə görə, operator işini bacarır: “Qəzetlərdə nömrə qalmayıb, hamısını yığmışam” - deyir. Lakin onun gözdən əlil olduğunu bilib, heç yerə işə götürmürlər: “Gözdən əlil olduğumu söyləyəndə, deyirlər ki, qardaş, bizə eləsi lazım deyil. Sağlam insan axtarırıq”. Elmar və İntiqam dedikləri kimi günlərini “boş-bekarçılıqla” keçirirlər: “Vaxtımız siqaret çəkməklə keçir. Yayda da semiçka alıb, həyətdə dolaşırıq. Bir sözlə vəziyyətimiz acınacaqlıdı”.
Yolda Zakir bəy qarşımızdan əsa ilə keçən birinin qoluna girərək, onu gedəcəyi yerə çatmaqda yardım edir. 1-ci qrup gözdən əlil Məhərrəm Şahverdiyevin informasiya texnologiyaları sahəsində sağlam insandan daha bacarıqlı olduğunu vurğulayır: “Danışan kopyuteri əzbər bilir. Özü sərbəst proqramlar yükləyir. Kompyuter, telefon sahəsində kimə nə lazım olsa hər zaman kömək edir”. Məhərrəm dayı işsizdir, övladları ali məktəbdə oxuyur. Rabitə kurslarını bitirib. Heç kəsin köməyi olmadan internetdən istədiyi məlumatı tapır. Mp3, pdf və doc variantlarında kitablar yükləyib oxuyur.
Yol boyu gözdən əlillərin gündəlik yaşamda hansı çətinliklərlə qarşılaşdığını fikirləşirəm. Məsələn, görmə qüsurlu şəxslərin maşın yolunu keçməsi Azərbaycanda hər zaman təhlükəlidi. Məhərrəm dayı bu səbəbdən heç yerə tək gedə bilmədiyini deyir: “Tək kənara çıxmağa öyrəşməmişəm. Olur, hərdən gedəndə qolumdan tuturlar, kömək edirlər. Yaxşı insanlar var”. Zakir bəy səsli işqforların gözdən əlillərin çox olduğu yerlərdə quraşdırıldığını bildirir. Cəmiyyətin yerləşdiyi ərazidə və Gənclik metrostansiyası yaxınlığında olan Gözdən Əlillər Kitabxanasının yanında səsli işıqfor var.

