Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

YENİ İL ŞƏNLİYİ... QİYMƏTLƏR NECƏDİR?

Bir gecəlik bayram Azərbaycan ailəsinin 3 aylıq maaşına bərabərdi 

Ölkədə “Yeni il” bayramını təmtəraqlı şəkildə qeyd etmək istəyən çoxdur. İl boyu zəhmət çəkib pul qazanan əksər ailələr bu bayramı maraqlı və yaddaqalan şəkildə keçirmək üçün müxtəlif məkanlara gedib, ortabab süfrə açmağı planlaşdırırlar. Söhbət bayram günü xarici ölkəyə ediləcək turist səfərlərindən getmir. Onsuz da, ölkəmizdə yeni ili xaricdə qeyd edənlərin sayı barmaqla sayılacaq qədər azdır. Bir balaca imkanı olanlar ən yaxşı halda qışda Gürcüstana, yayda isə Türkiyəyə üz tuturlar.

Bu gün ölkədə əhalinin böyük əksəriyyəti bayramı ürəyi istədiyi kimi keçirə bilmir. Əslində, bayram keçiriləsi ünvanlar kifayət qədərdir. Bakıda da saysız-hesabsız retoran var. Gəl ki, qiymətlər əhalinin cibinə uyğun deyil.

Restoranlarda qiymətlər çox yüksəkdir

Hələ bayrama bir ay qalmış telekanallarda restoranların reklamları nümayiş etdirilir. Yeni ildə unudulmaz gecə vəd edən restoranlar bir-birindən məşhur müğənniləri, klonları dəvət edir. Şaxta baba və qar qız da öz yerində...
Yeni ilin simvolu Şaxta baba son illər nədənsə uşaqlara pulsuz hədiyyə də paylamır. Məsələn, restoranlar uşaqlar üçün təşkil etdiyi Yeni il şənliyində iştirak edən hər bir balacaya bilet satırlar. Biletlərin qiyməti 25- 50 manat arası dəyişir. Özü də yemək-içməksiz. Burada yalnız şou göstərilir.

Telekanallardakı reklamlardan belə nəticəyə gəlmək olur ki, ən ucuz bileti «Buta Palace» təklif edir. Burada şounu kənar zaldan tamaşa etmək də mümkündür. 50 manatlıq bileti olan uşaqlar isə şouda şəxsən iştirak edəcəklər.

“Grand Hotel Europe” da (“Avropa” mehmanxanası) isə adi biletin qiyməti 199, VİP biletlər isə 299 manatdır. Otel şou ilə yanaşı, yemək, idman və SPA mərkəzlərindən istifadə də təklif edir.

“Diamond Klub”da 2012-ci İli qarşılamaq üçün 60 -100 manat arası xərc tələb olunur.
“Landmark”da “Yeni il” biletlərinin qiyməti150, “Monolit Plaza” da isə 100-150 manata satılır.

Nisbətən kiçik restoranlar da bayrama ciddi hazırlaşır. Bəziləri hətta xüsusi adamlar tərəfindən bağlatdırılıb. Yəni Yeni ildə kənardan heç kəsi dəvət etməyəcəklər.

Restoran sahibləri deyəsən, hər kəsi özləri kimi imkanlı bilirlər

Sosioloq Rafiq Təmrazovun sözlərinə görə, burada diqqət çəkən əsas məsələ süni şəkildə qiymətlərin artırılmasıdır: «Bayram şənliyində iştirak etmək üçün adambaşına 100-150 manat təklif edən restoran sahibləri deyəsən, hər kəsi özləri kimi imkanlı bilirlər. Toyda hər cür naz-nemət olduğu halda masa 25-50 manat arasında dəyişdiyi halda, Yeni il gecəsindən biletlərin 100 manatdan yuxarı satılmasını başa düşmək çətindir. Axı restoran, otel və ya əyləncə mərkəzlərinin bu zaman xərci daha çox müğənni və aktyorlara çıxır. Yemək-içmək olmur, xidmətçilər olmur. Uzaqbaşı hər uşağa bir şokalat və bir şar verəcəklər. Yeni il gecəsində hər restorana 100 nəfər gəlsə və onların hərəsindən aşağı hesabla 100 manat alınsa, bu, 10 min manat pul edir. Azərbaycan reallığında bu böyük məbləğdir. Mən bizim estrada müğənnilərimizi də qınayıram. Onlar əhalinin təlabatından sui-istifadə edərək bayram günləri qiymətləri qaldırırlar. Bəziləri saatı 3, 5, 10 min manata oxuyur. Gülməlidir, fonoqramma ilə oxumaqları bəs deyil, hələ bir qiymət də oxuyurlar. Şəxsən mən yeni ili öz ailəmlə evimdə keçirəcəm. Günüz isə Dənizkənarı Parka səfər edəcəyik».

Bir gecəlik bayram Azərbaycan ailəsinin 3 aylıq maaşına bərabərdi

İqtisadçı Azər Mehtiyev isə diqqəti bazardakı qiymət artımına yönəltdi və bildirdi ki, qalxan qiymətlərin bayramdan sonra düşmə ehtimalı azdır: «Bizi İqtisadi Tədqiqatlar Mərkəzinin apardığı müşahidələrə görə, Yeni ilə görə bazarda bəzi məhsulların qiymətlərində 1 manata qədər artım var. Bura qoz ləpəsi, fındıq, şabalıd, kişmiş, xurma, ərik qurusu, alma, armud, portağal, kartof, pomidor, xiyar daxildir. Bayram günlərində Bakı şəhərində məhsulların qiymətinin qalxması artıq ənənə halını alıb. Hesablamalarımıza görə, ailənin bayram büdcəsi təxminən 450 manat təşkil edir. Yəni normal bayram keçirmək istəyirsənsə, 450 manatı bəri başdan hazırlamalısan. Bayramı hansısa əyləncə mərkəzində keçirmək üçün daha 400 manat tapmalısan. Ümumilikdə bu 900 manata yaxın pul edir. 900 manat isə ortabab Azərbaycan ailəsinin 3 aylıq maaşına bərabərdi».

Vağzallarda sərnişin sıxlığı olacaq

Bayramı bölgələrdə keçirməyə tələsənlər də az deyil. Artıq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, sərnişin sıxlığını azaltmaq üçün rdekabrın 29-30-da və yanvarın 2-3-də relslərə əlavə qatar buraxılacaq: “Bakı-Böyük Kəsik-Bakı və Bakı-Mingəçevir-Bakı «Ekspress» qatarları və sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20-30 əlavə vaqon qoşulacaq.

Bundan başqa, dekabrın 29-da və yanvarın 2-də Bakı-Tbilisi-Bakı turist qatarı da relslərə buraxılacaq. Bu da son illər bayramda Gürcüstana gedənlərin sayının artması ilə bağlıdır. Ancaq yalnız Gürcüstana yox... Artıq bir aydır hər yerdə yeni il qabağı xarici turların elanı gedir. Məsələn, elanların birində bayramı Praqada qarşılamaq istəyənlərə orta əsr ab-havası vəd olunur. Qonaqları şam və məşəllərlə işıqlandırılan daş zalda bayram yeməyi və şou gözləyir: qılıncoynadanlar, rəqqasələr, fokusçular, dərvişlər, falçılar, canlı orta əsr musiqisi də öz yerində. Bir adamlıq bu cür istirahət 510 manata başa gəlir. Amma aviauçuş və viza həmin qiymətə daxil deyil.

Dubay, Fransa, İtaliya və Avropa ölkələri

Azərbaycanlılar bayramı Dubayda, Avropa ölkələrindən Fransada, İtaliyada qarşılamağa daha çox üstünlük verirlər. Bunu, “Free Style Safari” turizm şirkətinin əməkdaşı Fidan Bağırova deyir. Onun sözləriə görə, azərbaycanlılar Dubaya getməyə ona görə üstünlük verirlər ki, viza məsələsi tez həll olunur. Paketə bunlar daxildir: ikinəfərlik nömrədə qalmaq, səhər yeməyi, «2012 Karnaval gecəsi»nə biletlər, populyar estrada qruplarının musiqili şousu, Yeni il yeməyi, əyləncəli şou, uşaqlar üçün klounlar və hədiyyələr və sairə və ilaxır... Qiymətlərə gəlincə, təxminən bir nəfərlik 5-6 günlük tur 737 manatdan başlayır. Otellərə görə qiymətlər dəyişə də bilər.

Fidan Bağırovanın dediyinə görə, azərbaycanlılar Avropa ölkələrindən Fransaya daha çox üstünlük verirlər. Bura bir həftəlik səfər təxminən 1000 manatdan başlayır. Amma Azərbaycanın iki addımlığında yerləşən, və turistlərin dil problemi yaşamadığı Türkiyəyə tələsənlər azdır:
«Türkiyəyə əsasən yayda gedirlər. Yeni ildə azdır, amma var. Bəlkə də bayram təntənəli keçmir, o üzdən».

Yeni il münasibəti ilə yarmarkalar keçiriləcək

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyətli dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil edəcək.
Simsar.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, yarmarkalar 28-31 dekabr tarixlərində aşağıdakı ünvanlarda təşkil olunacaq:

Binəqədi rayonu

- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyin həyəti
- Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yanındakı sahə
Xətai rayonu
- Bakı kinoteatrının yanı
- Məhəmməd Hadi küçəsi, Əhmədli metrosunun çıxışı
Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi
- Keşlə bazarının ərazisi
Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi
- 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi

Nizami rayonu
- "8-ci km" bazarının ərazisi
- Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, dəmiryol vağzalının yanı
Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı
Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2
- Qaraçuxur qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı
Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı












26 Dekabr, 2011  20:19 Baxılıb: 28218 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner