Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

KUKLA KİMİ

İndiki uşaqları təəccübləndirmək olmur

Dəcəllik edir, teatrın foyesində qaçışırlar. Saat 12:00-da hər kəs tamaşa zalına dəvət olunur. Gah ağlayan, gah da atılıb-düşən balacaların səs-küyü zala yayılır. Fotomüxbirlə birgə Azərbaycan Dövlət Kukla Teatrındayıq. Rejissor Namiq Ağayevin əsəri əsasında səhnəyə qoyulan "Quşcuğaz" tamaşasına kimisi valideynləri, kimisi də bağça müəllimi ilə gəlib. Musiqi səslənib, pərdələr açılanda hər kəsin diqqəti səhnəyə yönəlir. Hətta ağlayan uşaq da bu zaman ovunur...
Balacaların şıltaqlığını izləmək çox gözəldir. Simalarındakı təəccübdən də hiss olunur ki, nağıllar aləmindədirlər. Onların zaldan aktyorlara müraciəti, replikaları tamaşanı daha da canlandırır və maraqlı edir.

Bəs bu tamaşalar necə ərsəyə gəlir?

Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin fikrincə, tamaşanın hazırlanması üçün ilk növbədə peşəkar rejissor tələb olunur: “Daim mövzular içində yaşayan rejissorlar, eyni nağıla müxtəlif cür quruluş verə bilərlər. Bu, onların yanaşmasından asılıdır”. Səhnə tərtibatında, presonajların görünüşündə rəssam əməyi ilə yanaşı, rejissor təxəyyülü də gərəklidir. R.Əlizadə bildirir ki, rejissor peşəkardırsa obrazları necə təqdim edəcəyini özü müəyyənləşdirir: “Ona necə div, necə cırtdan lazım olduğunu rəssama anladır. Musiqi seçimi isə tamaşanın məzmunundan asılıdır. Hər bir personaja uyğun xarekter və mühit olmalıdır. Məsələn, div gələndə elə bir musiqi səsləndirilməlidir ki, təqdim olunan situasiya yerinə düşsün”. Kukla teatrında xalq oyunları, nağıllar, dastanlar, dünya klassikləri və müasir dramaturqların əsərləri əsasında tamaşalar səhnələşdirilir. Bura üç yaşından 15 yaşına qədər uşaqlar gəlir. Axşamlar böyüklər üçün də tamaşalar təşkil olunur. Biletlərin qiyməti 2 manatdır.


İndiki uşaqların nağıllar aləmi

“İndiki uşaqları təəccübləndirmək olmur. Müasir dövrdə uşaqlar üçün tamaşa hazırlamaq keçmişdəkindən çətindir” - deyir rejissor: “Əvvəl balacaları yalnız teatrlara, hərdən də kinoya aparırdılar. İndi isə uşaqlar bütün günü cizgi filmləri göstərən kanallara baxır, internetdən istifadə edirlər. Buna görə tamaşaları daha maraqlı etmək lazımdır ki, uşaqların diqqətini çəksin və onlar tamaşaboyu darıxmasınlar”. Kiçik yaşlarından uşaqları teatra cəlb etməyin vacibliyindən danışan R.Əlizadə, azyaşlıların tərbiyəsində tamaşaların əhəmiyyətli olduğunu vurğulayır. Rejissor deyir ki, məqsəd sadəcə əyləndirmək deyil. Uşaqlar tamaşadan nəticə çıxarmalı, onlara gözəl cəhətlər - zəhmətə həvəs, vətənpərvərlik və mərdlik aşılanmalıdır: “Məsələn, cırtdan obrazı ilə balacalara ağıl və cəsarət sayəsində divin öhdəsindən gəlməyin mümkün olduğunu çatdırırıq. Digər tərəfdən, uşaqların doğma dillə tanışlığı yenicə başlanır, onlara dili düzgün öyrətmək, sevdirmək lazımdır. Teatr balacaların estetik tərbiyəsində də rol oynayır. Səhnə gözəl və rəngarəng olmalıdır ki, uşaqlarda incə zövq də formalaşsın”.


“Bura kuklaların otağıdır”

Kuklaların hazırlanma prosesi ilə tanış olmaq üçün kukla sexlərini gəzirik. R.Əlizadə əvvəlcə bizi tamaşalarda istifadə olunan kuklaların saxlandığı sexlə tanış edir: “Bura kuklaların otağıdır. Tamaşalarda bunlardan istifadə olunur”. Sexdə marionet, parket, boy kuklalar sırasında Məşədi İbad, Göycək Fatma, Cırtdan və başqa personajlara rast gəlmək olar. Sonra kuklaların hazırlandığı digər sexə keçirik. Personajlara çevriləcək yarımçıq işlər hələ çoxdur. Heykəltaraş Emin Əbdülrəhimov obrazları rəssamın eskizləri əsasında hazırladığını bildirir. Əvvəlcə personajın heykəli üçün gildən qəlib hazırlanır, qəlibdənsə papyemaşe çıxarılır: “Papyemaşe üçün sadəcə kağız və yapışqan lazımdır. Yəni, gördüyünüz kuklalar əslində kağızdandır. Sonra rəssamlar personaja uyğun sifət cizgiləri çəkir və rəngləyir. Marionet kuklaları idarəetmə mexanizmini də özümüz hazırlayırıq. Geyimləri isə dərzi tikir”. Papyemaşeni konstruktor rəssam Cavid Hüseynov hazırlayır. Deyir ki, bəzən bir kukla bir günə, bəzənsə daha çox vaxta başa gəlir. “Bu işdə sadəcə hövsələli olmalı, işi düzgün qavramalısan . Əsas odur ki, bacarığın və səbrin olsun, heç bir çətinlik olmayacaq. İndiyədək hazırladığım kuklalar arasında ən çətin başa gələni “Ələddin” tamaşasındakı Əjdaha olub”.


Kukla teatrının aktyoru olmaq...

Aktyor Rəhim Rəhimov deyir ki, başqa teatrlarla müqayisədə kukla teatrının aktyoru olmaq çətindir: “Çünki aktyor burda həm özü oynamalı, həm də kuklanı canlandırmalıdır. Elə çıxış etməlidir ki, tamaşaçı aktyoru da həmin səhnə əsərində görsün, duya bilsin”. Uşaqlarla işləmək sevimli olduğu qədər də məsuliyyətlidir. Aktrisa Cəmilə Allahverdiyeva bu fikirdədir: “Uşağın xarakteri formalaşır. Ola bilər ki, hafizəsində qalan hər hansı yaxşı bir epizod gələcəkdə onun köməyinə çatsın. Bununla, onlar aşılanan zövqü, tərbiyəni təqdim edəcək, yaxşı və pisi fərqləndirəcəklər. Zənnimcə tamaşaları bəyənən və sevən uşaqlar böyüyəndə başqa teatrları tez-tez ziyarət edəcək”. Aktyor Vüsal Hüseynov söyləyir ki, nağılların səhnələşdirilməsi onları yaddaqalan edir: “Nağılı oxuyursan, bir müddətdən sonra unudulur, canlı göstərdikdə daha yaddaqalan olur. Çalışırıq ki, tamaşa boyu balacaları ələ alaq, onların fikirləri dağılmasın. Bizdən yaş və təcrübəcə böyük aktyorlardan bu işdə örnək götürürük”. Aktyorlar bəzən kuklaların şıltaqlığı ilə də qarşılaşır: “Olub ki, çəkiliş zamanı normal işləyən kukla birdən tutulub, çarəsini də bilməmişik. Çəkiliş bitəndən sonra öz-özünə düzəlib” - tez-tez belə hallarla üzləşən Vüsal Hüseynov belə deyir. Rəhim Rəhimov düşünür ki, bu hallarla qarşılaşmamaq üçün çoxlu məşq etmək lazımdır: “Aktyor çıxış edəcəyi kuklanı, necə deyərlər, əhliləşdirməli, əlinə uyğunlaşdırmalıdır. Hətta eşitmişəm burda elə aktyorlar olub ki, öz kuklalarını qoruyublar. Yəni, başqalarının onun kuklasına əl vurmasına icazə verməyiblər, deyiblər, - “kukla inciyər”. Cəmilə Allahverdiyeva isə “kukla inciyər” mifalogiyasına inanmır. Deyir, kukla aktyorun əlinə gəlib çıxana qədər sexdə düzəldilir. Bəzən kuklayla sex işçiləri arasında konfliktlər də olur: “Əl düzgün olmur və ya hansısa hissələr uyğunlaşmır. Amma bu teatrda bir prosesdir və olması istisna deyil. Bizim əsas işimiz güzgü qarşısında işləməkdir. Bu zaman bilirik ki, hansı hərəkət yaxşı görsənir. Ona görə, teatrda güzgülü zalımız var”.


Sevimli kuklalar

Bütün kuklalar onlar üçün sevimlidir: “Əsas odur ki, kukla dinamik, asan oynadılan olsun. Ağır kuklalarla çalışmaq əziyyətlidir. Həm səsi çatdırmalı, həm dinamikliyi kuklaya ötürməlisən: “Canım qırat, gözüm qırat” tamaşası heç yadımdan çıxmaz, üzlüyün arxasında ağlıyırdım. Çünki kuklanı idarə etməyə gücüm çatmırdı” - bunları Cəmilə Allahverdiyeva söyləyir. Rəhim Rəhimov həmin tamaşada ilk dəfə rol aldığını bildirir: “Ordakı Keçəl Həmzə ən sevimli kuklam idi”. Tamaşa zamanı uşaqların zaldan replikaları aktyorların uğurundan xəbər verir. Vüsal Hüseynov deyir ki, uşaqlarla işləməyin maraqlı tərəfi də elə budur: “Onların yerdən nəsə demələri bizi çaşdırmır, əksinə zövq alırıq. Bir növ, kuklanın canlı olduğuna inanırlar. Biz uşaqlara görə səhnəyə çıxırıq. Onlar sakitcə baxarsa, tamaşa quru alınar, bizə də xoş gəlməz. Amma uşaqlarla dialoq quranda onlarda nəsə öyrənməyə həvəs yaranır”. Teatr kollektivi ilə söhbətdən məlum oldu ki, uşaqlarla işləmək çətin və məsuliyyətli olsa da, onların əyləndiyini, nə isə öyrəndiklərini görmək bu əziyyətlərə dəyərmiş. Bəlkə də, kukla teatrı böyüklərin də çox gözəl istirahət edəcəyi məkandır. Çünki tamaşalarla yanaşı, uşaqları izləmək bütün qayğıları unutdurur.

Arifə Mikayılova (“Simsar” jurnalı)

 






22 Dekabr, 2011  19:44 Baxılıb: 2239 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner