Siyahıda radarlar, qanadlı raketlər və pilotsuz təyyarələr var
Azərbaycan İsraillə imzaladığı 1,6 milyard dollarlıq müqavilə çərçivəsində «Barak-8» raket sistemi, Green Pine radarı, gəmilərə qarşı «Gabriel-5» qanadlı raketləri və pilotsuz uçan aparatlar alıb
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SİPRİ) dünya ölkələrinin silah ixrac və idxalını əks etdirən hesabatını açıqlayıb. Simsar.az-ın SİPRİ-nin saytına istinadən verdiyi məlumata görə, hesabatda Azərbaycanla bağlı məlumatlar da yer alıb.
Hesabatda Azərbaycanın 2008-ci ildən başlayaraq İsraildən hərbi texnika aldığı qeyd olunub.
SİPRİ-nin sənədində yer alan məlumatlara görə, Azərbaycan İsraildən 2008-ci ildə 10, 2011-ci ildə 2 ədəd «Hermes-450» tipli pilotsuz uçuş aparatı (PUA), həmçinin Azərbaycanda yığılmaqla 10 ədəd «Aerostar» tipli PUA (2010-cu ildə) alıb. 2011-ci ildə tərəflər arasında imzalanmış və dəyəri 1,6 milyard ABŞ dolları təşkil edən müqavilə çərçivəsində Azərbaycana 1 ədəd «Barak-8» sistemi və 75 ədəd «Barak-8» raketi, 1 ədəd EL/M-2080 Green Pine radarı, gəmilərə qarşı açıqlanmayan sayda «Gabriel-5» qanadlı raketi, 5 ədəd «Heron» tipli, 5 ədəd «Searcher» tipli PUA satılıb.
Cənubi Afrika Respublikası (CAR) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 2009-2011-ci illərdə 25 ədəd «Matador» və 25 ədəd «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin yığımı həyata keçirilib. 2011-ci ildə isə 30 ədəd «Matador» və 30 ədəd «Marauder»in yığımına başlanıb.
Bu çərçivədə 2009-2010-cu illərdə «Matador» və «Marauder» tipli zirehli nəqliyyat vasitələri üçün ABŞ-dan 50 ədəd «Cummins-6V», 2011-ci ildə isə 60 ədəd «Cummins-6V» dizel mühərriki alınıb.
Türkiyə ilə imzalanmış və dəyəri 30 milyon dollar təşkil edən müqavilə çərçivəsində bu ölkədən 2010-2011-ci illərdə 60 ədəd «Cobra» tipli zirehli personal daşıyıcı, həmçinin ROKETSAN şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 2011-ci ildə 30 ədəd 107 mm-lik özüyeriyən reaktiv atəş kompleksi alınıb.
Bundan başqa, Rusiyadan 2010-cu ildə 2 divizion, 2011-ci ildə isə 1 divizion S-300 PMU «Favorit» zenit-raket kompleksi, 2010-cu ildə bu kompleks üçün 75 ədəd, 2011-ci ildə 37 ədəd 48N6E2/SA-10E raketi alınıb. 2010-cu ildə Rusiya ilə 24 ədəd Mi-35M tipli helikopterin və 60 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopterin satın alınmasına dair müqavilə bağlanıb. Müqavilə çərçivəsində ötən il 4 ədəd Mi-35 və 23 ədəd Mi-8MT/Mi-17/Hip-H tipli helikopter ölkəyə gətirilib.
Azərbaycanın bundan başqa, 2011-ci ildə Ukraynadan R-2 tipli tank əleyhinə raket aldığı hesabatda qeyd edilib.
DİGƏR XƏBƏRLƏR