Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

MÜSƏLMANIN ƏN AĞIR GÜNÜ - REPORTAJ

Necə qan ağlamasın, dağ bu gün, daş bü gün

Bu gün Aşuradı. Azərbaycanın şiə müsəlmanları Aşura-Məhərrəm ayının 10-cu gününü qeyd edirlər. Minlərlə inanclı şəxs məscidlərə toplaşaraq, 1300 il əvvəl Kərbəla çöllərində bəni-Üməyyə ilə döyüşdə həlak olmuş Məhəmməd peyğəmbərin nəvəsi imam Hüseynə və onun tərəfdarlarına yas saxlayırlar.

Aşura ərəb dilindəki "aşara" sözündən götürülüb və ana dilimizə "onuncu gün" kimi tərcümə olunur. Bu gün tarixdə bir sıra əlamətdar hadisələrlə qalıb. Adəm peyğəmbər (ə) cənnətdən qovulub, İbrahim peyğəmbər (ə) oddan xilas olub, Nuhun (ə) gəmisi Ərafata enib və sairə.

Ən son baş vermiş hadisə isə hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da cümə günü İslam peyğəmbəri Məhəmmədin (s.a.s) nəvəsi, Hz.Əlinin (r.a) oğlu Hz.Hüseynin (r.a) 72 nəfər tərəfdarı ilə birlikdə amansızlıqla qətlə yetirilməsidir. Bu hadisə İraqın Kərbəla çölündə xəlifə Yezidin 30 minlik qoşunu tərəfindən törədilib.

Hz.Hüseynin müasiri olan Yezid İbni Müaviyəyə və ümumiyyətlə Aşura gününə müxtəlif, ziddiyyətli yanaşmalar var.


Elm adamları, tarixçilər Kərbəla düzündəki döyüşü hakimiyyət uğrunda mübarizə, daxili siyasi çəkişmənin nəticəsi kimi qiymətləndirir.

Ancaq inanclı şəxslər hadisələrə dini nöqtəyi-nəzərdən yanaşırlar. Hz.Hüseyn (r.a) və onun 72 nəfərlik tərəfdarının iştirak etdiyi döyüş din uğrunda mübarizə, fasiqlərə qarşı müharibə kimi qələmə verilir.

Hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da baş vermiş və peyğəmbərimizin nəvələrinin ölümü ilə nəticələnən qanlı döyüş hər il müsəlman ölkələrində qeyd olunur.

Özünü döymə halları azalıb

Sovet dövründə Aşura çox sönük, həm də gizili şəkildə qeyd olunurdu. Müstəqillik qazandıqdan sonra ölkə şiələri Aşura ənənəsini davam etdirdilər. 2005-ci ilə qədər Hz.Hüseyn və onun tərəfdarlarının qanlı faciəsinin yad edilməsində ifrata varırdılar. Bəzi məscidlər azyaşlı uşaqlara pul verib, onlardan şəxsi məqsədləri üçün istifadə edirdilər. Din haqqında təsəvvürləri olmayan yeniyetmə oğlanlar "Yezid girdi soğana, lənət onu doğana", "Ya Hüseyn, Ya Əli" kimi şüarları səsləndirib şaxsey-vaxsey deyərək xüsusi zəncirlərlə özlərini vururdular. Zəncirlərin zərbəsindən kürəkləri qançır olmuş bu uşaqlar, çox aşağı məbləğli gəlirlərə görə, bir neçə gün yataq şəraitində qalmalı olurdular.

Sonrakı illərdə Aşura günündə özünü döymək, bədəndən qan çıxarmaq qadağa olundu. Bununla bağlı bu il də Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqına müraciət etdi. Müraciətdə inanclı insanlara Aşura günündə ifratçılığa yol verməmələri və bədənlərindən qan çıxarmamaları tövsiyyə olunurdu. Həmçinin Aşura günü ilə bağlı qanvermə aksiyasına qoşulmaq məsləhəti də müraciətdə qeyd olunurdu.


Məscid imamları QMİ sədrinin müraciətilə razı olmasalar da, ona əməl etdiklərini deyir


Aşura gününün necə keçirildiyini və QMİ sədrinin müraciətinə necə əməl edildiyini öyrənmək üçün bir neçə məscidə yollandıq. İlk olduğumuz ünvan Nizami metrosunun arxasındakı Hacı Sultanəli Məscidi oldu.
Səsucaldıcı vasitələrlə deyilən mərsiyə məscidə gələnlər tərəfindən təkrar olunurdu.

Məscidin şəkilini çəkmək istəsək də, oradakı mömün insanlar məscidin imamından icazə almağımızı məsləhət gördü. İcazə almaq üçün Sultanəli məscidinin imamı Hacı Hatəmlə görüşəsi olduq. Görüşdən istifadə edib, Hacı Hatəmə bir-iki sual da ünvanladıq.

- Qafqaz Müsəlmanlar İdarəsinin rəhbəri Paşazadə müraciət edib ki, Aşura günündə heç kəs özünü döyməsin. Müraciətə əməl edirsinizmi?

- Əlbəttə, əməl edirik. Bir neçə ildir ki, bizim məsciddə heç kəs zəncirdən istifadə etmir, özünə xəsarətlər yetirmir. Amma insanlar bu məsələdə sərbəstdirlər. Öz əllərilə sinələrinə yavaş-yavaş vurub Ya Hüseyn, Ya Əli deyə bilərlir. Burada qəbahətli heç nə yoxdur. Onlar bizim əzizlərimizdir və faciəli şəkildə qətlə yetiriliblər. İnsanın əzizi öləndə onu necə soyuqqanlı qarşılamaq olar.

- Sizə elə gəlmirmi ki, ildən-ilə Aşura günü məscidlərdə daha zəif keçirilir?

- Xeyir. İnanclı insanların sayında azalma yoxdur. Pis deyil. Gəlirlər. Siz bir az tez gəlmisiz. Qətl sınanda burada izdiham olur.

- Burada 20-yə yaxın nəzir və yasin qutuları var. Həmin qutulara yığılan pullar hara gedir?

- Bu qutulara biz baxmırıq. Nəzir və Yasin qutuları ilə bağlı nə sualınız varsa, Təzə Pir məscidinin axunduna ünvanlayın. Ora yığılan pullar Təzə Pir Məscidinə gedir.

Qısa sual-cavabdan sonra Hacı Hatəm məni isti təndir çörəyi ilə noxudlu buğlama yeməyə dəvət etdi. Süfrə arxasında Aşuralığın mahiyyəti və tarixi barədə bəzi söhbətlərimiz oldu. Amma etika xatirinə bu söhbətləri diktafona yazmadım.

Aşuraya gələn Hacı Kərim adlı dindar bizə bildirdi ki, o, şaxsey-vaxseyin tərəfdarı olmasa da, buna qəti qadağanın qoyulmasının da əleyhinədir: "Mən də razıyam ki, insan özünü döyməməlidir, bədənindən qan çıxcarmamalıdır. Amma həmin hadisələri səhnələşdirmək də lazımdır. İranda bu səhnələr yüksək səviyyədə nümayiş etdirilir. Bizdə isə ildən-ilə Aşuralıq zəifləyir".

Hacı Kərim bildirir ki, Məhərrəm ayı, xüsusilə də onuncu günü olan Aşura Allah tərəfindən seçilib hörmətli və fəzilətli qılınıb: "Şaxsey-vaxsey demək, sinə döymək və baş yarmağın da öz tarixçəsi var. Bütün bunlar Hz.Hüseyni Yezidə qarşı üsyana başçılıq etmək üçün İraqa dəvət edib, sonra bir gecənin içində sədaqət andını pozan adamlardan qalıb. Onlar faciə baş verəndən sonra əməllərindən peşiman olub, yas tutublar. Bəzi məlumatlara görə isə, Əməvi hökmdarı Yezid faciədən sonra qorxaraq başına vurub və tərəfdarlarına da mərsiyyə deməyi əmr edib. Yəni hətta Yezidin özü İmam Hüseyn və onun tərəfdarlarını haqsız yerə qətlə yetirmələrindən peşiman olub. Onu görə də, biz bu qanlı hadisəni hər il yad etməli və Allahımızı əmrlərini qeyd-şərtsiz yerinə yetirməliyik".

Daha bir dindara yaxınlaşıb Aşura ilə bağlı onun mövqeyini öyrənirik. Özünü Fariz kimi təqdim edən şəxs bildirdi ki, İmam Hüseyn və Kərbala şəhidlərinə matəm saxlamaq artıq bir inanc məsələsi olmaqla yanaşı, xalqımızın milli adət-ənənəsinə çevrilib. Neçə əsrlərdir ki, xalqımız bu günləri yas saxlayır, toy və digər şadyanalıq mərasimləri keçirmir. Xalqımız Aşura gününü tam mənada matəm kimi qeyd edir. İmam Hüseynə yas saxlamaq bizim milli və dini adət-ənənəmizdən gəlib. Bu adət-ənənəni əlimizdən almaqla xalqımızın tarixinə, mənəviyyatına, inancına dönük çıxmağa sövq etməyə çalışırlar.


Aşura avtomobillərdə...

Bu gün şəhərdə maraqlı mənzərənin şahidi olduq. Avtomobili olan inanclı gənclər maşınlarının üzərinə ərəb dilində "ya hüseyn" sözləri həkk olunmuş plakatlar vurmuşdular. Belə maşınların sayı şəhərdə heç də az deyildi.

Aşura günü ilə bağlı İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Hacı Akifin də mövqeyini öyrəndik. O, QMİ sədrinin "Aşura günündə özünü zəncirləmək, vurmaq olmaz" göstərişini "təzə nala köhnə mıx vurmaq" kimi adlandırdı.

Hacı Akif bildirdi ki, bu ənənə əsrlər boyu olub və indi buna qadağa qoymaq düzgün deyil: "Bunu inanclı insanların öz ixtiyarına buraxmaq lazımdır. Kim necə istəyirsə, Aşuranı elə də keçirsin".

Nəzir və yasin qutularına kim nəzarət edir?

Təzə Pir məscidinin İmamı Hacı Faiz isə bizimlə söhbətində qeyd etdi ki, bu il Aşura əvvəlki ilərdə olduğu kimi çox normal qaydada keçirilir: "Hər il necə keçirilirdisə, bu il də elə keçirilir. Camaat gəlib mərasimdə iştirak edir, qan verirlər".

Hacı Faiz Təzə Pir məscidində Aşuranın Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin müraciətinə uyğun şəkildə keçirildiyini bildirir . "Özünü döymək halı oldumu" sualına isə Hacı Faiz bir qədər əsəbi şəkildə cavab verdi: "Yəhudilər sabutay günündə özlərini döyürlər, yas tuturlar. Xristian qardaşlarımız da həmçinin. Qüdsdə İsa Peyğəmbərin getdiyi uzun bir yolu qət edirlər. Hətta özlərini xaça mıxlayırlar. Bu elə-belə teatr səhnəsi deyil. Əsl həyatdır. Bəs onlara niyə bu sualı vermirsiniz? Niyə yəhudilərin, xristianların özlərini döymələrini qabartmırsınız, elə ancaq Aşura günündən tənqidi yazılar yazırsınız?"

Həmçinin Hacı Faiz məscidlərdəki nəzir və yasin qutularının Təzə Pir məscidinə heç bir aidiyyətinin olmadığını bildirdi: "Biz nə Hacı Sultanəli məscidində, nə də digər məscidlərdə nəzir və yasin qutuları qoymamışıq. Bunu sizə kim deyirsə, yalan danışır. Təzə Pir məscidində nəzir və yasin qutuları var. Kim istəyirsə, ora öz nəzirini qoya bilər".

Allah bütün müsəlman şəhidlərinə rəhmət etsin.






6 Dekabr, 2011  15:42 Baxılıb: 2529 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner