Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Ümidə Həsənli: “Teleskop”dan gördüklərim

Ürəkaçan və açmayan məqamlar

Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin “Teleskop” əsəri əsasında səhnələşdirilən tamaşaya baxdım. Artıq bir neçə ildir mədəniyyət müxbiri işləyən və incəsənəti çox sevən jurnalistin “Teleskop”a dünən baxması bir az yaxşı hal deyil. Bəlkə də resenziya yazmaq üçün də çox gecdir. Çünki tamaşanın premyerası mayın 12-si və 13-də olub və artıq 6-7 dəfə nümayiş edilib. Amma bilmirəm nədənsə mənim bu səhənə əsərinə baxmağım bugünə təsadüf etdi. Çünki həm premyera, həm də bundan əvvəlki təqdimatlarda ya başqa işim olub, ya digər yəqin ki, çox vacib səbəblərə görə baxa bilməmişəm, yoxsa hər hansı bir tamaşanın premyerasını tək-tək hallarda qaçıraram. Həm də, məncə, o qədər də gec deyil, tamaşa hələ köhnəlməyib və bəlkə bu yazını oxuyub “Teleskop”a baxmaq üçün həvəslənənlər də tapılar. Bununla bərabər, məni yazmağa vadar edən bir neçə səbəb var. İlk növbədə o öpüş.... Yox, tamaşa zamanı işıqlar sönəndə heç kim-heç kimi öpməyib. Söhbət “Teleskop”dakı öpüşdən gedir. Adətən tamaşa haqqında onun əvvəlindən yazırlar. Amma mən bu səhnə əsərinin sonundan yazmağa başlayacam, məhz həmin öpüş səhnəsindən. Bəli, Azərbaycan teatrında mən ilk dəfədir ki, çox təbii öpüş səhnəsinin şahidi oldum. Hətta nisbətən sərbəstliyi və komplekssizliyinə bələd olduğumuz Rus Dram Teatrında da bu qədər təbii öpüş səhnəsinin şahidi olmamışdım. Adətən bizim milli tamaşalarda həmin məqam aktyorların üzlərini bir-birinə yapışdırması və ya bir-birini çox süni qucaqlamaları ilə təsvir edilir. Amma “Teleskop”da baş rolların – Kişi obrazında Füzuli Hüseynov və Qadın rolunun ifaçısı İlahə Həsənova həqiqi olaraq öpüşdülər. Jurnalisti qoyaq kənara, bir tamaşaçı kimi bütün zala toplaşan toplaşanların adından deyə bilərəm ki, heç kəsdə bu səhnə ikrah hissi oyatmadı və “necə də süni alınıb!” - fikri heç bir tamaşaçının ürəyindən və beynindən keçmədi. Bu da aktyorların peşəkarlığından irəli gəldi. Eləcə də, bunu yalnız illərdir Avropada yaşayan rejissor Kamran Şahmərdan edə bilərdi, bunu yalnız səhnə və həyatda özünəgüvənliyi, peşəkarlığı və istedadı ilə seçilən əməkdar artist Füzuli Hüseynov edə bilərdi.
Buraya həm də aktyorun səhnədən uzaq olduğu illərdə Türkiyə və Rusiyada yaşaması səbəbini də əlavə etmək olar. Bunu yalnız bir neçə ildir Yuğ Teatrında çalışan İlahə Həsənova edə bilərdi. “Yalnız Yuğ Teatrında” cümləsini nəyə görə dedim? Çünki bu sənət ocağı da bir çox baryerləri qıran və səhnəyə nisbətən sərbəstlik gətirən Azərbaycan Teatrıdır. Məhz ilk dəfə bu teatrda aktrisa səhənəyə lüt çıxdı. Düzdür, tamaşaçılar bunu çılpaqlığı ilə əyani görə bilməsələr də aktrisa səhnədə lüt idi. Bu isə başqa bir mövzudur. Bu arada deyim ki, əməkdar artist fəxri titulunu Füzuli Hüseynov adının əvvəlinə yaraşdırmıram. Çünki o, əməkdar artist adına layiq deyil. Onun kimi istedadlı, peşəkar və səhnəyə yaraşan bir aktyor hələ də bu yaşında əməkdar artistdir (yaş məsələsinə görə yəqin ki, Füzuli Hüseynov məndən inciməz). Amma, axı, Füzuli Hüseynov heç xalq artisti adına da layiq deyil. Çünki o, 10 ilə yaxın teatrdan uzaq olub, bu illərdə səhnəyə çıxmayıb. Füzuli Hüseynov elə sadəcə Füzuli Hüseynov kimi daha maraqlı, daha dəbdəbəli, daha yaddaqalandır. Çünki əminəm ki, elə hər kəs onu heç bir fəxri adı olmadan belə tanıyır. Heç bəlkə də onun fəxri adı ilə maraqlanan da yoxdur. Füzuli Hüseynovun indiyədək xalq artisti adı almamasının günahkarı da elə o özüdür. Çünki o, teatrın, səhnənin, tamaşanın arxasınca qaçmır. Bir çox xalq artistlərindən tutmuş, ömür boyu kütləvi səhnələrdə çıxış edən aktyorlar var ki, tamaşanı 4 əlləri ilə qamarlamaq istəyirlər, səhnəyə, teatra görməmiş kimi yanaşırlar. Deyə bilmərəm bu onların sənətləri, peşələrini sevmələrindən irəli gəlir ya yox?! Deyərdim ki, daha çox səhnə və tamaşalar Füzuli Hüseynovun arxasınca qaçır. Onu sonuncu dəfə 2004-2005-ci ildə “Misir gecələri” tamaşasında görmüşdüm. Bu səhnə əsərini də heç sonadək izləmədim. Pafos məni tamaşanın 1-ci hissəsindən sonra özündən itələdi. “Teleskop” yeganə səhnə əsərlərindəndir sonadək baxdım. Çünki bir neçə ildir əksər tamaşaların axırını gözləməyə hövsələm çatmır, pafos, sünilik məni tamaşanı yarımçıq tərk etməyə məcbur edir. Hətta sənətinə, peşəsinə, şəxsiyyətinə hörmət etdiyim aktyorların belə baş rol oynadığı tamaşalar olub ki, sonadək baxa bilməmişəm. Etiraf edim ki, burada özümün də günah var, amma nə edim ki, tamaşa məni sonacan izləməyə imkan verməyib.
“Teleskop” mistik-tragikomediya janrındadır. Bu da rejissor Kamran Şahmərdan üslubudur. Bu üslub özünü onun Kukla Teatrında hazırladığı “Ağ və qara”, Rus Dram Teatrında quruluş verdiyi “Cəhənnəm kirayəçiləri” tamaşalarında da özünü bir daha göstərib. Bunu həm də ona görə vurğulayıram ki, “Teleskop”u izləyənlər – “bu nə dumanlardır, bu nə mələklərdir, bu nə qanadlardır, bu nə rəqslərdir?” – deməsinlər. Nəzərlə alın və bilin ki, bu tamaşanın janrından irəli gələn ünsür və göstəricilərdir. Rejissor fikrini çatdırmaq üçün bu üsullardan istifadə edib.
Amma “Teleskop”da mənə çatmayan məqamlar da oldu. Onlardan biri də aktyorların və xüsusən də kişinin övladları rolunu ifa edən Məsmə Aslanqızı və Aslan Şirinovun diaoloqunda rus söz və ifadələrindən istifadə etmələridir. Ümumiyyətlə bu səhnə əsərində zaman anlayışı yoxdur. Bəlkə də bu tamaşanın kifayət qədər aktual və cəlbedici olan mövzusundan irəli gəlir: riyakarlıq, paxıllıq, ikiüzlülük, insan xəbislik bütün dövrlərdə var.
Tamaşanın tərbiyəvi əhəmiyyətli məqamı isə o dünyanın mövcudluğunun təsviriydi. Elə “Teleskop” sözü də buradan götürülüb. Ruhu o dünyaya gedən baş rolun ifaçısı Kişi cənnət və cəhənnəmin keçidində olduğu zaman teleskopla bu dünyaya - real həyata baxır və oradan - öz həyat yoldaşı, övladları, qaynanası, yaxın dostunun simasında insanların riyakar və ikiüzlülüklərinin şahidi olur. Bundan sonra əsas rolun dilindən - “mən insan olmaq istəmirəm” - etiraz cümləsi də elə səhnə əsərinin kluminasiya nöqtəsindir. Məhz bu dünyanın riyakarlıqlarını o dünyadan izləyən insan yenidən real həyata - yer kürəsinə dönmək və insan olmaq istəmir, ruh kimi o dünyada qalmağı, yaşamağı, birinci həyat yoldaşı ilə bərabər olmağı üstün tutur.
Tamaşanın maraqlı məqamlarından biri də, ruhlar eyni çəkiyə malik olmalarının verilməsidir. Sən demə, o dünyada hər kəs – ruhlar 48 qramdır.
Tamaşanın süjet xəttində maşın vuraraq xəstəxanaya yerləşdirilən kişi koma düşür və əzrayıl onu ölmüş bilib səhvən o dünyaya aparır. Orada öz birinci həyat yoldaşı ilə görüşdükdən sonra bir çox mətləblərin üstünü açır. Deyingənliyi ucbatından Qadından ayrılan Kişi ikinci dəfə ailə həyatı qursa da onu unutmur. Elə infartkdan dünyasını dəyişən Qadın da o dünyada ərinə qarşı etdiklərinə görə çox peşman olur.
Hadisələrin gedişatında o dünyadan teleskopla baxan Kişi yaxınlarının riyakarlğının şahidi olandan sonra buna dözə bilmir və qərara gəlir ki, o dünyada teleskop olmasın və heç bir ruh real həyata baxa bilməsin, burada baş verən çirkablıqlardan xəbəri olmasın. Ona görə də Kişi teleskopun üzünü başqa tərəfə çevirir. O dünyanın bütün sakinləri teleskopun çevrildiyini görəndə hay-küy qoparır. Elə Kişinin ölməməsi mətləbi də buraday aydın olur: 48 qrama malik ruh böyük bir teleskopu çevirə bilməzdi. Elə məhz məlkələr – “Cənab Cəbrail”, “Cənab Mikayıl”, “Cənab İsrail” və “Cənab Əzrayıl”ı da şübhəyə salan bu hadisə olur - Teleskopu heç bir ruh çevirə bilməzdi. Demək ki, bunu edən ruh hələ ölməyib. Mələklərin təbirincə desək, - “o dünya üçün hələ yetişməyib.” Ona görə də onlar yarımçıq ölən insanı real həyata qaytarmaq qərarına gəlir.
“Teleskop”un finalında müəllif Elçin tamaşaçılar üçün iki seçim imkanı verilir: baş rolun ifaçısı Kişi üçün real həyata qayıtmaq, o dünyada görüşdüyü ilk həyat yoldaşından ayrılmaq nə qədər çətin olsa da o dönür və ayılan kimi peşman olur, yenidən göylər, ruhların, birinci həyat yoldaşının yanına getmək istəyir. Bu zamansa yaxınları, həyat yoldaşı, övladları, qaynanası, yaxın dostu ona dəli kimi baxır. Ikinci məqamda isə o dünyada teleskop olmur və kişi real həyata qayıtdıqdan sonra ailə üzvləri ilə heç nə olmamış, onların riyakarlıqlarını görməmiş kimi davranır. Bunu etməklə rejissor yəqin ki, özünü tamaşaçıların qınağından sığortalayıb və finalı izləyicilərin özlərinin təyin etməsini, onların öhdəsinə buraxıb. Amma sonda yenə də rejissor öz sözünü deyir, baş rolun ifaçısı Kişi özünü asmaq qərarına gəlir. Hər halda, bu dünya nə qədər şirin olsa da Kişi riyakarlıqları, ikiüzlülükləri görməkdən keçə bilmir və bunlara dözə bilmir.
Amma çox təəssüf ki, Azərbaycan kinosu və teatrı Füzulu Hüseynov patensialından istifadə edə bilmir. Mən elə bilirdim ki, Füzuli müəllim “Təhminə və Zaur”dan sonra bütün obrazlarda Spartak imicindən çıxa bilməyəcək. Amma “Teleskop” sübut etdi ki, Spartak elə “Təhminə və Zaur”da qalıb.
Yeri gəlmişkən, Füzuli Hüseynovu ilk dəfədir ki, komik planda gördüm. Onu deyim ki, aktyora ciddi rollar qədər komik rollar da yaraşır. O, məzəli, gülməli məqamları çox ustalıqla və təbbi olaraq çatdıra, tamaşaçıda gülüş, təbəssüm yarada bilir. Elə həyatda da Füzuli Hüseynov kifayət qədər şən əhval-ruhiyyəli, hətta gözəl parodiya qabiliyyətinə malik bir insandır. Ümumilikdə isə Füzuli Hüseynovun siması və imici ciddidir və o, belə də qəbul edilib.
O ki, qaldı “Teleskop”da digər rolları ifa edən aktyorların hər birini ayrı-ayrılıqda başqa tamaşalarda izləmişəm. Lakin illərdir səhnədə olan əməkdar artist Hicran Nəsirovanın bir aktrisa kimi səhnədə oyunu “Teleskop”da hiss olunmurdu. Dəfələrlə onu həyatda görən, müsahibə alan bir insan kimi ilk yarım saatda qaynana rolunu ifa edən aktrisanın Hicran Nəsirova olduğunu bilmədim. Deməzdim ki, bu qrim ustalarının peşəkarlığından irəli gəlmişdi. Sadəcə Hicran Nəsirovanın oyunu görünmürdü. Tamaşanın 1-ci hissəsindən sonra nəzarətçilərdən proqramı alanda qaynana rolunun ifaçısının Hicran Nəsirova olduğunu öyrəndim. Hətta kütləvi səhnədə oynayan və tamaşa boyu bir cümlə belə deməyən aktrisa Sevinc Əliyeva, eyni kütləvi səhnədə olan və tez-tez tərəf müqabilinə nəsə pıçıldayan gənc aktyor Elnur Qədirovun oyunu daha diqqətçəkən idi, nəinki əsas rollardan biri olan Hicran Nəsirovanın ifasında qaynana obrazı. Bu obrazda Hicran xanımla xalq artisti Şükufə Yusupova dublyordur. Gərək bir dəfə də Şükufə xanımı izləyəm onda daha yaxşı müqayisə edə bilərəm.
Rolu diqqətçəkən aktyorlardan biri də Ramiz Novruzov idi. Xalq artisti bu tamaşada “Cənab Cəbrail” rolunu ifa edir. Ramiz müəllim hərzamankı kimi səhnədə özünəməxsusuluğu ilə seçilirdi, xüsusi replikaları və improvizasiyaları ilə onun ifası bir neçə dəfə tamaşaçıların alqışına səbəb oldu. Maraqlı anlardan biri də Ramiz müəllimin başındakı pariki çıxarması və tamaşada siyasi məqamlardan birini nümayiş etdirməsi oldu. Məhz “Cənab Cəbrail” obrazının dilindən “Cənubi qafqazlılar məni lap bezdirib” deməsilə bu bölgədə olan münaqişlərə toxunulurdu. Ramiz müəllimin parikdə səhnədə görünməsi və onu çıxartması da gülüşlə müşayət olundu.
Əsas rollardan birini ifa edən İlahə Həsənovanın oyunu da ən əsası təbiiliyi və səmimiyyəti ilə seçilirdi. Bu arada deyim ki, İlahə də səhnəyə çox yaraşır. Ən azı o, bəzi aktyor və aktrisalar kimi artıq çəkiyə sahib deyil, incə və gözəldir. Səs tembri də səhnəyə uyğundur, bəzi aktyorlar kimi səhnədə nə qışqırır, nə də səsi batmış kimi danışır.
Əməkdar artist Münəvvər Əliyev “Teleskop”da Arvad rolunu, yəni Füzuli Hüseynovun canlandırdığı obrazın 2-ci həyat yoldaşını ifa edir. Münəvvər xanım da maraqlı aktrisalardan biridir. Ən əsası da ona görə ki, əməkdar artist səhənəy yaraşır, artıq çəkiyə sahib deyil. Artıq çəki məsələsini belə tez-tez vurğulamağımın səbəbi var: Azərbaycan teatrlarının aktyor və aktrisalarının bir nömrəli problemlərindən biri də artıq çəkiyə sahib olmaları və bundan heç cürə azad ola bilməmələridir. Akademik Milli Dram Teatrında aktyorlar idmanla məşğul olmalıydılar. Bilmirəm onlar bu qayda-qanuna nə dərəcədə əməl edirlər-etmirlər, amma köklükdən əziyyət çəkən aktyor və aktrisalarmız hələ də çoxdur. Bu sıradan Rus Dram və Yuğ Teatrının aktyorlarını çıxmaq istəyirəm.
Tamaşa məndə o təəssüratı da yaratdı ki, rejissor Kamran Şahmərdan aktyoru yaxşı mənada “işlətməyi”, “sındırmağı” və qəlibdən çıxarmağı bacarır. Məncə, aktyorlar üçün də onunla işləmək maraqlıdır.
Kamran Şahmərdanın yozumunda, quruluşunda sevdiyim məqamlardan biri də çox ciddi, həyatı məsələlərin müzakirə olunduğu məqamları məzəli və gülüş səhnələrinin müşahidə etməsidir. Ciddi anlarla gülüşün eyni xətt üzrə inkişafı peşəkar quruluş və yozumlu tamaşalarda çox sevdiyim üslublardan biridir. Çünki onsuz da hər bir ciddiliyin içərisinəd bir məzəli, maraqlı məqam, hər bir gülüşün içərisində isə ciddi anlar var.
“Tekleskop”un 1-ci hissəsinin 50, 2-ci hissəsinin 60 dəqiqəsini birnəfəsə, gözqırpmadan izlədim. Çünki adətən tamaşalarda və konsertlərdə həmkarlarım və dostlarımla bir yerdə olanda tez-tez hansısa məqamları müzakirə edirik. “Teleskop”sa mənu susmağa və yalnız onu izləməyə məcbur etdi.
Yeri gəlmişkən, “Teleskop”da digər rolları əməkdar artistlər Kazım Abdullayev, Əli Nur, Mirzə Ağabəyli, Sabir Məmmədov, Elxan Quliyev və Şəlalə Şahvələdqızı kimi gənc aktyorlar ifa edir. Tamaşanın quruluşçu rəssamı Rusiyanın xalq rəssamı Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatı Həmid Kazımzadəyə, rəqslərin quruluşu isə Zakir və Yelena Ağayevalara məxsusudur.
Tamaşada ürəkaçmayan xırda məqamlar da oldu. Ilk növbədə səhnələr dəyişən zaman yaranan səs-küy izləyicilərin narahatlığına, onların fikirlərinin yayınmağına səbəb olur. Digər məqam isə bəzən aktyorların dialoqunda yersiz sükutların yaranması idi. “Cənab Əzrail” rolunun ifaçısı Mirzə Ağabəylinin isə tez-tez sözləri unutması və əzbərlədiyi cümlələrdə səhvlərə yol verməsi isə açıq –aydın hiss edilirdi.
Akademik Milli Dram Teatrının “Teleskop”unda diqqət çəkən məqamlardan biri də tamaşanın vaxtında başlaması idi. Bəli, bəli, tamaşanın vaxtında başlaması artıq bizə qəribə görünür. Çünki konsertlərin, səhnə əsərlərinin adətən təyin edildiyi vaxtdan 10-15 dəqiqə gec başlaması adət halını alıb. Amma “Teleskop”un məhz afişa və proqramda göstərildiyi kimi 19:00-da başlaması əlbəttə ki, alqışa və təqdirəlayiq haldır. Bu elə əvvəlindəcə məni sevindirən məqamlardan biri oldu. Tamaşanı gözləyib dilxor olmamağım isə yüksək əhval ruhiyyə ilə özümü tam olaraq səhnəyə, aktyorlara, mövzuya, süjet xəttinə kökləməyimə səbəb oldu. Elə bəlkə də məni bu yazını yazmağa həvəsləndirən məqamlardan biri də tanmaşanın vaxtında başlanması idi. Arzu edərdim ki, artıq tamaşaların vaxtında başlanması bizə qəribə görünməsin.






21 Noyabr, 2011  16:34 Baxılıb: 3228 Çap

Bu bölmədə

14 Fevral, 2014
Paşa Qəlbinur: O

XƏBƏR LENTİ

28 İyun, 2022  10:23

21 İyun, 2022  11:52



7 İyun, 2022  10:00






23 May, 2022  14:04


20 May, 2022  10:17


16 May, 2022  14:23



2 May, 2022  11:38









14 Mart, 2022  13:47



11 Mart, 2022  17:32

11 Mart, 2022  14:09

11 Mart, 2022  10:45










1 Mart, 2022  11:28








sagbanner