Ağ vərəqlərdən ibarət kitablar

Onlarla sağollaşıb cəmiyyətin mühafizəçisi Səfər Məhərrəmovla söhbətləşirəm. 1-ci qrup əlildir, 40 yaşı var, 1988-ci ildən cəmiyyətə üzv olub. Gözdən əlillər üçün internat məktəbini bitirəndən sonra, masaj kurslarında oxuyub. 1992-ci ildən ev nöbəsinə yazılan Səfərə 2008-ci ildə tikilən binadan mənzil verilib. Yaşadığı evin şəraitindən razıdır. Maaşı 93 manat 50 qəpik yazılsa da, təqaüd vergisinə görə 89 manat 50 qəpik pul alır: “Tək buranın ümidinə qalsam bataram. Bu işdən əlavə, kamera qurmaq, elektrik işləri ilə məşğul olmaqla pul qazanıram. Həm də usta işləyirəm. İş tapıb danışırıq, materialları alırıq, villa tikirik”.
Əraziyə nəzarət edən Səfər yeni binanın tikinti işlərinin gözdən əlillərə təhlükə yartmadığını bildirir: “Ustalar işlərini yaxşı qurur. Bir gün maşını binanın qarşısnda saxladılar. Dedim ki, burda gözdən əlillər yaşayır, dəyib toqquşacaqlar. Ondan sonra maşınlarını elə itirirlər ki, heç görünmür. Daha buralara çıxarmırlar. Amma nə də olsa müvəqqəti çətinlikdir, dözməliyik. İşçilər də bunu bizim üçün edir”.
Səfər kitablara marağından danışır. Əvvəllər kitabxanaya çox getdiyini, hətta kitabxanaçı olmaq istədiyini söyləyir: “Ali təhsil almaq istəyirdim, atam qoymadı. Dedi ki, hökumətin maaşı ilə dolanmaq yaramır. İndi istədiyim məlumatı internetdən tapıb oxuyuram”.
O, məktəbdə “Brayl” əlifbası ilə təhsil alıb. “Brayl” əlifbası ilə oxuma texnikasını öyrənmək istəyimi bilən kimi, tərəddüd etmədən bizi cəmiyyətin nəşriyyatına apardı.
Nəşriyyatın qapısını açmamış printerin səsi eşidilir. Balaca otaqda Qasim bəy Zakirin, Almaz İldırımın “Brayl” əlifbası ilə yığılan, hələ cildlənməmiş əsərləri rəfə düzülüb. Hazır olan əsrələrdən “Dədə Qorqud” dastanı var. İlk baxışdan kitabın səhifələri adi ağ vərəqdən seçilmir. Bu hərflər əl vurduqda hiss ediləcək çıxıntıları olan nöqtələrdən ibarətdir. Səfər əlini kitabın səhifəsində gəzdirərək orda yazılanları oxumağa başlayır: “Məsələn, bir nöqtə “A”, iki nöqtə “B”, üç nöqtə isə “M” hərfi kimi oxunur. Bir sətirdə altı nöqtə olur. Orda istənilən hərfi yazmaq mümkündür”.
Mətnlər kompyuterdə yığılandan sonra xüsusi printerdə çap olunur. 300 vərəqli kitabın bir nüsxəsinin “brayler”ə çevrilməsi təxminən bir ay çəkir. “Brayl” üzrə yığıcı Gülsənəm Qafarova bir kitabı 3-4 günə çevirdiyini söyləyir. Bu əlifbanı işə düzələndən sonra öyrənib: “İxtisasım tamam başqadır. Texnikumda mühasibatlığı bitirmişəm. Nənəm gözdən əlildir. Ona görə bu əlifba mənə əvvəldən tanışdır”.

Onlar minimal ehtiyaclarını ödəyə bilmir

Sonda Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşürük. Cəmiyyətin yeni layihələri barədə məlumat verən S.Abdullayev Zabrat qəsəbəsində gözdən əlillər üçün reabilitasiya mərkəzinin tikildiyini bildirir. Hədəflərdən biri də gözdən əlillərin informasiyaya çıxışını təmin etməkdir: “Artıq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə yeni layihə ilə bağlı sənədləri göndərmişik. Gözdən əlillər bu ilki paralimpiya oyunlarına da lisenziya alıb. Bundan əvvəlki idman yarışlarında gözdən əlillər arasında medal qazananlar çoxdur”.
Əlilliyi olan insanların məşğulluğunun təmin olunması istiqamətində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təkliflər verilib, dövlət proqramı hazırlanıb. S.Abdullayev deyir ki, gözdən əlilləri işə götürməyən sahibkarlar cərimə olunsa da bununla problem çözülmür: “Əlillərin də digər insanlar kimi işləmək hüququ var. İş yerləri olmadıqda əmək təqaüdü ala bilmirlər. Sadəcə təqüdlə minimal ehtiyaclarını çətinliklə ödəyirlər. İnsan öz əməyi ilə qazanmalıdır, sadəcə ona yardım etmək lazımdı. Elə etməliyik ki, bu insanlar heç kəsə möhtac qalmasın”.

Bu günün təəssüratı ilə “Gözdən əlillər şəhərciyi”ndən uzaqlaşıram. Burda tanışdığım adamların bir-birilərinə doğma münasibəti hələ də təsəvvürümdən silinməyib. Sanki, problemləri, taleləri birdir. Heç kim heç nədən, heç kimdən çəkinmir. Onlara zillənən qəribə baxışlardan, yad münasibətdən uzaqdılar. Bir daha əmin oluram ki, insan fiziki cəhətdən kor olmur. Görmə qüsuru gündəlik yaşamda kopmleks yarada bilər, amma insanlıq duyğusunu öldürən mənəvi korluqdan daha qorxulusu yoxdur...

Arifə Mikayılova






3 May, 2012  15:35 Baxılıb: 1986 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner