Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

BAKININ ORTASINDAN ÇAY AXIR – FOTO-VİDEO

Payızın ilk yağışı paytaxtı iflic etdi

Bakının dərdi var, Bakı xəstədir. Üzərindən xeyli illər keçməsinə baxmayaraq, Səməd Vurğunun məşhur misraları bu gün də aktuallığını qoruyub saxlayır. Həqiqətən də, Bakımızın çox ciddi dərdləri, xəstəlikləri var. Bu xəstəlik xüsusilə də yağış yağanda üzə çıxır.

İlk payız yağışı kifayət etdi ki, paytaxtın sancıları tutsun. Oktyabrın-1-i səhər işə gələnlər yollarda ayaq basmağa quru yer tapa bilmirdilər. Yollarda aparılan qazıntı işləri quyular yaradır ki, bu da yağış yağanda gölməçələrə çevrilir. Asfaltda şütüyən avtomobillərin təkərindən kənara sıçrayan çirkli sular ətrafdakıların üst-başlarını pis günə salır.

Yağışın yaratdığı xoşagəlməz halları müşahidə etmək üçün Simsar.az saytının əməkdaşları bu gün səhər şəhərin bir neçə nöqtəsində olub.

Öncə yolumuzu Azərbaycan prospektindən saldıq. Prospektdən 28 May küçəsinə doğru uzanan yolda bir müddət öncə aparılan abadlıq işləri zamanı yaranan quyunun bircə balığı və balıqçısı əskik idi. Gölməçələrin olması bir yana, kanalizasiyalar da suları daşıya bilmirdi.

Yeri gəlmişkən bir müddət öncə telekanallardan birinin yağışlı Bakıdan hazırladığı reportajda küçənin ortasından axan sularda balıqların üzdüyü göstərilirdi.

Simsar.az-ın redaksiyasına gələr küçələrdə də vəziyyət dəhşətli idi. Nizami metrosunun arxasındakı küçələrdə kanalizasiya xətləri aşıb daşırdı. S.Əsgərov küçəsilə digər küçələrin kəsişən hissələrində gölməçələr yaranmışdı. İşə gələn əməkdaşlarımızı redaksiyada paltarlarını dəyişməyə məcbur oldular.

İnformasiya saytlarına və sosial şəbəkələrdə dost-tanışların qeydlərinə baxdıqda isə üst-üstə 6-7 saat yağan yağışın doğurduğu fəsadların daha ciddi olduğunu düşünməyə bilmirsən.

Məlumatlardan birində göstərilir ki, "2-ci Bayıl" adlanan ərazidən axan sular Bakı Gəmi təmiri Zavodunun qarşısında gölməçə yaradıb. Bu zaman avtomobillərin hərəkəti məhdudlaşıb və qəza vəziyyəti yaranıb.

Başqa bir məlumatda qeyd olunur: "Qaraçuxur qəsəbəsinə çoxlu qayıq lazımdır. "Sünbül" şadlıq evinin qarşısından keçmək olmur. Bura yağış o qədər yağıb ki, kanalizasiya çatdıra bilməyib və partlayıb".

Bu səpkili məlumatların sayını artırmaq mümkündür. Deyir, sən saydığını say, gör fələk nə sayır?

Məsələ burasındadır ki, Bakının kanalizasiya problemi hər dəfə yağış yağanda payız və qışda xatırlanır. Yəni təhlükə qapımızı döyəndə hay-həşir salırıq, dövlət qurumlarını tənqid edirik, yaşamımızdan şikayətlənirik.

Elə düşünürük ki, yağış suları yalnız kanalizasiya vasitəsilə daşınmalıdır. Əslində, yağış sularının daşınması üçün yolların sağ və sol tərəflərində xətlər, kiçik arxlar olmalıdır. Bakının ən sıx rayonu olan Nəsimidə bu problem daha ciddidir. Asfaltın tən ortası ilə axan su naməlum istiqamətə və bilinməyən hədəfə doğru irəliləyir. Son nöqtəyə çatınca sular yollardakı dəlmə-deşikləri doldurur, evlərə soxulur, asfalt örtüyünü tədricən sıradan çıxarır.

Tanınmış memar Nəriman Ağayev bildirir ki, şəhərin bir çox yerlərində yağış suları kanalizasiyaya axıdılır ki, bu da düzgün deyil: "Kanalizasiyadan tullantı əşyalar axmalıdır. Ora yağış suyu ilə dolanda tullantılar suyun üzünə çıxır və daşıb şəhərə axır ki, bu da üfunət iyi verir. Bakının kanalizasiya sistemi olduqca köhnədir. Düzdür, yağış sularının axıdılması üçün də yeraltı xətlər mövcuddur. Amma onların yenilənməsinə ehtiyac var. "Avrovizion" yarışmasına hazırlaşan Bakının gərək tezliklə kanalizasiya problemi həll edilsin. Allah eləməsin, yarış günündə yağış yağsa, neyləyəcəyik? Məlumatlar var ki, Bakının su və kanalizasiya xətlərinin yenilənməsi, təmiri üçün dövlət büdcəsindən bir milyard dollardan çox vəsait ayrılıb. Əgər işlər plan üzrə, şəhərsalma və arxitektura qaydalarına uyğun aparılsa, heç bir problem olmaz. Hər bir rayonun, küçənin su və kanalizasiya xətlərinin sxemi var və bu sxem üzrə işlər aparılmalıdır. Son 20 ildə Bakı şəhərində əhalinin sıxlığının artması xətlərin yenilənməsi zərurətini meydana çıxarıb. Məlumatlar var ki, bu payızda yağıntının miqdarı normadan xeyli artıq olacaq".

Ekspert onu da diqqətə çatdırdı ki, 2005-2010-cu illər üzrə Bakı şəhərində yağış kollektoru və kanalizasiya xətlərinin bərpası və yeni xətlərin tikintisi proqramı hazırlanmışdı: "Həmin proqramın icrası ilə bağlı da pul ayrılmışdı. Həcmi yadımdan çıxıb. Proqramın icra müddəti başa çatsa da, problem aradan qalxmadı. Bu gün Bakının 80-90 faiz ərazisində yağış kollektorları yoxdur. Paytaxtın bütün küçələrində ayrıca yağış kollektorları olmalıdır və yağış suları dənizə axıdılmalıdır. Amma bizdə yağış suları kanalizasiya sularına qarışıb dənizə axıdılır".

Həmsöhbətimiz onu da bildirdi ki, dünyanın bir sıra ölkələrində yağış sularından səmərəli istifadə olunur: "Məsələn, xüsusi anbarlar tikilir və yağış suları ora axıdılır. Həmin sulardan isə yay aylarında təsərrüfatda istifadə olunur. Digər tərəfdən yağış sularından istilik enerjisinin alınmasında da istifadə etmək mümkündür. Bizim bu layihələrə çatmağımıza hələ uzun illər var. Çox dərinə gedib dövlət qurumlarının fikirlərini yayındırmaq istəmirəm. Hələ ki, gölməçələrdəki suları təmizləsinlər, gerisinə sonra baxarıq".

Problemin mövcudluğunu "Azərsu" ASC-nin Bakı Kanalizasiya İstehsalat Birliyində də etiraf edirlər. Birlikdən aldığımız məlumata görə, Bakının kanalizasiya xətlərinin çox hissəsi istismar müddətini başa vurub. Bu səbəbdən də mövcud sistemin yükgötürmə qabiliyyəti aşağı olduğundan problemlər yaradır. Belə xətlər daha çox şəhərin 1960-70-ci illərədək salınmış yaşayış məntəqələrindədir. Əksəriyyəti müharibə dövründə və 1950-ci illərdə tikilmiş belə kanalizasiya borularının diametri də olduqca azdır - 200 millimetr.

Birliyin mütəxəssislərinin fikrincə, normal kanalizasiya borularının diametri heç olmasa, 400-500 millimetr olmalıdır ki, onların su, tullantı keçirmə qabiliyyəti tələbata uyğun olsun. Ancaq boruların diametri kiçik olduğundan onların içi zibillə dolur, tıxaclar yaranır və Bakı küçələrinin su ilə dolması da bundan başlanır.

Onu da öyrənə bildik ki, bu il Bakı şəhərində 40-dan çox yaşı olan ən azı 15 yağış kollektoru və kanalizasiya sistemlərinin əsaslı təmir edilməsi nəzərdə tutulur. Bu sahədə dünyanın bir sıra ölkələrinin, o cümlədən qonşu Türkiyənin təcrübəsi öyrəniləcək.

RAMİL






1 Oktyabr, 2011  15:06 Baxılıb: 2429 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner