13 yaralıdan 5-nin vəziyyəti ağırdır
APA-nın şimal bürosunun xəbərinə görə, 90 JM 385 dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu 10 XS 251 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” 4 metr hündürlükdən dərəyə aşıb. Sərnişin avtobusu isə aşaraq yolda 15 metrədək sürüşüb. Qəzada çoxlu sayda yaralı olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılır
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə isə 90 JM 385 dövlət nömrə nişanlı “Temsa” markalı sərnişin avtobusu aşıb. Qəza zamanı sərnişin avtobusunda 28 nəfər olub. Avtobusun sürücüsü, 1968-ci il təvəllüdlü Aydın Məmmədov Lent.az-a bildirib ki, arxadan ötmə əməliyyatını həyata keçirən, Quba rayonu İsnovqışlaq kənd sakini, 1988-ci il təvəllüdlü Elsəvər Hüseynovun idarə etdiyi 10 FX 251 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil avtobusu vurub. Nəticədə sərnişin avtobusunun sürücüsü idarəetməni itirib və maşın aşıb. Qəza nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 5-nin vəziyyəti ağırdır. Xəsarət alanlar Quba rayonu, İsnovqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Telman Həsənov, Quba rayonu, Vəlvələ kənd sakini, 1994-cü il təvəllüdlü Çingiz Məmmədov, Quba rayonu, Bərqob kənd sakini, 1990-cı il təvəllüdlü Samiq Seyidov, Quba şəhər sakini, 1958-ci təvəllüdlü Firuzə Məmmədov və Quba rayonu, İsnovqışlaq kənd sakini, Elsəvər Hüseynovdur. Digər xəsarət alan 8 nəfərin xəsarətləri isə yüngüldür. Xəstəxanadan verilən məlumata görə, onlar ilkin tibbi yardımdan sonra evə buraxılacaq.
Faktla bağlı araşdırma aparılır.