Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mir Şahin "Ən Yeni Tarix"i hazırlayır-MÜSAHİBƏ

"Azərbaycanın tarixindən nəyi isə silmək yox, əksinə nələri isə əlavə etmək, artırmaq lazımdır"

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, əməkdar jurnalist Mir Şahin Ağayev ANSpress-ə müsahibəsində müxtəlif məsələlərdən danışıb. Simsar.az saytı onun müsahibəsini təqdim edir.

- Mir Şahinə imkan verilsəydi, tariximizdən nələri silərdi?

- Tarixdən heç vaxt heç nəyi silmək olmaz!

- Axı ən yeni tariximizdə qara sətirlərlə yazılmış səhifələrimiz çoxdur...

- Bilirsiniz necədir, insanın ömründən nə gecəni, nə də gündüzü silmək və yaxud da birini seçib saxlamaq olmaz. Rənglərin içindən ya ağı, ya da qaranı seçib saxlamaq olmaz. Allah heç kimə belə imkan verməsin! Çünki insanlar bu dünyada öz həyatlarını yaşamaq üçün yaranıblar. Hər insan öz kölgəsini görməlidir. Bu kölgə var... Görsə də var, görməsə də. Əgər biz tarixdən nəyi isə silmək istəsək, bu, tarixə obyektiv münasibət olmayacaq. Tarixin özünü olduğu kimi qəbul etmək lazımdır. Əksinə. Mən Allaha şükür edirəm ki, bir müəllif olaraq belə bir imkanım var. Allah bizə ANS kimi şirkətdə çalışmaq imkanı verib və mən ANS-in yaratdığı imkanlar çərçivəsində “Ən yeni tarixi” hazırlayacam və bacardığım qədər, Allahın mənə verdiyi möhlət və vüsət qədər bu işin öhdəsindən gəlməyə çalışacam. Mən belə düşünürəm ki, Azərbaycanın tarixindən nəyi isə silmək yox, əksinə nələri isə əlavə etmək, artırmaq lazımdır. Çox yaxşı olar ki, əlavə olunan hadisələr pozitiv olsun, millətin, dövlətin, xalqın xeyrinə işləyən hadisələr olsun.

- Demək "Ən yeni tarix"də heç nəyi silmədən, heç nəyə toxunmadan sadəcə tariximizi səhifələyəcəksiniz?

- Başqa cür ola da bilməz. "Ən yeni tarix" bir televiziya layihəsidir. Bu verilişdə son illərdə tariximizdə baş verənlərə bir daha qayıtmaq, qaranlıq qalan məqamlara aydınlıq gətirmək istəyirik. Bu verilişdə Azərbaycanın yeni tarixinin müəyyən hissələri işıqlandırılır və həmin tarixi proseslərə şahidlik etmiş insanların iştirakı ilə efirdə bir sıra araşdırmalar aparılır.

- “Ən yeni tarix” verilişini 10 il bundan əvvəl də Sizin təqdimatınızda izləmişik. Layihə o zamanlar böyük səs-küyə səbəb olmuşdu.

- Bu layihə Azərbaycan tamaşaçılarına tanışdır. Bir faktı xatırlatmaq istəyirəm, Kəlbəcərin işğalına həsr olunmuş verilişdə həmin dövrdə hakimiyyətdə olmuş bütün şəxslər -dövlət başçısı olmuş birinci şəxs -Prezident də, müdafiə naziri də, Maş nazir də, Milli Məclisin sədri də, korpus komandiri də. Yəni bu buraxılış çox maraqlı və çox şəffaf bir tədqiqatın aparılması ilə nəticələnmişdi. Sonda o dövrdə Azərbaycanın Silahlı Qüvvələrinin Ali baş komandanı, Azərbaycan Respublikasının prezidenti olmuş Əbülfəz Elçibəy öz hakimiyyəti dövründə Kəlbəcərin işğalına yol verdiyi üçün Azərbaycan xalqından, o cümlədən də kəlbəcərlilərdən üzr istəmişdi. Və bu bizim tariximizdə çox nadir baş verən hadisələrdən biri idi.

Bir sıra başqa mövzular da müzakirə olunmuşdu. Məsələn, “Ən yeni tarix”in Şuşanın işğalına həsr olunmuş buraxılışında həmin vaxtlar Şuşa bankında olan külli miqdarda pulun taleyini araşdırmışdıq. O vaxta qədər müxtəlif mənbələrdə çox müəmmalı şəkildə təqdim olunan hadisənin üstünü açmışdıq və bu, Azərbaycan tamaşaçılarının gözü qarşısında baş vermişdi.

Eləcə də 20 yanvar, Xocalı soyqırımı, Sərhəd hərəkatı və 1995-ci ilin mart ayında baş verən hadisələrə həsr olunmuş buraxılışlarımızda maraqlı nəticələr əldə etmişdik. 20 noyabrda hellikopterin Qarakənd yaxınlığında qəzaya uğramasını müzakirəyə çıxarmışdıq və s.

- “Ən yeni tarixi” yazmaq ideyası hansı zərurətdən və necə yarandı?

- Sözün düzü, bu verilişi hazırlamaq təşəbbüsü mənim dostum, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsusdur. O məni çağırdı və tapşırdı ki, bu layihəni yenidən hazırlamaq lazımdır. Çünki tariximizdə elə hadisələr baş verir ki, bu hadisələr yaşlı nəsil dünyadan köçdükcə, orta nəsil yaşlandıqca yaddan çıxır. Gənc nəsil, yeniyetmələr isə bu hadisələri yaşamadıqlarından, gözləri ilə görmədiklərindən həmin mövzularda danışılan dürlü-dürlü nağıllara qulaq asmağa məcbur olurlar. Bir də görürsünüz ki, həmin dövrdə bığıburma bir gənc olmuş, indi isə yaşlanmış biri - kənardan tamamilə məişət peşəsinə uyğun bir görkəmdə ortalığa çıxıb deyir ki, biz filan vaxtı filan rayonun müdafiəsində belə vuruşduq, belə qəhrəmanlıq etdik...
Baxırsan ki, bunun dili başqa şey deyir, qarnı başqa şey. Üçüncü tərəfdən dediklərinin heç bir tarixi əsası yoxdur. Məsələn, bu adamın danışdıqları hadisələrin baş verdiyi ərəfədə Vahid Mustafayevlə mən həmin əraziyə ezam olunmuşduq, müharibənin qızğın vaxtlarından danışıram, bizim yadımızda o tarix çox dəqiq qalıb. Həmin gün o rayonda korpus komandirini axtarmış, tapa bilməmişdik. Söhbət 1993-cü ilin avqust ayından gedir. Və nəhayət günün sonunda korpus komandirini tapanda məlum oldu ki, o, bütün günü ovda olub. Amma bu adamın bu gün danışdıqlarından belə başa düşülür ki, hənim günlər çox ciddi döyüş gedib, hətta onlarla şəhidlər verilib. Guya ki, hansısa hərbi hissə uzun müddət gizli şəkildə barrikadalar qurub, müqavimət göstərib. Belə çıxır ki, bizim bütün bu tarixçələrdən, danışıqlardan xəbərimiz yoxdur. Halbuki, biz bu hadisələrin canlı şahidi olmuşuq, hər şeyi görmüşük, həmin gün orada çəkiliş aparmışıq... Bu layihəni də belə yanlışlıqlara yol verilməsin deyə hazırladıq.

Bu il ANS-in tarixinin çox möhtəşəm bir dönəmini qeyd edirik. Noyabr ayının 26-da bizim ilk dəfə efirə çıxmağımızın 20 ili tamam olur. Təbii ki, 20 illik yubileyimizlə əlaqədar layihələrimiz olacaq. Və “Ən yeni tarix”də Vahid Mustafayevin tapşırığı əsasında həmin o 20 ilin tərkib hissəsi olaraq efirə buraxılır. ANS-in 20 illk yubileyi Azərbaycanın müstəqiliyinin 20 illik yubileyi ilə üst-üstə düşür. Hər ikisi özünün ən yeni tarixini yaşayır. Və biz bu tarixi vərəqləyəcəyik.

- “Ən yeni tarix”in ilk buraxılışı nə vaxt olacaq?

- İki gündən sonra, sentyabrın 8-də. Biz tamaşaçılarımızdan bu verilişdə yalnız tamaşaçı kimi iştirak etmələrini deyil, eyni zamanda bu verilişin yaranmasında kömək etmələrini xahiş edirik. Ola bilər ki, hansısa hadisələrlə bağlı kimlərinsə əlində faktlar, videoçəkilişlər, səslər var. Belə şeylər varsa xahiş edirəm bizə təqdim etsinlər.

- Birinci buraxılışda ən yeni tariximizin hansı səhifəsi araşdırılacaq?

- Bizim birinci verilişimiz Azərbaycanın müstəqilliyinin tarixinin başlanğıcına həsr olunub. Mən şəxsən “Ən yeni tarix”in müəllifi olaraq verilişi hazırlayan qrupun fikrini çatdırıram: bizdən ötrü Azərbaycanın müstəqilliyinin tarixi 1988-ci ilə təsadüf edir. O vaxt ki, Azərbaycanda Milli Azadlıq Hərəkatı başlamışdı. Bildiyiniz ki, ermənilər Qarabağda Topxana meşəsini qıraraq alüminium zavodu tikmək istəyirdilər. Həm Ermənistanda, həm Azərbaycanda Milli Azadlıq Hərəkatı o vaxtdan başlamışdı. Və Milli Azadlıq Hərəkatının komponentləri var idi, məsələn, demokratik mətbuatın yaranması. 1989-cu ilin oktyabr ayının 1-də Azərbaycanın ilk qeyri-hökümət qəzeti fəaliyyət göstərməyə başladı. Bu da "Azərbaycan" qəzeti idi. Qarabağ Xalq Komitəsinin qəzeti. Və Azərbaycanın ilk müstəqil televiziyasının formalaşmağa başladığı dövr 1990-cı ilin sonuna təsadüf etdi. Vahid Mustafayevin "Azərbaycan" qəzetində yaratdığı “Koroğlu kəşfiyyatı” səhifəsində Seyfulla Mustafayev və bir sıra başqaları, o cümlədən mən ara-sıra yazılar yazırdım. Azərbaycanın gələcək müstəqil televiziyasının da əsası məhz bu xüsusi buraxılış oldu. Sonra bu xüsusi buraxılışın “Xəbərçi” rubrikası yaradıldı. Bu “Xəbərçi” Azərbaycan qəzetində bütöv bir səhifə idi. Bizim indi efirə verdiyimiz “Xəbərçi” informasiya buraxılışımız hələ 1990-cı ildə "Azərbaycan" qəzetinin səhifələrində “Xəbərçi” rubrikası altında məlumatların toplusu şəklində oxuculara çatdırılırdı. Yəni bütün bunlar faktlarla araşdırılacaq və təqdim olunacaq.

- Köhnə “Ən yeni tarix”lə təzə “Ən yeni tarix” arasında fərq olacaq?

- Bir balaca fərqlənəcək. Keçmiş “Ən yeni tarix”də mövzular birbaşa mühakimələr şəklində, daha doğrusu fikir mülahizələri şəklində araşdırılırdı. Əvvəlki formatda qarşı tərəflərin bir-biri ilə opponentvari münasibətlərinin aydınlaşdırılması var idisə, bu dəfə bir balaca fərqli olacaq. Yəni indi verilişdə 80-90 nəfər tamaşaçı olmayacaq. Amma effekt yenə də faktların, dəlillərin iştirakı ilə aparılan araşdırmalara hesablanıb. Köhnə “Ən yeni tarix”in bir buraxılışında 10-12 tarixi hadisə araşdırılırdısa, bu dəfə bir neçə hadisə araşdırılacaq. Əvvəlkindən fərqli olaraq bir verilişin içində bir neçə hadisəni araşdırmaq istəyirik ki, tamaşaçılara daha çox məlumat verək.

Verilişin vaxtı bir televiziya saatı – 45 dəqiqə nəzərdə tutulub. Hər halda çalışmaq lazımdır ki, bu vaxtdan optimal istifadə edək.

- Sözsüz ki, verilişdə faktları ortalığa qoyan kadrlar olacaq.

- Əlbəttə, “Ən yeni tarix” verilişi sırf xronikaya hesablanmış bir verilişdir. Yəni Azərbaycanın bir dövlət olaraq başına gələnləri əks etdirən verilişdir. Biz “Ən yeni tarix” verilişində ANS-in arxivini göstərəcəyik. Mən fəxr edirəm ki, ANS arxivində bütün son 20 ili özündə əks etdirən faktları toplayıb və mən inanıram ki, “Ən yeni tarix” şərhsiz, müəllif çıxışı olmadan belə yalnız ANS-in arxivini tamaşaçılara çatdırsa, Azərbaycan xalqının ən yeni tariximizdən kifayət qədər məlumatı olacaq. Ona görə ki, bizim arxivimizdə dövlət televiziyasının özündə belə olmayan hadisələrin kadrları var. Biz bu kadrları göstərəcəyik.

Bəlkə də bəzilərinin canına vəlvələ düşəcək ki, Mir Şahin yenə hər şeyi çılpaqlığı ilə açıqlayacaq. Ən yeni tariximizə qara sətirlərin yazılmasında əli olanların gizlətdiyi çox şeylər var.

Kadrları göstərməkdə məqsədimiz kimi isə qorxutmaq deyil. Biz olanı göstərəcəyik. Kiminsə qarası varsa, kiminsə günahı varsa qorxsun. İnsan nədənsə qorxmalıdır. Bəziləri Allahdan qorxur, bəziləri faktdan...

- Hər kəs əməlinə görə bir gün cavab verməlidir.

- Biz məhkəmə deyilik, biz hüquq-mühafizə orqanı deyilik. Bu, bir televiziya verilişidir. Biz sadəcə olaraq yaxın tariximizə ekskursiya edəcəyik. Məsələn, biz göstərəcəyik ki, Azərbaycanın informasiya blokadasından çıxmasında Vahid Mustafayev, Çingiz Mustafayev, Seyfulla Mustafayevin hansı rolu olub. Mən göstərəcəm ki, Vahid Mustafayev ermənilərin o boyda mühasirəsindən keçərək necə Moskva ilə əlaqə saxlayıb, Xocalıda baş verən proseslər haqqında məlumat çatdırıb. O vaxt ermənilər OMON-çuların Xocalıda özbaşınalıq etdikləri barədə məlumatlar yaymışdılar. Yadımdadır, Vahid Mustafayevin Xocalı haqqındakı materialı bütün Rusiya tamaşaçılarını obyektiv reallıqla məlumatlandırdı və adamlar başa düşdü ki, OMON-çular heç də cin-şeytan, əcinnə deyillər. Əksinə onların içində rus, yəhudi millətindən olan insanlar da var və onlar öz fəaliyyətləri barədə açıqlama verirlər. Mən bunu göstərəcəm. Mən Xəlil Rzanın məhkəmə zalından gül-çiçək içində çıxmasını göstərəcəm. Bunlar hamısı bizdə varsa, niyə göstərməyək? Mən göstərəcəm ki, “Daşaltı əməliyyatı”nda Vahid Mustafayev yanan helikopteri necə çəkir. Seyfulla Mustafayevin Qəbələ RLS-ə heç kəsin girmədiyi bir vaxtda necə girməsini göstərəcəm. Qəbələ Radiolokasiya Stansiyası o vaxtlar insanların əfsanələr uydurduğu bir obyekt idi. Mais Məmmədovun (Azərbaycanın əməkdar jurnalisti red.) 1988-ci ildə noyabr mitinqlərində Moskvanın “Vremya” proqramında efirə verdiyi reportajı göstərəcəm. Niyə də göstərməyim?
Bunları göstərmək lazımdır, insanlar öz tarixlərini bilməlidir. Əsas budur ki, insanlar unutmasınlar. Bəzi yalançılar, uydurma danışanlar, dastansevərlər indidən ağız ədəbiyyatının, el ədəbiyyatının nümunələrini yaratmağa başlayanlar bir az əl-ayaqlarını yığışdırsınlar və xalqı aldatmasınlar və unutmasınlar ki, onların danışdığı yalanın hər birinin təkzibi ANS-də var! Biz hələ sağıq!






6 Sentyabr, 2011  18:33 Baxılıb: 1457 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner