Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

Reportaj

DİLƏNMƏYƏ MƏHKUM EDİLMİŞ UŞAQLAR – REPORTAJ

Onlarla hər yerdə, tez-tez qarşılaşırıq

Elə gün yoxdu ki, yolda dilənçi uşaqlarla rastlaşmayaq. 7-8 yaşlarındakı uşaqlar çirkli, səliqəsiz geyimdə qarşılarına çıxan hər kəsin ətəyindən yapışıb, sözün əsl mənasında əl açırlar. Onlar hamıdan eyni sözlərlə, eyni tərzdə pul istəsələr də onlara münasibət eyni deyil. Pul verəni də var, təhqir edəni də, özünü görməməzliyə vurub gedəni də...

Çox vaxt tələsəndə qarşıma çıxırlar – dilənçi uşaqlar. Heç qulaq asmadan yanlarından ötüb keçirəm. Amma onlar beynimdə müxtəlif suallar yaradırlar. Bu uşaqlar niyə yaşıdları kimi qayğısız deyillər? Onları dilənməyə məcbur edirlər? Bu kimi suallar məni narahat edir...

Yəqin ki, onlardan reportaj hazırlamaq həm də bu suallara cavab olacaqdı. Ona görə də, bu gün ilk dəfə olaraq dilənçilər məni yox, mən dilənçiləri axtardım. Nə qədər qəribə olsa da, bu gün hamısı yoxa çıxmışdı. Bir neçə metrostansiyanın ətrafında, onları həmişə gördüyüm yerlərdə axtarsam da tapa bilmədim. Nəhayət, Elmlər Akademiyası metrosunun yaxınlığında yerdə oturub əlini açan dilənçi qızla rastlaşdım. Qucağında bir uşaq da var idi. Bütün dilənçi uşaqlara xas çirkli, bir hissəsi də cırılmış geyimdə, yorğun üz ifadəsi ilə oturub, gəlib-gedənlərə baxır, arabir də pul istəyirdi. Daha doğrusu yalvarırdı.

Ona yaxınlaşdım ki, bir az söhbətləşim. Etiraf edim: yaxınlaşanda bir az çəkinirdim ki, suallarımı cavablandırmaq istəməz. Hətta durub gedər. Amma bu balaca qız suallarımın demək olar ki, hamısını cavablandırmaqdan çəkinmədi. Adını soruşanda sakit-sakit Məleykə cavabını verdi. Öyrəndim ki, Məleykənin 6 yaşı var. Burda diqqətimi çəkən digər məqam onun qucağındakı 3 yaşlı uşaq oldu. Öyrəndim ki, qardaşıdı. Əvvəl düşündüm ki, yəqin qardaşına görə dilənir. Amma Məleykə dedi ki, onun xaloğlusu xəstə olduğu üçün dərman lazımdı, o da dərman üçün pul yığır: “Özüm çıxmışam dilənməyə. Xalam oğlu xəstədi. Onun dərmanları üçün pul yığırıq”.

Məleykənin danışığından, dilənmək üçün yalvarış tərzindən də hiss olunurdu ki, bu işdə yeni deyil. Onda bəzi dilənçilərdə rast gəldiyimiz utancaqlıq, çəkingənlik hiss olunmurdu. Amma Məleykə mənim sualımı cavablandıranda dedi ki, o, cəmi 4 gündür dilənir.

Bir anlıq düşündüm ki, bəs Məleykənin validenyləri övladlarının hər yoldan keçəndən pul almaq üçün yalvarmağına necə razı olur? Bu sualı düşünər-düşünməz bəzi dilənçi uşaqlar haqqında eşitdiklərim ağlıma gəldi. İlk olaraq onları dilənməyə məcbur edirlər, deyə düşündüm. Ancaq bu barədə suallarıma 6 yaşlı Məleykənin özü aydınlıq gətirdi:
– Səni dilənməyə valideynlərin məcbur edir?
– Yox, özüm gəlmişəm. Xalam oğlu üçün pul yığmaq lazımdır”.

Söhbət əsnasında öyrəndim ki, Məleykənin gündəlik qazancı 4 manatdır. Pulun hamısnı aparıb evə verir.
Məleykəyə yaxınlaşanda pul vermişdim, sağollaşanda da pul vermək üçün qəpik axtarırdım ki, o məndən boyunbağımı istədi. Bir az təəccübləndim. Ona yaxınlaşmazdan əvvəl mənlə danışmayacağından çəkindiyim bu qız, boyunbağımı istədi, özü də özü üçün yox, qucağında yuxlayan qardaşı üçün. Boyunbağımı verə bilməyəcəyimi deyib, qəpikləri onun ovucuna basdım və yavaş-yavaş ordan uzaqlaşdım. Məndən bir neçə saniyə əvvəl Məleykəyə pul verib, yoluna davam edən xanıma yaxınlaşdım. Onun dilənçilərə, xüsusilə də azyaşlı dilənçilərə münasibətini öyrənməyə çalışdım. Deyəsən bu sualla onun yaralı yerinə toxundum: “Mənim bu uşaqlara ürəyim ağrıyır. Düşünürəm ki, onları dilənməyə məcbur edirlər, onlar öz istəyi ilə dilənmir. Ona görə də bəzən pul verirəm, bəzənsə əsəbləşib eləcə ötüb keçirəm”. Dilənçiyə pul verən Jalə Bədirova sualımı cavablandırarkən bu problemdən çıxış yolu da təklif etdi: “Bu uşaqların hüquqları da pozulur. Uşaq hüquqlarlnın müdafiəsi ilə məşğul olan təşkilatlar məncə, bu problemə də diqqət ayırmal, həllinə çalışmalıdırlar”.

Dilənçiyə pul verən Müşfiqə Bayramlı isə dilənçilər haqqında sualımızı eşidəndə az qala od püskürdü. Onun fikrincə həmin uşaqlar yolda insanları narahat edir, eləcə də Müşfiqənin özünü: “Bir dəfə dərsə tələsirdim. Bu vaxt balaca qara bir qız yaxınlaşıb, başladı yalvaramağa ki, qurban olum pul ver. Mən isə tələsirdim və getmək istəyirdim. Uşaq əl çəkmədi hətta çantama girməyə cəhd etdi. Məcbur olub, kobud cavab verdim. İstəməzdim belə olsun, amma bəzi dilənçilər insanı kobudluq etməyə məcbur edir”.

Müşfiqə xanım deyir ki, uşaqların özü üçün də bu yaxşı hal deyil. Bu yaşda uşaqlar məktəbə getməli, dostları ilə oyun oynamalıdırlar: “Bu yaşda uşaqların işlədilməsini düzgün hesab etmirəm. Onların yeri bura deyil, məktbədir. Polis də bu məsələyə biganə yanaşır. Məncə asayiş keşikçisi kimi onlar bu məsələ ilə daha ciddi məşğul olmalıdırlar. Çünki, bu cür dilənçilər insanları narahat edir”.

Vəzir Məmmədovun nəinki uşaq dilənçilərə, ümumiyyətlə bütün dilənçilərə münasibəti birmənalı oldu. O israrla qeyd edirdi ki, dilənmək onların peşəsidir. Heç vaxt imtina edə bilməyəcəkləri bir peşə: “Dilənmək onların peşəsisidir. Onlar qaraçıdırlar və başqa işlə məşul olmurlar. Könüllü olaraq dilənirlər. Ona görə də, onlara iş də versən işləməyəcəklər, dilənməyə öyrəşiblər”.
Vəzir bəy düşünür ki, onlar insanları narahat etmir. Deyir ki, onlar sadəcə pul istəyir xırda pulu olan verir, olmayan da bir kəlmə deyir ki, çıx get: “Xırda pulumuz olanda veririk, olmayanda da vermirik. Onsuz da onları küçələrdən yığışdırmaq mümkün deyil. Gərək hökumət ayrıca yer ayıra hamısını ora yığıb, aylıq pul verə. Onda da işləməyəcəklər, elə hey dilənmək istəyəcəklər”.

Onu da deyək ki, bu gün uşaq dilənçilərlə rastlaşmadığımız yer yoxdur. Küçədə, metroların qarşısında, metronun içində, eləcə də avtobusda. Çiyinlərində dilənçiliyin yükündən əlavə, bir uşağı da daşıyan bu uşaqlar dilənməyə öyrəşiblər. Dillərini işə salıb, gəlib keçəndən qəpik-quruş umurlar. Yaşıdlarının oynadığı, məktəbə getdiyi yaşda onlar qəpik-quruş da olsa pul qazanmaq dərdindədirlər. Görəsən, onlardan başqa 6-7 yaşındakı uşaqlardan daha kimlər düşünür ki, mən pul qazanmalıyam?

Fatimə Kərimli

 

 






2 May, 2012  17:36 Baxılıb: 3567 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55