Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YAŞADIĞIN RAYONUN ADINI NECƏ TANIYIRSAN?

“Simsar” jurnalı şəhər və rayon adlarının anlamını təqdim edir

Azərbaycanın şəhər və rayon adlarının bir çoxu zaman keçdikcə yerli dialektlərə uyğunlaşaraq ilkin formasını dəyişib. Bu səbəbdən onların mənası hər kəsə məlum deyil. Professor Budaq Budaqov N.Nəbiyevin “Coğrafi adlar” kitabında qeyd edir ki, müəyyən millətin və ya xalqın öz dilinə aid adlar ilk yaranma forması kimi yazılmır. İctimai hadisələr kimi, bu adlar da iqtisadi və mədəni inkişafla dəyişir və biri digəri ilə əvəzlənir. “Simsar” Milli Elmlər Akademiyasının (2007-ci il) nəşri olan “Azərbaycan toponimləri” ensiklopedik lüğətinə istinadən rayon və şəhər adlarının ifadə etdiyi mənaları təqdim edir:
Abşeron – Farsca “ab” (su) və “şoran” (duzlu) sözlərindən əmələ gəldiyi güman edilir. Bir çox alimin fikrincə, oğuz boylarından olan afşar/əfşar tayfasının adı ilə də bağlıdır. “Afşarlar yaşayan yer” anlamını verir.
Ağdam - “Kiçik qala”, “kiçik zirvə” deməkdir. (“Ağ” -kiçik, alçaq və “dam” - yer, divar, qala).
Ağsu - adını ərazisindəki eyniadlı çaydan alıb. (“Ağ” - şirin, axar və “su” – çay).
Ağstafa - Xalq arasında “oğuz təpəsi” kimi də yozulur. Adı ərazisindəki eyniadlı çaydan alınıb. (“Ağsu” - şirin su və “tafa” - səs-küylü). “Səs-küylü çay” deməkdir.
Ağcabədi – “Əkilməmiş dağ yamacı” mənasındadır. (“Ağca” –ağımtıl, boz və “bəd” - türk dillərində dağ yamacı).
Astara - “Dərədə bulaq” mənasını ifadə edir. (“Ast” – çökək dərə və “ara” – yer, su, bulaq).
Bakı – Bəzi araşdırmaçılar Bakı ətrafında təbii qazın olması və atəşpərəstlik inancları ilə əlaqədar toponimin “bagavan”, “baguan” (allahların yeri, müqəddəs yer) sözlərdən alındığını bildirir. Xalq arasında farsca “bad” (külək) və “kube” (döymək) birləşməsindən olan “Badkubə” (külək döyən) anlamı var. Lakin “Azərbaycan toponimləri” ensiklopedik lüğətində bu mənanın elmi cəhətdən əsassız olduğu qeyd olunur. “Bakı” sözünün, əslində, “təpə”, “yüksəliş”, “yamac” sözündən düzəlməsi fikrinin həqiqətə uyğun olduğu diqqətə çatdırılır.
Balakən - Adını ərazisindəki eyniadlı çaydan alıb. “Təpədən axan çay” deməkdir. (Türk dillərində “bel” - təpə, yüksəliş və “kən” – çay).
Beyləqan – “Düzənlik”, “çöl” anlamını verir. (Altay dillərində “pilə” - düzən, alçaq yer və məkan bildirən “-qan” şəkilçisindən düzəlib).
Biləsuvar – “Suvarların düzü, suvarların yaşadığı düzənlik yer” deməkdir. (“Bilə” toponimiyada “çöl”, “səhra”, “düzən” manasındadır. Mənbələrə görə Sasani şahı Xosrov Ənuşirəvan (531-579) Kür-Araz ovalığına 10 min suvar yerləşdirib).
Bərdə - “Yüksəlmiş, möhkəmlənmiş şəhər”, “qala” mənasında izah olunur.
Cəlilabad – 1967-ci ildə şərqdə ilk satirik jurnal olan “Molla Nəsrəddin”in banisi və əvəzsiz baş redaktoru Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə adlandırılıb.
Cabrayıl – Rayonun ərazisində Cəbrayıl ata adlı məşhur pir var. Deyilənlərə görə, əfşarların nüfuzlu şəxslərindən olan Cəbrayıl XVI əsrdə yaşayıb və bu pirdə dəfn olunub.
Dəvəçi – Bu ərazi keçmişdə dəvə karvanlarının dayanacaq yeri olub. Həmçinin dəvə bazarı təşkil edilirmiş.
Daşkəsən – “Daş kəsilən, daş çıxarılan yer” mənasındadır. (“Daş” və “kəsən” - kəsilən, çıxarılan).
Füzuli – 1959-cu ildən Məhəmməd Füzulinin adı verilib.
Gədəbəy – “Müşahidə, keşikçi məntəqəsi” mənasındadır. (Qədim türk dilində “ket”, “gedik” – təpə və “bek” - keşikçi).
Gəncə - Tədqiqatçıların bir qismi toponimi pəhləvi dilində “kazanka” (xəzinə, məhsul saxlanılan yer) sözü ilə, digər qismi dilimizdəki “gəncə” (genişlik) sözü ilə bağlayıblar. Son tədqiqatlara görə şəhər qədim türkdilli Gəncək tayfasının adını əks etdirir. Bu xalqların dilində “gəncə” sözü “yeni” deməkdir.
Goranboy – “Boyəhmədli tayfasının məskunlaşdığı “Goran” mənasını verir. (“goran” - qədim türk dilində “quryan” düşərgə deməkdir).
Göygöl – adını ərazisindəki göldən alıb. Suyu şəffav və göy rəngə çaldığına görə göl belə adlandırılıb. Keçmiş adı Xanlar olub.
Göyçay - adını ərazisindəki eyniadlı çaydan alıb. Çayın adı yuxarı axınında suyun göyümtül rəngə çalması ilə əlaqədardır.
Hacıqabul – Məkkədən gələn hacıların burada qarşılanması ilə bağlı yaşayış mənqətəsi belə adlandırılıb.
Xaçmaz – Burda əhali vaxtilə tat dilində danışan xristianlar olub. Bu əhalinin qədim xaçmatak (xaçpərəst xalq olduğu) ehtimal edilir.
Xankəndi – “Xana məxsus kənd” deməkdir. Qarabağ xanı Pənahəli xanın oğlu Mehdiqulu xan saldığına görə, 1923-cü ildə Xankəndi adlandırılıb.
Xırdalan – “Alanların məskəni” deməkdir. (“alan” tayfa adıdır, “xırd”, “xurd” türk dilində yaşayış məntəqəsi, yurd, məskən mənasını ifadə edir).
Xızı – Türk dilində “xız” sözünü “od”, “istilik” sözü ilə bağlayırlar. IX əsr ərəb mənbələrində Xizan qalasının və xizan tayfasının da adı çəkilir.
Xocavənd – “Xocalı nəsli” deməkdir.
Xocalı – Xocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılıb.
İmişli – Türk mənşəli “imişli” adının mənasını daşıyır.
İsmayıllı - Əsasını qoyan İsmayıllı nəslinin adı ilə bağlıdır.
Kəlbəcər – “Çay ağzının əks tərəfi” mənasındadır. (“Kəvli”- çayın üstü, “çer” –qala).
Kürdəmir – bir qismi “kürd Əmir”, “qurd Əmir” kimi izah edir. Bəzi tədqiqatçılara görə, “Kür” (hirsli, çoşqun) və “dəmir” sözlərindən düzəlib, “kürün dəymədiyi yer” anlamını verir.
Qax – Mənbələrin məlumatına görə, kax adlı gürcü tayfasının adı ilə bağlıdır. Faktlar göstərir ki, kaxlar Baləkən-Şəki zonasında yaşayan qədim alban tayfalarıdır. Başqa bir fikrə görə, “qax” fars dilində “qala” mənasını bildirir.
Qazax – Şərqi Gürcüstan XI-XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük türk obası) adlanırdı. Həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olub.
Qobustan – “Çoxlu qobusu olan ərazi” anlamını verir.
Quba – “Kuba”, “kuva” tayfa adıdır.
Qubadlı - Qubadlı tirəsinin adındandır.
Qusar – bəzi tədiqatçılara görə, “kosar”, “kusar” tayfa adı olaraq qaraqalpaqlılara aiddir.
Qəbələ - Yunan çoğrafiyaçısı Ptolomey bu şəhəri Xabala, ərəb tarixçısi Balazuri isə Xəzər adlandırmışdı. İlk dəfə Bakıxanov “Gülistani İrəm” əsərində Xabalanın Qəbələ olduğunu göstərib.
Lənkəran – Fars dilində “ləngərküran” sözündən alınıb, “lövbər salınan yer, gəmilərin yan aldığı sahil” deməkdir. Digər fərziyəyə görə, yerli talışların dilində Lankon kimi tələffüz edilən Lənəkon (qamış evlər) və ya Lonəkon (yuvaya bənzər evlər) sözlərinin təhrif olunmuş formasıdır.
Lerik – “Arı beçəsi yetişdirilən yer” mənasındadır.(“ler” – arı beçəsi və “-ik” şəkilçisi).
Laçın – Təqdiqatçılara görə laçın quşunun adı ilə bağlıdır.
Masallı – “Masaldan gələnlər”, “masallılar” mənasındadır. (Vaxtilə bu yerlərdə "masal" adlı qəbilə yaşayıb).
Mingəçevir – Z.Bünyadova görə, IX əsridə türk mənşəli ərəb sərkərdəsi Mingəçevir əl Fərqanın adı ilə əlaqəlidir.
Neftçala – “Neftli çala” mənasındadır. (“neft” və “çala” – çökəklik).
Naxçıvan - bəzi tədqiqatçılar bu toponimi Nuhun əfsanəsi ilə əlaqələndirir, bir çoxu naxç tayfa adı ilə bağlayırlar. Bəzilərisə “xoş, faydalı su” kimi izah edirlər.
Oğuz – Qədim türk tayfa birliyinin adı ilə bağlıdır.
Saatlı – XIV əsrin ortalarında Çuxur Sad (indiki Ararat) vilayətinin hakimi Əmir Saaddın adı ilə adlandırılmış türkdilli tayfanın adıdır.
Sabirabad - 1931-ci ildə Mirzə Ələkbər Sabirin adı verilib.
Salyan – Hunların türkdilli “Sal” tayfasının məskunlaşması nəticəsində adlandırılması ehtimal olunur.
Sumqayıt – Şəhərin adı XIII əsrdə monqol işğallarında iştirak etmiş Şirvan və Aranda olan suqait (sukait) tayfasının adı ilə bağlıdır.
Siyəzən - Ərazidə neft yatağı aşkar edildiyindən “qara su”, “qara torpaq” kimi mənalandırlır.
Şabran – Türk mənşəli “Sabir” (savar) tayfasının adı ilə bağlıdır.
Şamaxı – “Şamak”, “şamake” tayfa adıdır.
Şirvan – “Şir” və ya “Şar” tayfasının adı ilə bağlıdır. Deyilənə görə “şirlər diyarı” kimi yozulur. Tarixən Şirvan adlanan ərazidə 50-dən artıq şor göl olması faktı toponimin “şor göllər” kimi izah olunmasına əsas verir. Şirvan əhalisi şorlaşmış sahələrə “şirə” deyir.
Şuşa – Güman edilir ki “şiş” - iti uclu zirvə mənasındadır.
Şəki – Şak, şaka tayfasının adı ilə bağlıdır.
Şəmkir – Adını ərazisindəki çayın adından alıb. “Saamların çayı” mənasındadır (saamlar Azərbaycana gələn tayfalardan biri olub, “şəm” hissəciyi onların adalarını əks etidirir).
Tərtər – “Tərtər” tayfa adıdır.
Tovuz – Bəzi tədqiqatçılara görə qədim türk dillərində “taus” (səs-küylü) sözü ilə bağlıdır. Həmçinin “zəif, ensiz su” mənasında işlənən “qovuş” xalq termini ilə də bağlayırlar.
Ucar – Bəzilər eyniadlı tayfa adı ilə əlaqələndirir, bəzilərisə “uc” (sərhəd, kənar yer) sözü ilə bağlılığını güman edir. Türk dillərində bu söz “bazar, alış-veriş yeri” mənasında da işlənir.
Yardımlı – Erdem tayfasının adı ilə bağlıdır.
Yevlax – Y.V. Çəmənzəminlinin “Qan içində” romanında yazdığına görə bu ərazi keçmişdə Qarabağ xanlarının ov yeri olub, Ovlaq adlanırılıb. Başqa bir mülahizəyə görə, “isti yer, səhralıq, çöllük” mənasındadır. (Qədim türkcə “yaba”, “yava” - isti, boş yer, səhra və “laq” - məkan, yer).
Zaqatala – Dağıstanın cənubunda yaşayan saxurların məskunlaşması nəticəsində yaranıb. Yerli azərbaycanlılar “saxa” sözünü “zaxa” kimi tələffüz etdiklərindən indiki formasına düşüb. “Tala” - kənd deməkdir.
Zərdab – “Sarısu” deməkdir (“zərd”- sarı və “ab” - su).
Zəngilan – “Zəngilərin məskəni” deməkdir (“zəngi” tayfa adıdır).

Arifə Mikayılova






26 Oktyabr, 2011  18:34 Baxılıb: 2520 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner