Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nərgiz Paşayevanın iştirakı ilə tədbir -FOTO

Tədbir "Hilton Bakı" otelində baş tutub

Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Beynəlxalq Humanitar Forum işini yeddi bölmə iclasında davam etdirib. “Sosial jurnalistika və yüksək texnologiyalar”, “İnkişafın iqtisadi modellərinin humanitar aspektləri”, “Dünyanı dəyişdirən müasir texnologiyalar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyər sistemləri”, “Biotexnologiyalar və etika problemləri”, “Multikulturalizm: nailiyyətlər və problemlər”, “Elmlərin konvergensiyası” mövzularında keçirilmiş bölmə iclaslarında son dərəcədə səmərəli, məzmunlu və maraqlı diskussiyalar aparılmışdır.

Forumda müasir inkişaf mərhələsində bəşəriyyəti narahat edən çağırışların həllinin fəlsəfi və humanitar aspektləri müzakirə olunmuşdur.

Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.

AzərTAc Forumun ikinci iş gününün gedişini bölmə iclasları üzrə şərh edir.

Sosial jurnalistika və yüksək texnologiyalar qloballaşma dövrünün yeni meyilləridir

Oktyabrın 11-də “Kempinski Badamdar” otel kompleksində Bakı Beynəlxalq Humanitar Forumunun “Sosial jurnalistika və yüksək texnologiyalar” mövzusunda bölmə iclası keçirilmişdir.

İclasda jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi məsələsinin müzakirə olunması təsadüfi deyildir. Çünki bu məsələ XXI əsrin sosial sifarişlərindən biridir.

Bölmə iclasının gündəliyindəki məsələlərin hər biri ayrıca paneldə müzakirə olunmuşdur. Birinci paneldə ənənəvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələr, ikincidə qloballaşma dövründə informasiya sahəsində yeni meyillər, üçüncüdə isə sosial medianın regional siyasətə bəzən səmərəli təsiri, hətta tarixin axarını dəyişmək qabiliyyəti müzakirə edilmişdir.

Panelləri Bakı Beynəlxalq Humanitar Forumunun işinin informasiya dəstəyini təmin edən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS, eləcə də Türkiyənin Anadolu informasiya agentliklərinin rəhbərləri aparmışlar.

İclasda dünyanın müxtəlif qitələrindən Bakıya gəlmiş ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, nüfuzlu media qurumlarının rəhbərləri, ekspertlər, məsləhətçilər, Azərbaycanın ali təhsil ocaqlarının jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələr və s. iştirak etmişlər.

Şərti olaraq “XXI əsrdə sosial jurnalistika: hər kəs jurnalist ola bilər” adlandırılmış birinci paneli AzərTAc-ın baş direktoru Aslan Aslanov açaraq qonaqları Bakı Beynəlxalq Humanitar Forumunda salamlamış, onlara səmərəli iş, maraqlı diskussiyalar arzu etmişdir.

“Bu tədbirin keçirilməsi ideyası meydana gələndə o, dinamik inkişaf edən bir dövlətin paytaxtında elə bir nüfuzlu beynəlxalq platforma yaradılması kimi nəzərdə tutulmuşdur ki, dünya elminin və mədəniyyətinin görkəmli xadimləri, tanınmış ekspertlər yeni minillikdə bəşəriyyətin qarşılaşdığı qlobal humanitar mövzuları müzakirə etmək üçün həmin məkanda toplaşsınlar”, - deyən baş direktor vurğulamışdır ki, həqiqətən, bu gün gənc müstəqil Azərbaycan dövləti bütün iqtisadi göstəricilər üzrə regional liderdir və burada belə bir platformanın təsis edilməsi tamamilə məntiqli və vaxtında atılan addımdır. Digər tərəfdən, bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşan dünyamızın mövcud şəraiti nəzərə alınmaqla XXI əsrdə gedən proseslərin müzakirə olunmasını mütləq zərurətə çevirir. Hazırda dünyada o qədər humanitar məsələlər yığılıb qalmışdır ki, onların müzakirəsinin zəruri olduğunu diktə edən yeni gündəmin formalaşmasından danışmağın əsl vaxtıdır.

Birinci panelin moderatoru İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko isə vurğulamışdır ki, medianın yeni forması olan sosial jurnalistika inkişaf etməkdədir. Sosial jurnalistika bir çox sahələrin inkişafına da öz təsirini göstərir. Ənənəvi media ilə yeni sosial medianın bir-birindən fərqləndiyini deyən Vitali İqnatenko qeyd etmişdir ki, bunları ayırmaq lazımdır. Bu istiqamətdə bir sıra ciddi addımlar atılmalıdır. Sosial şəbəkələr insan həyatının bütün sahələrinə təsir göstərir. Son illər geniş yayılmış sosial jurnalistika cəmiyyətin müxtəlif təbəqələrindən olan adamlar arasında fikir mübadiləsi üçün platforma yaradır.

Assoşieyted Press agentliyinin direktor müavini Tomas Kent jurnalistikada yeni və köhnə modellərdən danışaraq vurğulamışdır ki, medianın ənənəvi növləri ilə yanaşı, sosial media məxsusi özəlliklərə, funksiya və peşəkar texnoloji xüsusiyyətlərə malikdir. Bütün bunlar yeni tipologiyanın ortaya çıxması barədə fikir yürütməyimizə imkan verir. Sosial media dinləyiciləri, oxucuları, tamaşaçıları təkcə baş vermiş hadisələrlə bağlı məlumatlandırmır, eyni zamanda, müxtəlif məsələlərlə əlaqədar fikir mübadiləsi aparılmasına da geniş imkanlar yaradır.

UNESCO-nun baş direktorunun informasiya və kommunikasiya məsələləri üzrə müavini Yanis Karklins məruzəsində qeyd etmişdir ki, bu gün informasiya texnologiyaları kommunikasiyalar üçün əvvəllər məlum olmayan yeni yollar açır. Bu gün dünyada 2 milyard adam internetdən istifadə edir, jurnalistika isə ənənəvi kütləvi informasiya vasitəsidir. Bu gün ənənəvi jurnalistika ilə kommunikasiyaların yeni formaları arasında balansın yaradılması çox vacibdir.

“Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusev, Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, “Oqonyok” jurnalının baş redaktoru Viktor Loşak və Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dekanı Aynur Bəşirli mövzu ilə bağlı çıxış etmişlər. Baş direktor Kamal Öztürk demişdir ki, KİV-lərin hazırkı nümayəndələri jurnalistikadakı köklü dəyişikliyi yaxşı dərk etməli, cəmiyyətin tələbatlarını düzgün müəyyənləşdirməli və məhz yeni modellərə və tələblərə cavab verən məhsulları inkişaf etdirməlidirlər. Ənənəvi KİV üçün iki fəaliyyət istiqaməti mövcuddur: informasiya yarışında sosial mediadan istifadə etmək və kütlənin əsas ünsiyyət vasitəsi olmaq. Lakin bu, yüksək peşəkarlığa əsaslanan jurnalistikanın prinsiplərini dəyişməməlidir.

Anadolu Agentliyinin baş direktoru Kamal Öztürkün moderatorluğu ilə keçən “Qloballaşan dünyada qlobal media və xəbər istehsalında yüksək texnologiyaların inteqrasiyası” mövzusunda ikinci panel də maraqlı diskussiyalarla yadda qalmışdır.

AzərTAc-ın baş direktoru Aslan Aslanov “Multimedia informasiya agentliklərinin işində yeni səhifədir” mövzusunda məruzə ilə çıxış edərək demişdir ki, panelin mövzuları qlobal inkişafda və bəşəriyyətin ümumi tərəqqisində elmi-texniki nailiyyətlərin artmaqda olan rolunu əks etdirir. Bu rolun əhəmiyyəti media sektorunda hi-tech nailiyyətlərinin tətbiq edilməsi prosesində xüsusilə aşkar görünür.

Cəmiyyətlər, dünya nizamı dəyişdikcə media da dəyişmişdir, - deyən baş direktor bildirmişdir ki, bəşəriyyət lap yaxın vaxtlarda yeni minilliyə qədəm qoyarkən onu müşayiət edən təhdidlərə bizim cəmiyyətlərin hazır olması bu gün dünya jurnalistikasında ən çox müzakirə edilən mövzulardan biridir.

Aslan Aslanov vurğulamışdır ki, İnternetin bugünkü istifadəçiləri isə artıq yeni multimedia inqilabının mərkəzindədirlər. İnformasiya agentliyinin arsenalında mətnli məlumatlarla yanaşı, video və audioxəbərlərin də olması artıq heç kəsi təəccübləndirmir.

Bir sıra agentliklərin veb-saytlarına daxil olanda xəbər materiallarının bu növünün toplandığı bölmələri görmək olar, - deyən AzərTAc-ın baş direktoru qeyd etmişdir ki, həmin agentliklərin çoxu videomaterialların yayılmasında müxtəlif, məsələn, “YouTube” kimi ixtisaslaşdırılmış videoportalların resurslarından istifadə edir. Lakin AzərTAc da daxil olmaqla agentliklərin çoxunun özlərinin texniki imkanları vardır. Məsələn, AzərTAc ixtisaslaşdırılmış portalların xidmətlərindən istifadə etməyə heç bir ehtiyac duymadan özünün xarici tərəfdaşlarından əsla geri qalmır. İstehlakçılar AzərTAc-ın İnternet resursları vasitəsilə əlyetərli olan səsli informasiyadan da geniş istifadə edirlər.

Pakistanın Preston Universitetinin rektoru Basit Abdul, Latviyanın “Petit” nəşriyyat evinin rəhbəri Aleksey Şeynin, Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Jurnalistləri Milli Konqresinin sədri Zaur Babayev sosial jurnalistikanın qloballaşma dövründə informasiya sahəsində yeni meyillərdən, qloballaşmanın ənənəvi mediaya, informasiya istehsalına və onun istehlakçılarına təsirindən, qloballaşmış iqtisadiyyatın informasiya sektorundakı rolundan danışmışlar. Bundan əlavə, paneldə yeni media-texnologiyaların müxtəlifliyi, habelə informasiya istehsalçılarının gündəlik peşə fəaliyyətində bu müxtəliflikdən necə istifadə edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc-ın Almaniya və Çexiya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçən “Sosial media və siyasət: inteqrasiya və (yaxud) qütbləşmə?” mövzusunda üçüncü paneldə də səmərəli və məzmunlu müzakirələr aparılmışdır.

ABŞ-ın təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə eksperti Ariel Koen, “The Diplomatic Insight” jurnalının baş redaktoru Nur Mohammad Asif, BDU-nun müəllimləri Təranə Mahmudova və Vüqar Əliyev, “TV-Sentr” telekanalının tanınmış icmalçısı
Leonid Mleçin, İordaniyalı ekspert Cəmil Əli Nimer sosial medianın milli və regional siyasətə təsirindən danışmışlar.

Qeyd olunmuşdur ki, bu ilin sonunadək dünyada sosial şəbəkələrə üzv olan insanların sayının 1 milyarda çatması gözlənilir. Hazırda “YouTube”yə bir dəqiqədə orta hesabla 48 saatlıq video yüklənir. “Twitter” vasitəsilə hər gün 200 milyon mesaj göndərilir. 800 milyondan çox üzvü olan “Facebook”da üzvlərin bir gündə yüklədiyi fotoşəklin sayı orta hesabla 250 milyondan çoxdur.

“Multikulturalizm: nailiyyətlər və problemlər” mövzusunda maraqlı müzakirələr aparılmışdır

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Multikulturalizm: nailiyyətlər və problemlər” mövzusunda bölmə iclası oktyabrın 11-də “Hilton Baku” otelində keçirilmişdir.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin, filosofların və mədəniyyətşünasların iştirakı ilə baş tutan tədbirdə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, “Rusiya-Azərbaycan” Cəmiyyətinin sədri Yefim Pivovar multikulturalizmin dövlət siyasətindəki rolundan danışmışdır.

Y.Pivovar Bakı Beynəlxalq Humanitar Forumunun dünyanın bir çox ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər üçün təcrübə mübadiləsi aparmaq baxımından geniş imkanlar açdığını qeyd etmişdir.

Tədbirdə çıxış edənlər etnik azlıqlar, onların milli xüsusiyyətlərinin qorunub saxlanılması məsələsinə toxunmuşlar. Multikulturalizmi cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndirən natiqlər onun mücərrəd ideya deyil, real fakt olduğunu vurğulamışlar.

Məruzəçilərin əksəriyyəti Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun, multikulturalizmin yüksək səviyyədə inkişaf etdiyi bir ölkədə keçirildiyini xüsusi vurğulayaraq, Azərbaycanda olmaqlarından məmnunluqlarını ifadə etmişlər.

İclasda diqqət yetirilən mövzulardan biri də məhz multikulturalizmin Azərbaycan modeli məsələsi olmuşdur. Qeyd edilmişdir ki, ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaratmışdır. Azərbaycandakı mövcud tolerantlığın bütün dünyaya nümunə olduğu qeyd edilən toplantıda ölkəmizdə etnik müxtəlifliyin qorunması üçün lazımi səylərin göstərildiyini vurğulamışlar. Qeyd edilmişdir ki, Azərbaycan bu sahədə əldə etdiyi təcrübəni hər zaman bölüşməyə hazırdır.

İlk dəfə Azərbaycana 2000-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti ilə gəldiyini xatırladan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura o vaxtdan bəri ölkəmizdə bir çox müsbət dəyişikliklərin baş verdiyini vurğulamışdır. Bildirmişdir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan UNESCO-nun Dünya Mədəni, muğam isə təşkilatın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına salınmışdır.

UNESCO-nun keçmiş baş direktoru multikulturalizmin inkişafının zəngin mənəvi irsin qorunması, eyni zamanda müasir mədəniyyətin inkişafı sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır.

K.Matsuura bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin irəli sürdüyü çox gözəl təşəbbüsdür. Çünki XXI əsrdə bəşəriyyət müzakirəyə ehtiyacı olan bir çox problemlərlə üzləşmişdir. Ona görə də bu məsələlər humanizm nöqteyi-nəzərindən mütləq təhlil edilməlidir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva multikulturalizmin tarixi haqqında məlumat vermişdir. Bildirmişdir ki, yaxın zamanlarda geniş yayılmasına baxmayaraq, bu anlayışın əslində qədim tarixi vardır. Bunu bəşəriyyətin tarixi də sübut edir.

Multikulturalizmin ümumbəşəri varlığın inkişafının əsaslarından biri olduğunu deyən professor N.Paşayeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl”, Hötenin “Qərb-Şərq divanı” əsərlərini misal çəkmişdir. Bildirmişdir ki, əvvəlki əsrlərlə müqayisədə bu gün “multikulturalizm” termini bir qədər fərqli məna daşıyır. Bu gün alimlərin əsas məqsədi cəmiyyətin daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara meyilliyini artırmağa nail olmaqdır.

Qeyd edilmişdir ki, mədəni bərabərliyin təmin edilməsi, tolerantlığın inkişafında mühüm rol oynayan multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir, ayrı-seçkiliyin qarşısını alır, fərqli mədəniyyətləri təmsil edən xalqların sülh şəraitində birgəyaşayışına müsbət təsir göstərir.

Professor N.Paşayeva multikulturalizmin təbliğində bu kimi beynəlxalq tədbirlərin davamlı olaraq təşkil edilməsinin zəruriliyini vurğulamışdır.

Tədbirdə gənclərin daha həssas olduğu nəzərə alınaraq onların mədəniyyətlərarası dialoqda daha fəal rol oynamasının vacibliyi vurğulanmışdır.

Bölmə iclasında çıxış edən digər natiqlər mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın son dövrlər humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirmiş, Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

Bakı Dövlət Universitetində keçirilən bölmə iclasında “Dünyanı dəyişən müasir texnologiyalar” mövzusu geniş şərh edilmişdir

“XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumunun “Dünyanı dəyişən müasir texnologiyalar” mövzusunda bölmə iclası Bakı Dövlət Universitetində (BDU) keçirilmişdir.

Üç paneldən ibarət olan iclasda qonaqları salamlayan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bakıda keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışmışdır.
Rektor XX əsrin sonu və XXI əsrin ilk onilliyində informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrildiyini bildirmişdir.

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi “Müasir texnologiyalar və qlobal fəlakətlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Rusiyalı alim artıq qloballaşmaqda olan fəlakət mənbələrinin müəyyənləşdirilməsinin müasir səviyyədə təşkilindən danışmışdır. O, bu sahədə bir çox təcrübələrdən yararlanmaq və qabaqcıl texnologiyalardan istifadə etməklə müasir sivilizasiyanın fəlakətlərlə bağlı ən vacib qlobal problemlərini müəyyənləşdirmək və onların mümkün həlli yollarını tapmaq məsələləri barədə fikirlərini bölüşmüşdür.

“Qloballaşma dövründə elm və təhsilin inteqrasiya proseslərində müasir texnologiyaların rolu “ adlı ikinci paneldə Bakı Dövlət Universitetinin rektoru, akademik A.Məhərrəmov “İntensiv texnologiyaların sürətli artımı şəraitində elm və təhsilin balanslı inkişafı” mövzusunda məruzə etmişdir. Universitetin rektoru sürətli texnologiya, kompyuter və texnikanın inkişafının təkcə insan düşüncəsinə, psixologiyasına deyil, elm və təhsilə də təsir etdiyini vurğulamışdır.

A.Məhərrəmov ölkədə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından danışmış, təhsil sisteminin beynəlxalq aləmə inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, ali məktəblərdə innovasiyaların, nanotexnologiyaların tətbiqi, texnoparkların yaradılması üçün irəli sürülən təşəbbüslər barədə də danışmışdır.

Rumıniyadakı Qaradəniz Universitetlər Şəbəkəsinin ümumi katibi, texnika elmlər doktoru, professor Mahmut Eden Azərbaycana təkrar səfərindən məmnunluq ifadə etmişdir. O, Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan və Rusiya Prezidentlərinin təşəbbüsü ilə həyata keçirdiyini xatırlatmış və buna görə də onlara təşəkkürünü bildirmişdir.

M.Eden elmin, təhsilin, texnologiyanın və texnikanın insan həyatının, yaşam tərzinin asanlaşmasına xidmət etməsi üçün bütün elm adamlarının bir araya gəlməsinin vacibliyini vurğulamışdır. O, Qobustan Milli Tarix-Bədii Qoruğuna səfərindən təsirləndiyini bildirmişdir.
Rumıniyalı qonaq bu qoruğun Azərbaycan tarixinin qədimliyini, ilkin insan məskənlərinin məhz planetin bu bölgəsində olduğunu sübut etdiyini bildirmişdir. M.Eden vurğulamışdır ki, qaya üzərindəki rəsmlər insanların çətinliklərə qarşı birgə mübarizə apardıqlarını sübut edir. Bugünkü ekoloji fəlakətlərə və bir çox problemlərə qarşı da məhz klassik ənənələrə sadiq qalaraq birlikdə mübarizə aparmaq vacibdir.

İclasın “Müasir texnologiyalar və davamlı inkişaf” adlı üçüncü panelini giriş sözü ilə açan Türkiyənin Bilkənd Universitetinin idarə heyətinin rəhbəri Əli Doğramacı humanitar məsələlərin müzakirə olunduğu Forumun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir. Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini deyən natiq, bunun üçün yüksək peşəkarlığa sahib olan mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulamışdır. O, müasir texnologiyaların elmə gətirdiyi yeniliklərdən, bu texnologiyaların insan həyatındakı davamlı inkişafından danışmışdır. Ə.Doğramacı müasir elmin və texnologiyanın, informasiya cəmiyyətinin bərqərar olması nəticəsində ortaya çıxan çoxsaylı humanitar problemlərin kompleks şəklində araşdırılmasının zəruriliyini söyləmişdir.

AMEA-nın müxbir üzvü Rasim Əliquliyev rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun elmi-tədqiqat, tədris-innovasiya fəaliyyəti, eyni zamanda, internet və kompyuterin insan həyatındakı rolu haqqında ətraflı məlumat vermişdir.

Direktor xarici ölkələrin informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə nüfuzlu universitetləri ilə aparılan bilik və təcrübə mübadiləsindən söhbət açmışdır.

İKT biliklərinin cəmiyyətə inteqrasiyasının günün tələbi olduğunu vurğulayan alim, Bakı Beynəlxalq Humanitar Forumunun innovativ biliklər əldə etməsinə xidmət etdiyini diqqətə çatdırmışdır.

Türkiyənin Bilkənd Universitetinin Nanotexnoloji Araşdırmaları Mərkəzinin professoru Volkon Dəmir Hilmi nativ enerji sahəsindəki təcrübələrdən və ixtiralardan danışmışdır. Bildirmişdir ki, bu gün geniş işlədilən enerji növlərinin tükənəcəyi artıq bütün dünyanın alimlərini narahat edən bir məsələdir. Volkon Dəmir Hilmi təmsil etdiyi universitetin bir qrup gənc aliminin bu sahədəki araşdırması barədə ətraflı məlumat vermişdir.

İclas Azərbaycan, Türkiyə, ABŞ və Rusiya alimlərinin mövzu ilə bağlı məruzələri ətrafında maraqlı diskussiyalarla başa çatmışdır.

Bəşəriyyət mövcud ehtiyatlardan qənaətlə istifadə etməyə başlamalıdır

İnkişaf, qloballaşma, Yer kürəsinin ehtiyatlarına qənaət, demoqrafik böhran – bütün bu məsələlər Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Elmlərin konvergensiyası” panel iclasında müzakirə mövzuları idi.

Alimlər xəbərdarlıq edirlər ki, bəşəriyyətin bugünkü inkişafı gec-tez onu çıxılmaz vəziyyətə salacaqdır. Buna görə də sivilizasiya böhranı ilə üzləşməmək üçün resurslardan istifadə məsələsi keyfiyyətcə yeni səviyyəyə çatdırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov qeyd etmişdir ki, elmlərin konvergensiyası müxtəlif elmi biliklərin sintezidir. İnformasiya texnologiyaları və nanotexnologiyalar bu qəbildəndir. M.Kərimovun sözlərinə görə, bəşəriyyətin bugünkü tərəqqisi böhranların aradan qaldırılmasının yeni yollarını axtarmaq zərurətini əsaslandırır, bu da öz növbəsində problemin humanitar aspektinin aktuallığını şərtləndirir.

Rusiyadakı “Kurçatov İnstitutu” Elmi Tədqiqat Mərkəzinin direktoru Mixail Kovalçukun fikrincə, bəşəriyyət sistemli böhrana doğru irəliləyir: resurslar uğrunda mübarizə gedir. Müasir aləmdə münaqişələrin sayının get-gedə artması da bununla izah edilir. Alimin sözlərinə görə insan təbiətin malik olduğu hər şeyi onun əlindən almağa çalışır, bu isə təbiətə münasibətdə antaqonizmdir. Lakin alim əmindir ki, çıxış yolu vardır. M.Kovalçuk demişdir: “Texnosfera yaratmaq lazımdır. Bəşəriyyət təbiətin tərkib hissəsinə çevrilməlidir, çünki təbiət özlüyündə resursların ən qənaətcil istifadəçisidir. Baxın, insan günəş batareyalarını məhz təbii modellər əsasında yaratmışdır, lakin indi bu texnologiya insanın tələbatını təmin etmir. Biz zavodların, maşınların, başqa enerji istehlakçılarının işləməsi üçün daha çox enerji istəyirik. Əslində, insan enerji daşıyıcılarından tamamilə asılı vəziyyətdədir. Lakin əgər biz resurslardan təbiətə oxşar şəkildə istifadə etməyə başlasaq insan bu asılılıqdan azad ola bilər”.

Akademik Yevgeni Velixovun fikrincə, qloballaşma da elmlərin konvergensiyasıdır. Onun sözlərinə görə, qloballaşma əslində elə konvergensiya deməkdir. Akademik demişdir: “Əvvəllər insanlar özləri istədiyi kimi yaşayırdılar, indi isə bütün cəmiyyətlər birləşir, birgə yaşayırlar”.

Fəlsəfə elmləri doktoru Əli Abbasov sivilizasiyanın tərəqqisinin humanitar aspektini vurğulayaraq bildirmişdir ki, inkişaf təbiətin resurslarından keyfiyyətli istifadə deməkdir.
Azərbaycan aliminin fikrincə, konvergensiya elmlərin qovuşması və bir-birini qarşılıqlı zənginləşdirməsi deməkdir. Onun sözlərinə görə müasir dövrdə bəşəriyyət bir dilemma qarşısındadır: o, insanın özünü, yoxsa insanı əvəz edə biləcək texnologiyaları inkişaf etdirmək variantları arasında seçim etməlidir.

Bəşəriyyətin inkişafının həddi resurslarla deyil, biliklərlə müəyyən edilir. Bu fikrin müəllifi rusiyalı alim Sergey Kapitsadır. O belə hesab edir ki, sivilizasiyanın böhranı resursların çatışmaması ilə deyil, biliklərin böhranı ilə əlaqədardır. İndi əsas məsələ bu resursları düzgün bölüşdürməkdir.

S.Kapitsa deyir ki, hazırda bəşəriyyət demoqrafik inqilab kimi böhranlı dövr keçirir. S.Kapitsa demişdir: “İndi dünya əhalisinin sayının sabitləşməsi dövrünü yaşayırıq. Bu say 11 milyard səviyyəsində olmalıdır. Bu proses hər qadına düşən uşaqların orta sayının kəskin azalması, ailə və mədəniyyət böhranı ilə müşayiət olunur. Gənc nəsil sürətlə qocalmaqdadır, əlli ildən sonra gənclərin sayı kəskin şəkildə azalacaqdır”.

Panel sessiyasında Litva, İran və İtaliyadan gəlmiş alimlərin məruzələri də dinlənilmişdir.

Gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələrin və müasir biotexnologiyaların tətbiqi tibb elminə böyük töhfələr verə bilər

Beynəlxalq Forumun “Biotexnologiyalar və etikanın problemləri” mövzusunda bölmə iclası Azərbaycan Tibb Universitetində keçirilmişdir.

İclası açan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən Forumun humanitar problemlərin həlli baxımından əhəmiyyətini vurğulamışdır. Forumda aktual məsələlərin müzakirə edildiyini bildirən rektor bu mötəbər tədbirdən gözləntilərin böyük olduğunu diqqətə çatdırmışdır.

Bölmə iclasında keçirilən üç paneldə “Molekulyar biologiya”, “Biotexnologiyalar” və “Etikanın problemləri” mövzuları müzakirə olunmuşdur.

Bölmə iclasının birinci panelinin moderatoru Rusiya Elmlər Akademiyasının akademiki, gen mühəndisliyi və biotexnologiya üzrə alim Konstantin Skryabin biotexnologiyaların tətbiqi baxımından Azərbaycanın MDB ölkələri arasında daha çox diqqət cəlb etdiyini bildirmişdir. Akademik biotexnologiyaların inkişaf etdirilməsinin, onların tətbiqinin etikaya zidd olub-olmamasının bu sahənin əsas müzakirə mövzusu olduğunu demiş, bölmə iclasında da bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.

Pekin Gen İnstitutunun prezidenti Huaminq Yanq gen mühəndisliyi ilə bağlı rəhbərlik etdiyi qurum tərəfindən, eləcə də beynəlxalq miqyasda həyata keçirilən layihələrdən danışmışdır. Bildirmişdir ki, gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələr müasir biotexnologiyaların tətbiqi ilə tibb elminə böyük töhfələr verə bilər. Sağlamlıq baxımından genlərin müəyyən olunması ilə bağlı son illərdə böyük tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran H.Yanq demişdir ki, müasir dünyada problemləri aradan qaldırmaq üçün gen mühəndisliyi inkişaf etdirilməlidir.

Bitkilərdə gen mühəndisliyi barədə məruzə edən Ölkələrin İnkişafı üçün Əkin Biotexnologiyası İnstitutunun rəhbəri Mark Van Monteqyu biotexnologiyaların inkişafı ilə kənd təsərrüfatının sürətli inkişafına nail olmağın mümkünlüyünü vurğulamışdır. Hazırda bir milyarddan artıq insanın ərzaq qıtlığı təhlükəsi ilə üzləşdiyini və kənd təsərrüfatının bu ehtiyacı ödəyə bilmədiyini deyən natiq, bu problemin aradan qaldırılması üçün əkin biotexnologiyalarının geniş tətbiqinin vacibliyini vurğulamışdır.

Bizim əsas missiyamız biotexnologiyalardan istifadə etməklə cəmiyyət üçün qəbul edilə bilən bitkilərin yaradılmasıdır, - deyən M.V.Monteqyu vurğulamışdır ki, hazırda bu sahədə böyük irəliləyişlər vardır. Lakin bu, ehtiyacların ödənilməsi üçün kifayət etmir. Gələcəkdə ərzaq qıtlığı ilə qarşı-qarşıya qalmamaq üçün biz davamlı kənd təsərrüfatı yaratmalıyıq.
Dünya əhalisinin sürətlə artdığı bir şəraitdə biotexnologiyaların rolu ön plana çıxır, - deyən “Burrill & Company” şirkətinin baş direktoru Stiven Burrill cəmiyyətin sürətli inkişafının süni texnogen vəziyyət yaratdığını, yeni xəstəliklərin, ərzaq, enerji və s. ilə bağlı problemlərin ortaya çıxdığını bildirmişdir.

Dünyada səhiyyə sahəsində artıq rəqəmsal sistemə keçildiyini diqqətə çatdıran S.Burrill bildirmişdir ki, biotexnologiyaların inkişafı insanların sağlamlıqla bağlı xərclərini azaltmışdır.
Rusiya Elmlər Akademiyasının akademiki Renat Akçurin çıxışında əsasən, ürək-damar sisteminin pozğunluğundan əziyyət çəkən yaşlı xəstələrin müayinəsində biotexnologiyaların tətbiqindən danışmışdır. Bildirmişdir ki, müasir biotexnologiyaların tətbiqi ürək cərrahiyyəsinə geniş töhfələr vermişdir. Natiq qeyd etmişdir ki, müasir cərrahiyyədə biotexnologiyaların geniş tətbiqi klinikalarda xəstələr üzərində cərrahiyyə əməliyyatlarının daha dəqiq aparılmasına imkan yaradır.

Estoniya Elmlər Akademiyasının prezidenti Riçard Villems gen mühəndisliyi barədə məlumat verərək bildirmişdir ki, tibbin qarşısında duran ən mühüm vəzifə biotexnologiyaların tətbiqinin zərəri və faydasını dərindən araşdırmaqdır. Bu gün gen mühəndisliyi yeni məhsulların istehsalını təmin etməklə yanaşı, onun insanların sağlamlığına zərərlərini və faydalarını dərindən öyrənməlidir. O, bu sahədə araşdırmaların ardıcıl aparılmasının və ictimaiyyətə geniş təbliğ etdirilməsinin vacibliyini bildirmişdir.

Bölmə iclasına qatılan Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster paneldə son dərəcə maraqlı mövzuların müzakirə edildiyini diqqətə çatdıraraq, belə bir möhtəşəm tədbirə ev sahibliyi edən Azərbaycanın son illərdə nail olduğu yüksək inkişafdan məmnunluğunu bildirmişdir. Bakının sürətlə inkişaf etdiyini, dünyanın gözəl şəhərlərindən birinə çevrildiyini vurğulayan R.Şuster Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkana çevrildiyini demişdir.

Biotexnologiyalar sahəsindəki kəşflərin real həyatda tətbiq edilməsinin vacibliyini vurğulayan Molekulyar Biotexnologiyalar üzrə Fraunhofer Mərkəzinin icraçı direktoru Vidadi Yusifov demişdir ki, biotexnologiyaların əsas vəzifəsi ətraf mühitin qorunmasıdır. Biotexnologiyaların tətbiqi zamanı görürük ki, onlar nə qədər ucuz və səmərəlidir. Xəstəliklərin müayinəsində və müalicəsində müasir biotexnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edən alim, problemlərin həllində onların mühüm rol oynayacağını bildirmişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Bölmə iclasına yekun vuran ATU-nun rektoru Ə.Əmiraslanov dünyanın məşhur alimlərinin Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə təşəkkürünü bildirmişdir.

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində iqtisadi inkişaf modellərinin humanitar aspektləri müzakirə edilmişdir

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Beynəlxalq Muğam Mərkəzində keçirilən “İqtisadi inkişaf modellərinin humanitar aspektləri” adlı bölmə iclasında “İnsan “simalı” iqtisadiyyat”a həsr olunan birinci altmövzunun moderatoru olan Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının rektoru Vladimir Mau iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətini vurğulamışdır. O, qeyd etmişdir ki, hazırkı dünyada iqtisadi amilləri müəyyənləşdirən prinsiplər dəyişmişdir. Hər bir dövrün özünəxas iqtisadi inkişaf prinsipləri vardır. Lakin indiki dünyada iqtisadi proseslər bir çox amillərdən asılıdır ki, iqtisadçılar özləri belə bunun öncədən proqnozunu verməkdə çətinlik çəkirlər.
Sonra Böyük Britaniyadan olan iqtisadçı, Nobel mükafatı laureatı Ceyms Mirlis, Yunanıstanın sabiq xarici işlər naziri xanım Dora Bakoyannis, Böyük Britaniya parlamentinin üzvü, Uorvik Universitetinin professoru, lord Robert Skidelski, ABŞ-ın Kolumbiya Universitetinin professoru, Keçid iqtisadiyyatlı ölkələrin öyrənilməsi Mərkəzinin direktoru xanım Desai Padma, Dövlət İqtisad Universitetinin elm və informasiya texnologiyaları üzrə prorektoru, professor Əvəz Bayramov və başqaları “İqtisadi inkişaf modellərinin humanitar aspektləri”, “Transformasiya prosesi: dövlət və mədəniyyət”, “Müasir iqtisadi inkişaf modellərinin humanitar aspektlərinə dair məsələlər”, “İqtisadi inkişaf və sosial ədalət: konseptual yanaşma” və s. mövzularda məruzələr etmişlər.

“İntellektual potensial və iqtisadi inkişaf”a həsr olunan ikinci altmövzu üzrə iclasın moderatoru Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirmişdir ki, insan kapitalı iqtisadiyyatın inkişafını stimullaşdıran, ona təsir göstərən amillərdən biridir. Bu sözə son zamanlar daha çox rast gəlindiyini vurğulayan Ş.Mövsümov ölkəmizdə neftdən əldə olunan gəlirlərin əsas hissəsinin insan kapitalına yatırıldığını diqqətə çatdırdı.

Sonra İtaliyadan diplomat Sforza Ruspoli, İordaniya Universitetinin vitse-prezidenti Bəşir Əl-Zubi, Azərbaycan Diplomatiya Akademiyasının professoru Elkin Nurməmmədov, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Emin Hüseynov və başqaları çıxış edərək sahibkarlığın inkişafının humanitar aspektləri, iqtisadiyyatın inkişafında neft gəlirlərindən səmərəli istifadə, insan kapitalı, onun bəhrəsi barədə danışmışlar.

“İqtisadi inkişafın sosial “ölçüsü”nə həsr olunan üçüncü panelin moderatoru olan Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev bildirdi ki, artıq XXI əsrin ilk onilliyi geridə qalmışdır. Biz bilik cəmiyyətinə qədəm qoymuşuq və burada adət etdiyimiz həm iqtisadi məzmun daşıyan məfhumlar, həm də iqtisadi nəzəriyyələr obyektiv olaraq müəyyən dəyişikliyə uğrayır.
Azərbaycanın özünəməxsus inkişaf modelindən danışan Ş.Hacıyev bu modelin sosial aspektlərinin əhəmiyyətini vurğulamışdır. O demişdir ki, Azərbaycan düşünülmüş iqtisadi siyasət, dövlət müdaxiləsi və eyni zamanda, liberal dəyərlərə əsaslanan institusional sistemlə sintezdə olan iqtisadi inkişaf sisteminə malikdir. Azərbaycanda formalaşan bazar iqtisadiyyatı adət olunan, klassik modellərdən qat-qat fərqli - sosialyönümlü bazar iqtisadiyyatlı sistemdir. Bu iqtisadiyyatda sahibkarlıq fəaliyyəti üçün azad, liberal münasibətlərin formalaşması üçün tam imkanlar yaradılmışdır. Bizim düzgün və uzunmüddətli hədəfə yönəlmiş, elmi cəhətdən əsaslandırılmış iqtisadi inkişaf strategiyamız mövcuddur. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir.

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Aleksandr Nekipelov, Rusiya Federasiyası Beynəlxalq Müstəqil Ekologiya-Politologiya Universitet Akademiyasının Qloballaşma və Davamlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədov, Ukrayna Prezidenti yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Andrey Yermolayev, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Tədqiqat İnstitutunun direktoru, professor Rasim Həsənov və başqaları müasir dövrdə davamlı iqtisadi inkişafın sosial aspektləri, iqtisadiyyat və mədəni dəyərlər, və s. mövzularda çıxış etmişlər.

Sonda iclasın moderatoru Ş.Hacıyev çıxış edərək bildirmişdir ki, müzakirələr zamanı çox ciddi məsələlər qaldırıldı və bu da tamamilə təbiidir. Çünki iqtisadi inkişaf modellərinin humanitar cəhətləri ilə bağlı bu gün istər nəzəri-metodoloji baxımdan, istərsə də mahiyyət və məzmun baxımından çox səmərəli diskussiyalar aparıldı.

“Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusunda bölmə iclası maraqlı diskussiyalarla yadda qalmışdır

Bakı Beynəlxalq Humanitar Forumunun “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi” mövzusunda bölmə iclası Gənc Tamaşaçılar Teatrında keçirilmişdir.

Rusiya Federasiyası Prezidentinin Mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun sədrliyi ilə keçən iclasın birinci bölməsində “Mədəniyyətin universallaşması qloballaşmanın problemi kimi” mövzusunda çıxışlar olmuşdur.

M.Şvıdkoy Bakı Beynəlxalq Humanitar Forumunun və bölmə iclasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin başçısına iştirakçılar adından minnətdarlığını bildirmişdir.

Sədr demişdir ki, son dövrlərdə dünyada mədəniyyətlərin, mədəni irsin qorunması və inkişafı sahəsində bir sıra mühüm addımlar atılmışdır. Mədəniyyət sahəsində modernləşmə artıq özünün müsbət cəhətlərini göstərməkdədir. Sübut olunmuşdur ki, sivilizasiyalararası münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolu danılmazdır.

Bildirilmişdir ki, ötən əsrin 50-60-cı illərində postmodernist meyillər ortaya çıxmışdır. Avropada da bu proses gedir. Lakin postmodernist mədəniyyət hələ də dünyada tam təşəkkül tapmamışdır. Əsas məqsəd bu məsələ ilə əlaqədar alimlərin, filosofların fikirlərini dinləməkdir.

Sonra mədəniyyətin universallaşması və qloballaşma ilə bağlı çıxışlar olmuşdur.

Rusiya yazıçısı Dmitri Bıkov mədəniyyətdə modernləşmənin təzahürlərindən danışmışdır. O, bəzi ölkələrdə arxaik mədəniyyət növlərinin hələ də qorunub saxlanıldığını vurğulamış, bu meylin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

Azərbaycanlı alim fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova çıxışında Azərbaycan mədəniyyətinin inkişaf meyillərindən, dünya mədəni irsinə verdiyi töhfələrdən danışmışdır.
O, tolerantlıq mərkəzi kimi tanınan Azərbaycanın üzləşdiyi problemdən bəhs etmiş, xalqımızın 20 ildir ki, Ermənistanın həm fiziki, həm də mənəvi təcavüzünə məruz qaldığını diqqətə çatdırmışdır.

Tanınmış kinorejissor A.Konçalovski, Avropa Şurasının gənclər və idman məsələləri üzrə direktor müavini Bunes Ulrix, Nobel mükafatı laureatı yazıçı Naypol Vidiadxar Suracprasad, Türkiyənin Topqapı Sarayının direktoru İlbert Ortaylı və başqaları çıxış edərək qloballaşan dünyada çoxmədəniyyətliliyin təzahürləri barədə fikirlərini bölüşmüşlər. Natiqlər Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələri, tolerantlıq mühitini yüksək qiymətləndirmişlər. Çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, insanlara mənəvi təzyiqlərin nəticələri daha ağır olur, ona görə də münaqişələr tezliklə həllini tapmalı, xalqlar və millətlər mənəvi təzyiqlərdən xilas olunmalıdırlar.

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun sədrliyi ilə davam edən ikinci paneldə isə “Postmodern mədəniyyətin dinamikasının ritmləri” mövzusu müzakirə olunmuşdur.

S.Seyidov demişdir ki, sürətlə inkişaf edən, tolerantlığı, zəngin mədəni irsi ilə örnək olan Azərbaycanda bu cür tədbirlərin keçirilməsi ənənə halı almışdır. Bu gün Azərbaycanda Katolik, Pravoslav kilsələrinin, sinaqoqların yüksək səviyyədə fəaliyyət göstərdiyini vurğulayan panel sədri, Bakının mədəniyyətlərin paytaxtı kimi də tanındığını bildirmişdir. O, elm və mədəniyyət xadimlərinin, tanınmış ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin müsbət bəhrəsini verəcəyinə əminliyini ifadə etmişdir.

Sonra Rusiya nümayəndə heyətinin üzvü, fəlsəfə elmləri doktoru Nelli Motroşilova, Böyük Britaniyanın Qlazko Universitetinin professoru Donnel Hyu, Rusiya Pravoslav Kilsəsinin yepiskopu Sergey Zvonaqyev və başqaları çıxış edərək postmodernist mədəniyyətin inkişafında icma mədəniyyətinin, şəxsiyyətin rolundan danışmış, Azərbaycandakı mədəni və dini dözümlülüyü yüksək qiymətləndirmişlər.

Polşa Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun professoru Sezar Vodzinskinin moderatorluğu ilə davam edən üçüncü paneldə müzakirə olunan “Postmodern mədəniyyətində mənəvi şəxsiyyət modeli” mövzusunun müzakirəsi də canlı diskussiya şəraitində keçmişdir.

Çıxışlarda, ilk növbədə Forumun, eləcə də bölmə iclaslarının təkcə postmodernist mədəniyyətin deyil, əlaqələrin hərtərəfli inkişafına da böyük töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə milli musiqimizin inkişaf tarixi, Avropa mədəniyyətinin öyrənilməsi, mədəniyyətin modernləşməsi ilə bağlı görülən işlər barədə məlumat vermiş, psotmodernist mədəniyyətin mahiyyətindən danışmışdır.
Tehran Universitetinin dünya elmləri fakültəsinin professoru Əmir-Əhmədi Bəhram, Almaniyanın Humboldt Universitetinin professoru Aux Eva-Mariya və digərləri çıxış etmiş, mədəniyyətlərarası dialoqun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirmişlər.
Azərbaycanda gənc nəslin özündən böyüyə, eləcə də kiçiyə göstərdiyi hörmət və ehtiram xüsusilə yüksək dəyərləndirilmiş və bunun digər ölkələr üçün nümunə olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki, hər bir dövlətin gələcəyi gənclərin elmə, təhsilə cəlb olunması ilə sıx bağlıdır. Azərbaycanda bu istiqamətdə görülən işlər də təqdirəlayiqdir.
Çıxışlarda sivilizasiyalararası müharibələrin səbəbləri, mövcud regional münaqişələrin acı nəticələri, mədəniyyətlərarası dialoqun mahiyyəti, çoxmədəniyyətliliyin əleyhinə çıxan siyasi meyillərin mənfi təzahürləri barədə fikirlər səslənmişdir. Qeyd olunmuşdur ki, müasir siyasi istiqamətlər insani, ekoloji, mədəni problemlər nəzərə alınmadan reallaşdırıla bilməz. Elm, mədəniyyət adamları, filosoflar, siyasətçilər humanitar qloballaşmanın reallaşdırılması üçün yeni yollar axtarmalıdırlar.

Səməd Seyidov müzakirələrə yekun vurmuş, səslənmiş fikirlərə, rəy və təkliflərə, Azərbaycana verdikləri yüksək qiymətə görə minnətdarlıq etmişdir.

X X X

Bütün bölmə iclaslarında Bakı Beynəlxalq Humanitar Forumunun Bəyannaməsi müzakirə olunaraq səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir.

Bununla da ikigünlük Bakı Beynəlxalq Humanitar Forumu öz işini başa çatdırmışdır.






12 Oktyabr, 2011  16:13 Baxılıb: 1313 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner