Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

TANIDIM, GÜLSATAN OĞLAN...

Ən zövqlü gül dəstəsini kişilər hazırlayır 

Gül dükanına girər-girməz çiçəklərin qoxusu və rəngarənglik adamın əhvalını dəyişir. Yəqin, çoxları burdan gül buketləri ilə bərabər, müsbət enerji ilə ayrılıblar. Rəşid Behbudov adına Mahnı Teatrının yanında fəaliyyət göstərən bu balaca dükan şəhər sakinlərinə çoxdan tanışdır. Teatrın təşəbbüsü ilə 1993-cü ildən açılan mağazada qızılgül, qərənfil, lilya, xrizantema, qerber və başqa çiçəklərlə yanaşı, dibçək gülləri də satılır.

Güllərə qulluq etmək, buketlər hazırlamaq burda çalışan Vüqar Nağıyev üçün artıq həyat trəzinə çevrilib. Müsahibim işlədiyi səkkiz ildə uzaqbaşı iki dəfə evə gül apardığını söyləyir: “Burda o qədər gül görürəm ki, evə aparmağa həvəsim olmur. Amma onlara öyrəşmişəm. İşə gəlməyəndə darıxıram”. Təbəssümlə: “Bu işin öhtəsindən yalnız kişilər gələ bilər” - deyir: “Tikanlardan təmizlənməmiş 21 qızılgülü əldə saxlamaq xanım işi deyil. Adamın barmaqları keyiyir. Bəlkə buna görədir, bu işdə həmişə kişilər olub və ən zövqlü gül dəstələrini də məhz onlar düzəldirlər”. V. Nağıyev üçün bu peşəni öyrənmək o qədər də çətin olmayıb: “Gülçülük elədir ki, bir-birmizin əlinə baxıb götürürük. Mən də burdakı ustalardan öyənmişəm”.
Söhbətimizə gül mağazasının mühasibi Zeynal dayı da qatılır. Deyir ki, hər şey kənardan daha asan görünür, amma əslində heç də belə deyil: “Yeddi ildir bu usataların yanındayam. Adicə buketi də bağlaya bilmirəm. Demək, əsas məsələ əl qabiliyyətinin olmasıdır, bu varsa peşəyə yiyələnmək çətin olmayacaq”.

Ən ucuz gül – qərənfil...

V.Nağıyev sifarişləri hazırlayarkən öz fantaziyasından yararlanır. Bəzən müştəri sifariş etdiyi gül dəstəsini öz istəyinə uyğun düzəltdirir, bəzənsə gülçülərin zövqünə və fantaziyasına güvənərək onların öhdəsinə verir. Teatrda tamaşalar, konsertlər olanda, imkana görə müxtəlif buketlər sifariş edirlər. Gül alanların əksəriyyəti cavanlardır. Çox vaxt yalnız qızılgülə üstünlük verilir. Buket bağlatdıranlar, əsasən, orta yaşlı adamlar olur. Çiçəklərdən ən çox satılanı qızılgüldür. Bir də mövsüm gülləri alınır. Dükanda ən ucuz çiçək qərənfildir – biri 40, 50 qəpiyə... V.Nağıyev 20 yanvar hadisələrindən sonra qərənfilə münasibətin dəyişdiyini bildirir: “Başqa güllərlə müqayisədə müxtəlif növü olan qərənfilin çox gözəl ətri var. Amma onu yalnız qəbir üstünə gedənlər alır. Maya dəyəri də ucuzdur”. Satış üçün güllər, əsasən, xarici ölkələrdən - Türkiyə, Ekvador, Litva, İran, Çin, Hollandiyadan gətirlir. Gül becərmək baha başa gəldiyindən bu sahə Azərbaycanda yaxşı inkişaf etməyib: “Ona görə, burda gülçülüyə maraq yoxdur. Xarici ölkədən gətirilənləri satmaq daha sərfəlidir. Öklədə becərilənlər keyfiyyətli olmur, yəqin becərmə üsulundan asılıdır”.

“Nənən Hollandiyada qalır?”

Müsahibim deyir ki, gülün ömrü ona göstərilən qayğıdan asılıdır. Yaxşı baxılarsa, üç günə solan qızılgülü, təravətini itirmədən üç həftədən çox saxlamaq olar. Dərmanlardan və suya qənd atmaq kimi üsullardan istifadənin faydası yoxdur: “Əvvəlcə, gülün kötüklərini çəpinə kəsirik ki, su ala bilsin. Həm də onun tikanlarını, solmuş yarpaqlarını təmizləmək lazımdır. Sonra hamısını sıx yığıb qəzetə bükürük. Onu açıb evə qoyanda iki gündən sonra solacaq. Həmin proses təkrarlanarsa, bir günə əvvəlki vəziyyətinə qayıdar. Bu zaman rəngi dəyişməyə başlayacaq. İndi danışıram, amma onların nazıyla necə oynadığımı görəsiz”. Gül satmaq asan iş deyil. Burda günboyu müxtəlif xaraketerli adamlarla rastlaşırsan: “Bəzən elələri gəlir ki, danışıq qabiliyyəti olmur, özünü apara bilmir. Qızılgüllərin qiymətini soruşur, deyir, bunlardan nənəmin həyətində doludur. Bu zaman az qalırsan sual verəsən ki, sənin nənən Hollandiyada qalır? Ümumiyyətlə, kobud adamın gülə münasibəti necə olacaq ki?.. Bəziləri qızılgül sifariş edir, sonra soruşur ki, bəs roza hansıdır?” V.Nağıyevin sözlərinə görə, ən şıltaq alıcılar xanımlardır: “Gah biz hazırladığımızı, gah da öz istəyi ilə düzəltdiyimizi bəyənmirlər, halbuki, istədikləri forma o qədər də gözəl deyil. Hamını səbrlə yola salmaq bizim işimizdir”.
Budur, dükana alıcılar gəlir, 70 manatlıq gül buketi sifariş edirlər. Gül dəstəsini bağlamaqda isə “siz necə məsləhət bilirsiz, elə də hazırlayın” – deyib, gülçünün öhdəsinə buraxırlar. Bu zaman gülçünün çiçəklərlə rəftarı diqqətimizdən yayınmır. Onları bir-bir, çox səliqə ilə əlinə alıb, gözəl bir gül dəstəsi bağlayır. Həqiqət və Amalya xanım da gülçünün hazıladığı buketi bəyənir. Onlar bura tez-tez gələn alıcılardandır: “Pedoqoji universitetin müəllimləriyik, iş yerimizə yaxın olduğu üçün bura bizim gül dükünımıza çevrilib. Tələbələr, müəllimlər hamısı lazım olanda burdan gül alır”.

“Gözəlliyi sadəlikdədir”

Gülü kimə təqdim edəcəyindən asılı olaraq buketlərin tərzi də bir-birindən fərqlənməlidir. Məsələn, gülü sevdiyinə bağışlayanlar, əsasən, qırmızı rəngdən istifadə edirlər: “Ola bilər ki, dostunun yoldaşına bağışlayasan, təbii ki, bu zaman qırmızı rəng uyğun gəlməz. Həmin gül dəstələrinin bağlanma modeli də başqa olacaq, istifadə etdiyimiz rənglər də. Dostalara, valideynlərə, yaxın qohumalara bağışlanan buketlərdə isə hansı güldən və hansı rəngdən istifadənin fərqi yoxdu. Məsələn, oğlan qız dostuna hədiyyə edəcəyi gül dəstəsinin formasını özü seçir”. Buketləri 10-15 dəqiəqəyə hazır etmək olur. Bu güllərin sayından asılıdır: “Tələsənlər üçün tez bağlayırıq ki, bu da qəşəng alınmır. Adi vaxtda 51 güldən 10-15 dəqiqəyə, 5 güldən isə 5 dəqiqəyə buket hazırlayırıq”. V.Nağıyev vaxt olanda fantaziyasından istifadə edib, daha gözəl buketlər bağlayır: “Xüsusən, hədiyyə aparanda dəqiqliklə işləyirəm. 10 dəqiqəlik buketi yarım saata hazırlayıram”. Güllər müxtəlif qiymətlərə satılır. Məsələn, qızılgülün növündən asılı olaraq qiyməti 2-4 manat arasında dəyişir. Mövsümündə yasəməni 2 manata almaq olur. Əlavə materiallardan istifadə olunduğu üçün gül dəstəsini bağlatdırmaq bir qədər baha başa gəlir.
Çiçəklərin buket halında hədiyyə edilməsi mütləq deyil, söyləyir müsahibim: “Adam var, qonaq gedəndə də sadə aparır. Çünki gözəlliyi elə sadəlikdədir”.

Arifə Mikayılova (“Simsar” jurnalı)

 






30 Dekabr, 2011  14:57 Baxılıb: 2814 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner