Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TUT AĞACI – (hekayə)

Tut ağacı boyunca,
Tut da yedik doyunca...

Məhləmizin bütün uşaqları bir yerə yığışar, müxtəlif oyunlar oynardılar. Ən çox gizlən-qaç, qovala-qaç. Bu oyunları təşkil edənlər əsasən, bizdən yaşca böyük qızlar olardı... 
Uşaqkən bu qızları çox sevərdim. Hər dəfə onlardan birinə vurulardım...
Məhləmizin bu gözəl qızlarından hansı bir dəfə məni əzizləsə, öpüb oxşasa vəssalam... Gündə min xəyal qurardım. Bir azca tez böyüsəydim bu qızı alardım arzusu ilə yaşardım... Amma, böyümürdüm ki, böyümürdüm. Düşünməzdim ki, vaxt keçəcək xəyallarımı süsləyən bu gözəllər də göyərçin kimi bir-bir uçub gedəcək, məhləmizi tərk edəcəklər...
Uşaqlıq illərimin bir-birindən fərqli, gözəl xatirələri var... Qayğısız, dərddən-sərdən uzaqda öz dünyalarında böyüyən biz balacalar üçün bəzən adi bir hadisə o qədər sevincli idi ki...O vaxtlar təkcə uşaqlar üçün yox, böyüklər üçün də xoş günlər idi. Məhləmizin sakinləri yaşından asılı olmayaraq hər gün bir yerə toplaşar, yaşlı qadınlar söhbətləşər, cavanlar əsgərlikdən danışar, orta yaşlı kişilər nərd, domino oynayardı. Çay içən, çörək yeyən - hamı qarışardı bir-birinə. Həyətimizdə, evimizin qabağında qoca bir tut ağacı vardı. O qədər yoğun idi ki, üç uşaq əl-ələ yapışsa da gövdəsini qucaqlaya bilməzdik. Kənddə ondan hündür ağac yox idi...
Bütün uşaqlığımız bu tut ağacı ilə bağlı idi. O, yalnız həyətimizin deyil, bizim uşaqlıq xatirələrimizin də mərkəzində idi. Xatirələrimizi onsuz təsəvvür etmək olmaz. Onun kölgəsində o qədər xoş günlərimizi itirdik ki... Bəlkə də tək biz, o dövrdəki uşaqlar yox, bütün məhəllə sakinləri...

Elə arzulardım ki, tutun yetişməsini...
Onda məhəllədəki qadınlar və qızlar üçün qəhrəmana çevrilərdim. Qızlar yalvar-yapışla, öpüb-oxşamaqla məni çıxarardılar tut ağacına. Elə tut çırpmağa başlayardım ki, məhəlləmizin qadınları – Sona xala, Qönçə xala, Səmoş xala, Fatma bibi, Nazilə, Zemfira, Şərəbanu xala əllərinə nimçə, boşqab götürən özünü yetirərdi. Qızlar əllərində tutduqları yelənlə tutun başına dörd dolanardılar ki, yerə tökülüb xarab olmasın. Qəhrəman kimi budaqan-budağa keçib, xeyli tut çırpardım... Tut da tut idi. O qədər gətirərdi ki, yemək, pay etmək bir tərəfə, qurudub kisələrə yığar, qışboyu yeyərdik. Xarabları da heyvanların, toyuq-cücənin qismətinə yazılmışdı...
...Hər şey 90-cı illərdə başladı... Öncə qaz, sonra işıq kəsildi. Arxasınca aclıq, səfalət... Sonra da üzümüzdən gülüş, təbəssüm, sevinc kəsildi...
Kömürümüz də bitdi, odun-ocağımız da... Amma hələ də ümidimiz bitməmişdi. Az da olsa hər şeyin yaxşı olacağına inamımız qalmışdı...
92-ci ildə uzun düşüncədən sonra atam belə qərara gəldi ki, bu qışı soyuqda qalmamaq üçün tutu kəsək. Həm qocadır, həm də bir neçə il odunundan istifadə edə biləcəyik...
Uzun müzakirələrdən sonra qərar rəsmiləşdi. Çoxları yaş tutu kəsməzlər desə də, başqa çıxış yolu yox idi. Əslində yaş ağacı kəsməzlər, deyənlərin özləri də həyətlərindəki yaş ağacları kəsməyə başlamışdı... Yaş tutu kəsməzlər, bədbəxtçilik gətirər sözünün yeri qalmamışdı. Çünki həyətlərdən gündə bir yaş, yaşıl ağac yox olurdu...
...Bir bazar günü məhləmizin cəngavər cavanları, bütün qohumlar toplaşıb bizim sevimli qocamızı, uşaqlıq xatirələrimizin ünvanını kəsməyə başladılar. Öncə qol budaqlarını doğradılar. Hər dəfə bu qocaya balta dəyəndə qulaqlarıma bağırtı, inilti gəldi. Bəlkə də bu səs, təkcə mənim yox, təəccüblə quruyub qalan bütün uşaqların qulağında səslənmişdi. Artıq, gələn il tut mövsümünü gözləməyəcəm, nəinki gələn il bəlkə bütün ömrüm boyu...
Şaqqıltı ilə ağacın budaqları qopanda sanki yerə yox, mənim üstümə tökülürdü və bu odun parçaları qışda sobada çırtıltı ilə yanmaq əvəzinə mənim ürəyimdə od qalamışdı. Kəsilən, qol budağı doğranan tut deyil, mənim arzularım, sevgim, uşaqlıq xatirələrim idi. Və bunu da o tutu kəsənlərin heç biri bilmirdi. Gözlərim qarşısında təkcə sahilsiz dəniztək qalan xəyallarım deyil, məhlə qızlarının ağzındakı şirinlik, üzlərindəki gülüş də kəsilirdi... Və bunun qarşısını heç cür almaq mümkün deyildi. Daha mən qəhrəman deyildim və heç zaman da olmayacaqdım...
...Nəhayət, günortaya qədər ağacın qol-budaqları doğrandı. Bir tikə yemək yedikdən sonra uzun bir mişar tapıb gətirdilər. Və ağacı gövdədən kəsməyə başladılar. Hər dəfə mişar gedib-gəldikcə sanki ürəyimdəki tellər bir-bir, xırçıltı ilə kəsilirdi. Növbə ilə mişar çəkənlər nə inilti, nə də sızıltı səsini eşidirdilər.
Ağac qan-yaş tökürdü... Bu qədər sulu ağac kəsmədiklərini söyləyirdilər, cəngavərlər. Onlar hardan biləydilər ki, bu qoca dostumuz cansız deyil, məni kəsməyin deyə ağlayır, hələ ölməmişəm, canım var, qıymayın, deyə yalvarır. Göz yaşları mişarı, onun boğazını kəsənlərin əlini isladır...
...Ağacın kəsilib qurtarmağına, sevincli xatirələrimizin tarixə qovuşmasına az qalırdı. Birdən, ipi dartın indicə yıxılacaq deyə kimsə qışqırdı. Möhkəm bir bağırtı qopdu, sonra şaqqıltı və gumbultu səsi gəldi... Bununla da böyük bir tarix yıxıldı... Hardansa bir bəd dua eşidildi...
- Vay dədə, səsi gəldi. - Kimsə altında qaldı, deyə çığırıb səs gələn tərəfə qaçdılar...
Yox, altında heç kəs qalmamışdı, bəs bu səs hardan gəldi?
Yox. Heç kəs bilməyəcəkdi ki, yıxılan qoca tarix son nəfəsdə bağırmışdı...

Beləcə, uşaqlığımızın ən gözəl xatirəsi gözlərimiz qarşısında meyid kimi uzanmışdı. Hamı deyir gülür, sevinclə bir-birini təbrik edir, onun üstünə çıxırdı. Mənsə qan ağlayırdım, öz uşaqlıq dostumun meyidi başında...
Görəsən, doğurdanmı, bəd dua elədi, deyə hərdən öz-özümə sual edirdim...
Qısa bir vaxtda ağac doğrandı, günün altında qurudulub, dama yığıldı. Sentyabr ayı bəd xəbər gəldi. Babam infarkt keçirmişdi. Cəmi üç gün yaşadı...
Odunların bir qismi onun yasına işləndi. Aradan bir neçə ay sonra böyük qardaşım xəstələndi. Babamın ölümündən bir il keçmədi ki, qardaşım böyrək çürüməsi diaqnozu ilə xəstəxanada həyatla vidalaşdı.
Bundan sonra üzümüzdəki gülüş də, sevincimiz də yoxa çıxdı. Beləcə, uşaqlıq xəyallarımızla yanaşı, məhləmizdəki yaşlı və cavan nəslin bəzi nümayəndələri də bizi tərk edərək tut ağacının arxasınca yoxa çıxmağa başladılar...
Aclıq, səfillik bir tərəfə, mehribanlığımız, sevgimiz, birliyimiz də elə o tut ağacı kimi kəsildi. Tut ağacının odunlarından qaladığımız ocağın odu söndü, külü göyə sovruldu, tüstüsü göz çıxrtdı...
Qoca nənəmlə yanaşı məhləmizin mehriban nənələri – Sona xala, Hüsniyyə xala, Siddiqə, Zemfira atam və əmimlə yanaşı məhləmizin cavanları – Zahid əmi, Munis, Yunis, Səlahəddin, Hüsaməddin, Əsgər müəllim, Rza müəllim bizi tərk edərək çıxıb getmişdilər. Sanki, tut ağacı ilə bərabər sevdiklərimiz də bir-bir yoxa çıxırdı. Kimisi məhlədən, kimisi də dünyadan köçürdü...
Tut ağacının kəsilməyindən uzun illər keçsə də, bir gün böyük şəhərlərdən birində məndən yaşca böyük o gözəl məhlə qızlarımızdan biri ilə rastlaşdım. Əslində, mən onu tanımışdım. Elə bil o tutun altında gördüyüm qız idi. Heç dəyişməmişdi. Amma o da məni tanıdı. Hal-əhval edib, yaxınlıqdakı ailəvi restoranda bir çay içdik. Xeyli söhbət etdik. Ətraflı bir-birimizdən kəndimizi, məhləmizi o gözəl günlərimizi xəbər aldıq. Bu vaxt bir musiqi səsi eşidildi...
“Tut ağacı, tut ağacı,
Tut ağacı aman yerim”.
– Yadındadı, həyətinizdəki tut ağacı, soruşdu.
– Hə, yadımdadı.
– Onun kəsilməyi də?
– Hə... Elə hər şey də o tut ağacı ilə getdi. Sevincimiz də, xatirələrimiz də o tut ağacının kölgəsində qaldı... Bəlkə də bütün bədbəxtliyin səbəbkarı o tut ağacının kəsilməsi idi. Yoxsa tut ağacı doğrudan da bizə bəd dua eləmişdi?..










4 Yanvar, 2012  20:58 Baxılıb: 2902 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner