Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

YENİ TİKİLİLƏR, DİVARLARI UÇMUŞ EVLƏR – İÇƏRİŞƏHƏRDƏN REPORTAJ-FOTOSESSİYA

“...ölüm ayağındadır indi. 
Biçarə şəhər,
İçəri şəhər... ”

Bu misralar “Gün keçdi” filmindən çoxumuza tanışdı. Film 1971-ci ildə çəkilsə də görünür İçərişəhər hələ o zaman da “yenilik”lərlə mübarizə aparırmış. Bəs İçərişəhərin vəziyyəti indi necədir?

Elə bu suala cavab tapmaq üçün İçərişəhərə yollanıram. “İçərişəhər” metrostansiyasının arxa tərəfindəki qapıdan qədim tarixə malik şəhərə daxil oluram. Qapının girişində antikvar əşyalar satılan mağaza yerləşsə də mənim diqqətimi tikilməkdə olan bina cəlb edir. Qədim tikililərin arasında özünə yer etməyə çalışan bu binanı geridə qoyub dar küçələrlə irəliləyirəm. Hər gün yağışdan sonrakı göbələklər kimi ortaya çıxan yeni tikililər və tikilməkdə olan binalar məni bir sual barədə düşündürür. Görəsən, İçərşəhərin sakinləri necə qarşılayır bu səs-küyü, yeni tikililəri?
Eldar bəy deyir ki, indi İçərişəhərdəki birmərtəbəli evləri 2-3 mərtəbəli evlər əvəzləməyə başlayıb: “Hazırda birmərtəbəli binaları söküb əvəzində üçmərtəbəli binalar tikirlər. İçərişəhəri hündür mərtəbəli binaların şəhərinə çevirirlər. Çətinlik yaradırlar, hər yerə şlaqbaum qoyublar. Korlanıb, yaxşıya doğru getmir heç bir şey”.
Həmsöhbətim onu da əlavə edir ki, yeni tikililər bəzi küçələri korlayır: “Bəzi tikililər küçələrin ərazisini daraldır. Burada yaşayanlar da etiraz etmir, millət çox passivdir. Bəzi yerlər var ki, əvvəl pilləkən idi, indi onu söküb yamac ediblər, qışda bu, problem yarada bilər”.

Həmsöhbətimlə sağollaşıb tarixin canlı şahidi olan evlərin arası ilə irləliyərm. Bəzən dağılmaqda olan taxta qapılar, bəzən də köhnə divarlarda quraşdırılmış yeni kondisionerlərlə ratlaşıram. Ərzaq dükanının yanında qarşılaşıdığım İçərişəhər sakini Yusif Əhmədovun fikirlərini öyrənməyə çalışıram. Altmış ildir İçərişəhərdə yaşadığını deyən Yusif Əhmədov da İçərişəhərdəki dəyişikliklərdən narazıdır: “Bura elə köhnəliyinə görə gəlib baxırlar. Bunlar azmış kimi səfirliklərin də binasını burada yerləşdiriblər. Guya şəhərdə yer yoxdur. Turist gəlib burada nəyə baxacaq? Yeni tikili turistin öz ölkəsində də var da”.
Y.Əhmədov yaxınlıqdakı binanı göstərib dedi ki, bu bina 1909-cu ildə tikilib, amma onu da sökəcəklər: “Baxın bu binanın üstünə yazılar ərəb əlifbası ilə yazılıb, özü də 1909-cu ildə tikilib, amma onu da söküb yerində başqa bina tikəcəklər”.

Tikinti səslərinin müşayiəti ilə yoluma davam edirəm. Yol boyu bir tərəfdə dağılıb tökülməkdə olan divarlar, digər tərəfdə isə hündür mərtəbəli, müasir formada inşa olunmuş binalar var. İçərişəhərin bu təzadlı yerində rastlaşdığım - bu təzadlara uyğunluğu olmayan orta yşlı bir qadın diqqətimi cəlb edir. Afaq xanıma yaxınlaşıb İçərişəhərdəki vəziyyətlə maraqlanırıq. Afaq xanım deyir ki, o, otuz ilə yaxındır burada yaşayır. Müsahibimiz İçərişəhərin bu qədər yenilənməyini isə heç istəmir: “Yeni tikililərin çoxalmasına qarşıyam. Amma köhnə arxitekturanı saxlamaq şərti ilə tarixi binaların bərpa olunmasına yaxşı baxıram. Əvvəllər burda pəncərələrdən dəniz görünürdü, indi yeni binaların ucbatından heç nə görünmür. Binaları bir-birinin içində tikirlər. İçərişəhər getdikcə köhnəliyini itirir”. Afaq xanımla da sağollaşanda dedi ki, İçərişəhərdə kimdən soruşsan hamı yeni tikililər barədə narazılıq edəcək.

Afaq xanımın dediklərini ürəyimdə götür-qoy edə-edə İçərişəhər səyahətini davam etdirirəm. Dolanbaca küçələr, bir-birinə oxşar yollar, demək olar ki, eyni üslubda tikilən qədim evlər arasında keçdikcə, bir növ insan sanki o dövrlərin ab-havasına düşür. Burda küçələr o qədər oxşardır ki, bəzən az öncə keçdiyin küçəni səhv salıb yenidən keçə bilərsən. Düşüncələrə qapılmağımız bizim də başımıza belə bir iş gətirdi.

Yol tapıb əyri-üyrü pilləklənlərlə çıxarkən uzaqdan gördüyüm yaşlı kişiyə yaxınlaşdım. Ağır addımlarla yeriyən, İçərişəhərin qədimliyinə öz hərəkətləri və davranışı ilə sanki bir ahəng qatan bu yaşlı kişiyə yolu itirmişəm bəhanəsi ilə yaxınlaşdım. Tezliklə ondan buranın sakini olduğunu öyrəndim. 40 ilə yaxındır İçərişəhərdə yaşadığını bildirən Elçin Hüseynov digər sakinlərlə həmfikir deyil. O deyir ki, əgər köhnə evlər sökülüb-tökülürsə onların yerində yeni bina ucaltmaqda pis heç nə yoxdur: “Bərpa da oluna bilər, amma xarabalığa dönübsə, söküb yenisini tikmək lazımdır. Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, bazar meydanı tarixi abidə kimi kifayət edir də!”

Söhbətimizə qulaq yoldaşı olan İçərişəhərin gənc sakini Rəfiqə İsmayılova ağsaqqala bəs şəhərimiz tarixi necə olsun, deyə sual verdi. O, şəhərin qədimliyinin qorunmasına tərəfdar olduğunu bildirdi:“Tarixi evlərin yanında yeni tikililərin tikilməsi düzgün deyil. Bizim yaşadığımız evin də yanında bir neçə mərtəbəli villa var. Məncə balaca evləri bərpa etmək lazımdır, nəinki yenisini tikmək”. R. İsmayılova onu da vurğuladı ki, onun 18 yaşı olsa da ailəsi burada çoxdan məskunlaşıb: “Mənim 18 yaşım var, amma nənəm, babam burada çoxdan yaşayır. Nənəm bura gəlin köçüb, babamın valideynləri isə əvvəldən burada yaşayıblar”.


Bir tərəfim yeni tikililər, müasir təmirli, kondisionerli evlər, digər tərəfim isə köhnə, divarları qaralmış, bəzisi isə uçulmaqda olan binalar. İçərişəhər səfərimdə gördüklərimi necə yazacağımı götür-qoy edə-edə bu qədim tarixə malik şəhərdən çıxıram.

Fatimə Kərimli






4 Aprel, 2012  18:07 Baxılıb: 2699 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner