Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

“İŞİMİN ÇƏTİNLİYİ DƏ ŞİRİNDİR” – REPORTAJ - FOTOSESSİYA

Fotoaparatı və diktafonu götürüb, işinin vurğunu olan daha bir sadə peşə adamı ilə görüşməyə gedirik. Bu dəfəki rubrikanın qəhrəmanı dadlı kətələr bişirir. Zarafatçıl müsahibim səmimiyyəti və qayğıkeşliyi ilə sanki bizi ovsunlayır. 

Beş ilə yaxındır çörəkpulunu kətə bişirməklə çıxaran Bəsirə Şirəliyeva Bakının məşhur şirniyyat evlərinin birində çalışır. Deyir, hər kəs həkim, müəllim olsa, daha bu kətələri, qutabları kim bişirəcək?..
Bəsirə xala ilə söhbətdən məlum olur ki, o, musiqi təhsili almaq istəyirmiş. Musiqi məktəbini bitirsə də, bəzi səbəblərdən təhsilini davam etdirə bilməyib.
Bu işin peşəkarına çevrilən Bəsirə xalanın sözlərinə görə, hər adam dadlı qutab bişirə bilməz: “Əlinin duzu olmayan adam nə edirsə etsin qutab dadlı alınmayacaq. Əlinin dadı olanlarsa seçilir, onlar nə bişirsə gözəl olur”.
Xəmir yoğurub, kündə açmaq hər adam üçün asan iş deyil, bacarıq önəmlidir. Bəsirə xala kətə bişirməyin yollarından danışaraq bizi hazırladığı kətələrdən dadmağa dəvət edir. Xalanın hazırladığı kətələrdən yeyirik, çox dadlı alındığına əmin oluram. “Kətəylə aram yoxdur” - deyən fotomüxbir Əjdərsə kətələri yeyə-yeyə: “Əla, əla!” - deyib tərifləyir.

“Alıcılar bu kətələr üçün növbəyə düzülür”

“Təndirdə, sacın üstündə bişən kətələrin yerini heç nə vermir. Onların dadı fərqlidir” - deyə Bəsirə xala etiraf edir. Amma elektrik sacda bişirilənlər də yaxşı alınır: “Pis olsaydı, almazdılar. Alıcılar bu kətələr üçün növbəyə düzülür”.
Bəsirə xalanın daimi alıcıları çoxdur: “Ziyalı adamlar gəlir. Onların arasında həkimi var, naziri var. Hələ ki, bişirdiyimi bəyənməyən olmayıb. Əvvəlcə, birinin dadına baxırlar, sonra dördünü, beşini birdən alırlar”.
Bəsirə xalanın sözlərinə görə, müştərilərin narazılığı, əsasən, növbə üstündə olur: “Tələsdirənlər, gecikənlər olur. Bacardığım qədər sifarişləri tez çatdırmağa çalışıram”
Müsahibim bildirir ki, kətə bişirdiyi zaman təmizliyə riayət etmək başlıca şərtdir. Çünki: “Alıcılar necə işlədiyimizə baxırlar. Gərək adamın nəfsi çəksin ki, nəsə alsın. Təmizliyə diqqət etməsək heç kim hazırladığımızı yeməz. Bir dənə kətə atırıq bişir, o dəqiqə sacı silirik. Dırnaqlarda lak olmaz. Əlimizə də əlcək geyirik”.


“8-10 manata nə qədər kətə bişirərəm...”

Ətli kətənin biri 1 manata, pendirli kətə 90 qəpiyə, göy kətəsi isə 80 qəpiyədir. Ən çox alınan ətli kətələrdir. Müsahibim deyir ki, göy və pendirli kətələr də yaxşı satılır.
Bəsirə xala, 8-10 manat kətəyə xərcləyən adamalara heyfslənir. Deyir, bu pula un, göyərti alıb nə qədər kətə bişirmək olar. Bilənlər üçün çətin deyil, amma hər adamın səbri çatmır, həm də xeyli vaxt aparır. Ona görə də, kətə almağa gələnlər çoxdur. Bəsirə xala hər gün sayını bilmədiyi qədər çox kətə bişirir: “Çox sifariş olanda yorulursan, hamısını çatdırmaq lazımdır. Əsasən, günorta, bir də işdən çıxan vaxtlar alıcılar daha çox olur. Elə adam var 3-5, eləsi də var 10 dənə birdən alır”.
Bəsirə xalanın işini bəyənib onu xarici ölkələrdə işləməyə dəvət edənlər də olub, lakin razılaşmayıb: “Ailəvi mağazaya gələn müştəri, sən demə, kənarda oturub necə çalışdığımı izləyirmiş. Bir də gördüm gəlib deyir ki, bəs, xaricdə obyektim var, orda çalışmaq istəsəniz ünvanı verim. Sonra nömrə verdi, dedi ki, bircə aşbaz diplomu lazımdır, bütün xərclər mənlikdir. Qardaşım oğlu razılaşmadı. Amma sonradan maraqlandıq, ziyalı adam idi. Özü də, həyat yoldaşı da həkimdir”.


“Maaşımız əziyyətimizin qarşılığında çox azdır”

Ayda 187 manat maaş alan Bəsirə xalanın ailəsində üç nəfər işləsə də evin ehtiyaclarını tam ödəyə bilmədiyini söyləyir: “Aildə dörd nəfərik. Yoldaşım neçə ildir Rusiyaya qazanc dalınca gedib. İki-üç aydan bir pul yollayır. Qızım da işləyir. Oğlum Kamran hərbi xidmətdədir”.
Müsahibim işini çox sevir. Bunu hər kəlməsindən anlamaq olur: “İşimin çətinliyi də şirindir. Amma əziyyətimizin qarşılığında maaşımız çox azdır”.
Bununla belə alıcıların Bəsirə xalanın bişirdiyi kətələri bəyənməsi, onlardan eşitdiyi “çox sağol” kəlməsi belə, onu daha da yaxşı çalışmağa həvəsləndirir: “Mağazada kitabçamız var. Hərdən alıcılar ora təşəkkürlərini yazırlar. Halal olsun, deyirlər. Adama qiymət verəndə daha da ruhlanır”.

Beləcə zarafatlarından qalmayan Bəsirə xala ilə sağollaşıb redaksiyaya gəlirik. Yediyimiz kətələrin dadını hələ də unutmamışıq, yazımın qəhərmanının dediklərini də...
Əgər bircə xoş söz, bir az mehriban davranış insanı sevindirməyə yetirsə niyə də bunu etməkdən geri qalaq?..

Arifə Mikayılova
“SİMSAR” jurnalı






6 Aprel, 2012  18:26 Baxılıb: 2558 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner