Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AVTOBUS SÜRÜCÜLƏRİ QAYDALARA MƏHƏL QOYMUR

Namiq Həsənov: «Məlumatların Nəqliyyat Nazirliyinə də göndərilməsinin tərəfdarıyıq»

Respublikamızda son vaxtlar baş verən yol qəzalarının sayı artıb. Bu halların qarşısının alınması üçün görülən tədbirlərə baxmayaraq, hələ də ölümlə nəticələnən qəzaların qarşısını almaq mümkün olmayıb. Bu sırada ictimai nəqliyyat vasitələri xüsusi yer tutur. Hətta az qala küçələrin hamısında kameraların quraşdırılması, yollarda radarların sayının artırılması da ictimai nəqliyyat vasitələrini idarə edən sürücüləri qayda pozuntularından çəkindirməyib. Halbuki ictimai nəqliyatın qəzaları zamanı təlafat daha böyük olur. Maraqlısı odur ki, bir çox hallarda dövlət yol polisi əməkdaşları ictimai nəqliyyat vasitələrinin yol verdikləri qayda pozuntularına göz yumur. Buna səbəb kimi isə yol polisi ilə şirkətlər arasında olan qeyri-rəsmi sövdələşmələr göstərilir.
Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyələ əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, Bakıda bu il ərzində yol hərəkəti iştirakçıları tərəfindən törədilən pozuntuların əksəriyyəti ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlı olub: «Bu ilin 8 ayında Bakıda 215 831 yol hərəkəti qaydalarının pozuntusu qeydə alınıb. Bu pozuntulardan 29 509-u ötmə, manevr və yolayrıcı qaydalarının pozulması ilə bağlı olub. Bunun da 9011-i qoşa xətti keçmə, 7497-si yolayrıcı, 2876-sı manevr etmə, 1614-ü ötmə qaydalarının pozulması ilə əlaqədardır. Bakı şəhərində 834 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 183 nəfər ölüb, 978 nəfər xəsarət alıb. Qayda pozuntularından bir qismi isə avtobus sürücülərinin payına düşür. Avtobus sürücüləri tərəfindən Bakıda törədilən 107 yol qəzası nəticəsində 14 nəfər ölüb, 27 nəfər xəsarət alıb».
V.Əsədovun sözlərinə görə, dövlət yol polisi əməkdaşları yol-hərəkəti qaydalarını pozan bütün sürücüləri saxlayaraq məsuliyyətə cəlb edir: «Ancaq bir çox hallarda bunun qarşısını almaq mümkün olmur. İctimai nəqliyyat vasitələrini idarə edən sürücülərin kobud yol hərəkəti qaydalarını pozmasına görə, bu ilin əvvəldiən sentyabrın 10-dək cəzalandırılanlar da kifayət qədər çox olub. Dayanma-durma qaydalarının pozulmasına görə, dayanacaqlardan kənarda, yolların hərəkət hissəsində, ikinci cərgədə ictimai nəqliyyat vasitəsini saxlamağa görə, 100-dən artıq sürücü barəsində protokol tərtib edilib. Yol ayrıclarını keçmə qaydalarının avtobus sürücüləri tərəfindən pozulmasına görə 936 protokol tərtib edilib. İşıqforun qırmızı işığında hərəkəti davam etdirməklə bağlı 112 sürücü cərimələnib. Bu cür cərimələrin bir çoxu kameralar vasitəsilə qeydə alınan pozuntularla bağlı tərtib edilib. Həmçinin, avtobus istehsalçısı olan şirkət tərəfindən müəyyənləşdiriləndən artıq sərnişin daşınmasına görə 39 sürücü cərimələnib. Sürücülük vəsiqəsi olmadan, yaxud müvafiq kateqoriyalı sürücülük vəsiqəsinə malik olmadan avtobusların idarə edilməsi yol verən 9 nəfər cərimələnib. Sərnişinlərlə dolu olan ictimai nəqliyyat vasitəsinin yanacaqdoldurma stansiyasına daxil olma faktlarına görə 27 protokol tərtib edilib. Bu hallar kütləvi informasiya vasitələrində də işıqlandırılıb.
Avtobus daynacaqlarında ictimai nəqliyyat vasitələrinin qaydalara uyğun dayanmaması hallarına da ciddi nəzarət edilir. Hazırda bir problem var ki, qeyri-qanuni taksi xidməti göstərən avtomobil sürücüləri tərəfindən çox vaxt həmin dayanacaqlar tutulur. Bu zaman isə avtrobuslar məcburiyyət qarşısında ikinci zolaqda dayanır. Bu halların qarşısını almaq üçün paytaxtın müxtəlif ünvanlarında avtobus dayanacaqlarını tutan taksi sürücülərinə qarşı 200-dən artıq protokol tərtib edilib. Avtobus sürücülərinə qarşı da dövlət yol polisinin səlahiyyətinə aid olan bütün tədbirlər görülür. Amma bu məsələdə Nəqliyyat Nazirliyinin səlahiyyətiniə aid olan məsələlər də var».
Avtobusların məxsus olduğu şirkətlə Dövlət Yol Polisinin qeyri-rəsmi anlaşmaya gəlməsi və bu səbəbdən avtobus sürücüləri tərəfindən yol verilən qayda pozuntularına göz yumulmasına gəldikdə isə V.Əsədov bunu təkzib etdi: «Bunlar Dövlət Yol Polisinin fəaliyyətinə kölgə salmaq istəyənlərin fikirləridir. Belə bir şayələrə inanmaq düzgün deyil. Bu fikirlər ancaq yol polisinin imicinə xələl gətirir. Əgər hansısa halda dövlət yol polisi əməkdaşı qayda pozuntusuna yol verən avtobus sürücüsünün hərəkətinə göz yumursa, bu diqqətsizlik ola bilər. Çünki rəhbərlik tərəfindən hər bir yol polisi əməkdaşının işinə nəzarət edilir. Hazırda müxtəlif texniki nəzarət imkanlarından istifadə etməklə bu iş daha geniş səviyyədə aparılır. Əgər polis əməkdaşının belə hala yol verməsi aşkarlanarsa, həmin polis nəfərinə qarşı da tədbirlər görülür».
Məsələyə münasibət bildirən Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov da yol hərəkəti qaydalarını pozun sürücülərlə bağlı mütəmadi tədbirlər həyata keçirildiyini vurğuladı: «Mütəmadi olaraq Nəqliyyat Nazirliyinin müfəttişləri tərəfindən reydlər keçirilir. Qaydaları pozan sürücülərə xəbərlaqlıq edilir, hətta işdən azad edilənlər də olur. Eyni zamanda sürücülər kurslara cəlb edilir. Həmin kurslarda sürücülər həm yol hərəkəti qaydaları, həm də sərnişindaşıma ilə bağlı əlavə olaraq maarifləndirilir. Bununla bağlı Cənubi Koreyada təlimlərə göndərilən sürücülər də var. Amma nəqliyyatın intellektual idarəetmə sitemi işə düşdükldən sonra bu hallara daha asan nəzarət etmək imkanı olacaq. Bundan sonra sürücülər özləri də diqqətli olamağa çalışacaq». Sürücülərin çalışdıqları şirkətlərlə dövlət yol polisi əməkdaşları arasında qeyri-rəsmi sövdələşmələrə gəldikdə isə N.Həsənov bunu təkzib etdi: «Biz sürücülərin qayda pozuntularına göz yumulmasına yox, bu barədə məlumatların Nəqliyyat Nazirliyinə də göndərilməsinin tərəfdarıyıq. Dəfələrlə bununla bağlı rəsmi mövqeyimizi açıqlamışıq. Təkcə yol polisi yox, vətəndaşar da sürücülərin yol verdiyi qayda pozuntuları ilə bağlı nazirliyi məlumatlandırsa, daha yaxşı olar. Belə olan halda sürücülər də özlərində əlavə məsuliyyət hiss edərlər».






15 Sentyabr, 2011  23:41 Baxılıb: 1048 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner