Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MAYIN 1-İ OLDU, «07» TAKSİLƏR XİDMƏTLƏRİNİ DAVAM ETDİRİRLƏR - REPORTAJ

Sürücülər Nəqliyyat Nazirliyinin qərarına əməl etməkdə maraqlı görünmürlər

Nəqliyyat Nazirliyinin qərarı ilə bu gündən Bakı şəhərində Rusiya istehsalı olan avtomobillərin, xüsusilə də «Avtovaz» zavodunun istehsalı olan maşınların taksi kimi fəaliyyətinə qoyulan qadağa qüvvəyə minib.
Qərara əsasən taksi kimi fəaliyyət göstərəcək avtomobillərdə antibloklama sistemi, təhlükəsizlik yastığı və taksometr olmalıdır. Həmçinin “London” taksilərindən başqa bütün taksilərin rəngi də ağ olmalıdır.
Nazirliyin qərarına nə dərəcədə əməl olunub-olunmadığını öyrənmək üçün bu gün Simsar.az-ın əməkdaşları şəhərdə müşahidə aparıblar.

Bu gün şəhərdə «VAZ 2107» markalı avtomobillərdən hələ də taksi kimi istifadə edənlərə rast gəldik. Açıq şəkildə üzərində «şahmat» olan taksilər şəhərdə sərbəst şəkildə vətəndaşlara xidmət göstərirlər. İlqar adlı taksi sürücüsünə yaxınlaşıb Nəqliyyat Nazirinin məlum qərarından xəbərinin olub-olmamasını soruşduq.
«Boş şeydi. Belə qərarları çox görmüşük» - deyə, özündən razı şəkildə danışan sürücü bildirir ki, heç kəs onun işinə qarışa bilməz: «Xarici avtomobil alıb versinlər, «07»mi verim onlara. Ailəmi dolandırmaq üçün ötən il 6 min manata maşın almışam. Taksi kimi fəaliyyət göstərə bilməyəcəkdimsə, maşına o qədər pulu niyə verirdim?»
Sürücü gün ərzində Nəqliyyat Departamentinin əməkdaşları tərəfindən iki dəfə saxlanıldığını dedi: «İki dəfə saxladılar, xəbərdarlıq etdilər. İndi onları görəndə taksi nişanını götürürəm, aralanan kimi yenə də işimi davam etdirirəm. Ailədə 6 nəfərik. Tək işləyən mənəm. İşləməsəm ailəm acından qırılar. Son damla qanıma qədər mübarizə aparacam. Ya mənə normal maşın alıb versinlər, ya da başqa iş təklif etsinlər, gedim işləyim. Ailəmi acından qıra bilmərəm».

Söhbətləşdiyimiz «VAZ 2107» markalı avtomobildən taksi kimi istifadə edən sürücülərin əksəriyyəti bildirdi ki, onlar fəaliyyətlərinə asanlıqla son qoymayacaqlar. Çünki bu, onların iş yerlərini itirməsi və ailələrinin maddi gəlirdən məhrum olmaları deməkdir.

Məsələn, Əhməd adlı sürücü deyir ki, 20 ildir, «sovet» maşını sürür, amma bir dəfə də olsun qəza törətməyib: «Mən bilmirəm, bu kimin ağlına gəlib ki, Rusiya istehsalı olan avtomobillərin «taksi» kimi fəaliyyətinə qadağa qoymaq lazımdır. Mənim maşınım bütün maşınlardan sazdır. Şəhəri də gözəl tanıyıram. Dünən pulla «prava» alanlara heç nə demirlər, amma 20 ilin peşəkar sürücüsünə qadağa qoymaq istəyirlər. Kim nə deyir desin, mən işimi davam etdirəcəm. Çörəyim burdan çıxır. Gedin yazın ki, Əhməd hələ də «07»sindən taksi kimi istifadə edir. Lazımdırsa, evimin ünvanını da verim».

Bəzi «VAZ 2107»lər isə tanınma nişanları olmadan taksi kimi fəaliyyət göstərməyə üstünlük verirlər. Sürücülər avtomobillərinə söykənib asta səslə «taksi», «taksi» deməklə yaxınlıqdakı insanlara xidmətlərini təklif edirlər. Elələri də var ki, avtomobillərini şəhərin küçə və məhəllələrində saxlayırlar. Müştəri tapandan sonra tanınma nişanını götürürlər. Bir sözlə, «VAZ 2107»-si olan taksi sürücüləri hökumətin qərarına əməl etməkdə maraqlı görünmürlər. Hətta qərara qarşı açıq-aşkar hörmətsizlik də göstərirlər.

Nəqliyyat Nazrliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, son qərarı nəqliyyat naziri Ziya Məmmədov verəcək: “Bu məsələ ilə bağlı bu gün nazirin qəbulunda olacam. Mən indidən bir söz demək istəmirəm. Son qərarı nazir verəcək və biz də ona əməl edəcəyik”.

RUSLAN

 






1 May, 2012  21:06 Baxılıb: 1721 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner