Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Reportaj

QAX RAYONU, ALBAN ABİDƏLƏRİ VƏ ŞAHİN USTA-FOTOSESSİYA

Daşlara baxıb o dövrün insanlarını görmək olur

Axşamdan evə tez gedib yatmalı idim ki, səhər tez dura bilim. Təəssüf ki, yenə bu cür alınmadı, evə gec gəldim və gec yatdım. Həmişəki kimi səhər gecikdim. Saat -8-də fotoqrafımız Əjdərlə görüşməliydik, mən isə yenə yarım saat gecikdim. Bu dəfə yolumuz bir az uzaq idi. Qaxa gedirdik. Cəmi iki dəfə olmuşam Qaxda ancaq istirahət üçün gedib qayıtmışam, Əjdər isə heç olmayıb.
...Bir-bir rayonların içindən keçə-keçə nəhayət Qaxa çatdıq. Bizi əvvəlcədən danışdığımız bələdçimiz Müsail Yunusov qarşıladı. Müsail dayı ilk olaraq bizi evlərinə apardı. Həm susamışdıq həm də ac idik. Qax balı ilə pürrəngi çay içdikdən sonra bu rayonun mətbəxinə aid olan “Sülhülü” yeməyinə qonaq edildik. Ləzgi qonağı kimi yeməyimizi yeyib çıxdıq...
Respublikanın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olub. Müsail dayı bizi əvvəl Kürmük Kilsəsinə apardı. XVIII-XIX əsrlərə aid olan kilsə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur. Gözəl görünüşü olan kilsə yüksək bir məkanda yerləşir. Bələdçimizin sözlərinə görə bu məbədə tək xristianlar deyil, eyni zamanda müsəlmanlar da gəlib ibadət edirlər. Bir zamanlar, bu məbədin içində qazıntı işləri aparılarkən iki qəbir tapılıb. Qəbirlərdən biri müsəlman digəri isə xristian qəbri olub. Bu üzdən də, hər iki dinin təmsilçiləri bura gəlir. İldə iki dəfə Gürcü keşişi kilsəyə gələrək müqəddəs ayinləri yerinə yetirir. Onun payızda gəlişi ilə xaçı suya salırlar, yazda isə çıxarırlar. “Xaç sudan çıxmayıb” məsəli də bu ayinlə bağlıdır. Xaç yazda sudan çıxandan sonra yaz yağışları dayanır...
Növbəti dayanacağımız İlisu kəndi oldu. Bu kəndin əsası 1562-ci ildə Səfəvi hökmdarı Şah I Təhmasibin fərmanı ilə İlisu sultanlığı adı ilə qoyulub. Kənddə bir-birindən gözəl və maraqlı abidələr diqqətimizi çəkdi. Hələ uşaqlıqdan “Qorxma mən səninləyəm” filmində gördüyüm Sumuq qalaya getdik. XVIII əsrə aid olan qala dağlıq ərazilərdə yaşayan insanların ailəsi ilə birlikdə düşməndən qorunmaq üçün yaşayış evinə bitişik inşa etdikləri müdafiə qülləsidir. Yenidən restabrasiya olunan qalanın içində Filmdən bir fotoya da rast gəldik. Muxtarbəy Kantəmirov, Lev Durov və Polad Bülbüloğlu...

Yeddi Kilsə Monastr kompleksi



Tamara körpüsünü keçib, İlisu şəlaləsinə qalxdıq. Səfalı, gözəl yerlərdir, amma məni qınamayın Yevlax qədər isti idi... Yolumuzu döndərdik qədim Ləkit kəndinə. Eşitdiyimizə görə albanların Yeddi kilsə monastır kompleksi bu kənddə yerləşir. Qaxda doğulmasına və orada yaşamasına baxmayaraq bəlıdçimiz Müsail dayı bu kompleksi hələ görməmişdi. Necə deyərlər savab qazandıq. Həyəcanlı dağ yolları, bizi kəndə aparıb çıxardı, kompleksin harda yerləşdiyini bilmirdik. Xoşbəxtlikdən yolda bizə kənd sakinlərindən biri yaxınlaşdı. Bizi xüsusi qonaqpərvərliklə salamlayan Rövşən Maqsudov maşınımıza əyləşərək Yeddi Kilsə Monastr kompleksinə apardı. Yolda Rövşən dayı kəndin adət-ənənələrindən danışdı. Nəhayət III-IV əsrə aid alban məbədlərinə gəlib çatdıq. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları var. 1980-ci ildən sonra baxımsızlıqdan dağılan abidələr hazırda qəzalı vəziyyətdədir. Məbədin tarixi ilə bağlı məlumatlar qorunmayıb. Lakin xristianlığın çiçəkləndiyi bir dövrdə inşa edildiyi güman olunur. Doqquz abidədən yeddisi kilsə onlara bitişik olanlar isə rahiblərin və qonaqların yaşaması üçün binalardır. Kompleksə daxil olan kilsələrdən yalnız baş kilsə bir qədər böyükdür. Digər altı kilsə isə kiçikdir. Ərazidə tapilan kirəmit qalıqları binaların üstünün örtülməsi üçün səliqə ilə hazırlanmış kirəmitlrdən istifadə edildiyini söyləməyə əsas verir. Rövşən dayının sözlərinə görə bu abiələrdən qızıl küplər də tapılıb. “Sovet dövründə Aliyə xanım var idi, geoloq. Moskvadan gəlirdi bu abidələrdə geoloji işlər aparırdı. İş adı ilə gəlirdi qızılları aparırdı. 1989-cu ildə məbədlər olan bu yerə vertalyot gəldi. Cavan idim, yaxınlaşdım onların yanına. Əllərində qızılaxtaran aparat var idi. Aliyə xanıma yaxınlaşıb soruşdum ki, burada nə iş görürsüz, mənə “tebe ne kasaetsa” dedi və burdan uzaqlaşmağımı istədi. Həmin vaxt Aliyə yenə qızıl tapıb apardı. Məbədi isə gürcü zabitləri partladıblar”. Qazıntıların ən mühüm nəticəsi isə böyük bir daş üzərində yazılmış kitabənin tapılması olub. Lakin bütün bu tapıntılar kitabə də daxil olmaqla, tədqiqata və elmi dövriyyəyə cəlb edilməmiş müəmmalı şəkildə ölkədən çıxarılaraq aparılıb. Bu gün də həmin kitabədə nələrdən bəhs edilməsi və digər tapıntılar haqqında heç nə məlum deyil...
Əsas kilsə binası da daxil olmaqla kompleksin bütün binaları çay, əhəng daşları və əhəng məhlulu qatışığı ilə inşa edilib. Kilsələrin hamısı binanın cənubunda və şimalında cüt yerləşdirilmiş ensiz və uzunsov pəncərələr vasitəsiylə işıqlandırılıb. Lakin sonrakı dövrdə naməlum səbəbdən bütün kilsələrin Şimaldakı pəncərələri qapadılıb.
Məbədləri gəzdikcə heyran qalmışdıq. Müsail dayı abidələrin tikildiyi daşlara baxaraq, o dövrün insanlarının necə istedadlı və nəhəng olduqlarını təsəvvür edirdi. Məbədlər ayrı ayrı hasara alınmışdı. Bir hasardan asanlıqla keçdik. Digər hasarı keçməkdə bir az çətinlik çəkdik. Rövşən dayı şirin ləhcəsi ilə “Qızım həblə-həblə ayağını qoy qalx, həblə-həblə də düş” deyərək mənə hasarı necə keçdiyini göstərdi. Mən də “həblə-həblə” hasarı keçdim.

Gül suyu, tut mürəbbəsi və bal arısı

Abidələri gəzdikdən sonra Rövşən dayı bizi Ləkit kəndində, meşənin içində yerləşən şəlaləyə apardı. Yuxarı maşın qalxmadığından xeyli piyada getdik. Kənardan dağa qalxmaq asan görünsə də çox çətin imiş. Amma sonsuz dərəcədə də maraqlı. Bu şəlalədə bir başqa gözəllik var idi. Belə mənzərəni ancaq açıqcalarda görmüşdüm. Eninə axan şəlalə yaşıl don geyinib sanki. Gurultusuz, ahəstə axan şəlalənin səsi insana xüsusi zövq verir. Xeyli oturub dincəldik, suyun səsi, arada oxuyan bülbüllərin nəğməsi və təbiətin gözəlliyi... Bir az pafoslu alındı deyəsən, amma bu həqiqətdir. Artıq gec idi hələ piyada nə qədər yol qayıtmalı idik. Yolboyu, Rövşən dayı bizə cavanlıq xatirələrindən danışırdı. Sən demə Rövşən dayının böyük sevgisi olub. Hətta bu sevgiyə görə Rusiyada işləməsinə baxmayaraq, Azərbaycana qayıtmağı üstün tutub. Nədənsə, cavanlıqdan sevgidən danışanda Müsail dayının da üzü gülürdü. “Yoxsa sizin də eşq macəraniz olub” deyə sorushduq, gülümsəyə-gülümsəyə “Eh” –deyib başını yellədi...
Rövşən dayı aşağı düşdükdən sonra bizi evinə qonaq apardı, gözəl çay süfrəsi təşkil olundu. Təzə bişirilmiş tut mürəbbəsi, gül suyu və pürrəngi çay. Lap yerinə düşmüşdü. Rövşən dayı elə şirin söhbət edirdi ki, vaxtın necə keçdiyini bilmədik. Geri Qaxa qayıtmalı idik deyə ondan ayrılmalı olduq. Yola davam və yenidən Qaxda Müsail dayıgildəyik. Müsail dayı uzun illərdir arıçılıqla məşğul olur. Getmişkən dayının təsərrüfatı ilə də tanış olduq. Müsail dayı arıları qaçırtmaq üçün ilk olaraq onlara tüstü verdi. Uşaq vaxtı eşitmişdim ki, insanı 10 arı eyni vaxtda sancanda ölə bilər. Müsail dayı isə bunu tamamilə təkzib etdi. Arı sancmanın sağlamlıq olduğunu vurğulayan bələdçimiz yeşıkdən şanı çixardıb bizi təzə bala qonaq elədi. Müsail dayının sözlərinə görə, bir yeşikdə təxminən 60 min arı olur. Pətəyin içində olan balı hansı aparatda süzdüklərini də bizə göstərdi. Maraqlı işdir, ancaq bu da həvəs, səbr istəyir...

Sağ ol Şahin usta!


...Qaxda ikinci günümüz,səhər naharı ilə başladı. Maşınımız xarab olmuşdu, usta isə Zaqatalada idi. Xarab maşınla Qaxdan Zaqatalalaya getməli idik. Mənzərəli yollar idi. İnsanları da gülərüz mehriban. Onu da deyim ki, Zaqatala Qaxdan səliqəli və təmiz idi. Usta Şahini axtarırdıq. Maşını saxlayan kimi gülərüzlə “xoş gəlmisiniz” deyən insanlar məndə bu bölgəyə qarşı xüsusi rəğbət oyatdı. Mehriban insanların vasitəsilə Şahin ustanın emalatxanasını gəlib tapdıq. Usta Şahin yox idi, ancaq qardaşı Həsən bizi xüsusi qonaqpərvərliklə qarşıladı. Maşını ilk olaraq Həsən yoxladı, eyni zamanda Şahinə də zəng edib çağırdı. Ustaların yanında olduğumuz iki saat ərzində məlum oldu ki, Şahin və Həsən qardaşları avardılar. Maşınımızın üstündə çox əlləşdilər, nəhayət ki, düzəltdilər. Maraqlısı odur ki, maşını düzəldib qurtardıqdan sonra ustalar bizdən pul götürmədilər: “Yol adamısız, biz yol adamlarında pul almırıq”-dedilər. Əhsən!!! Etiraf edim ki, Zaqataladan gəlib Bakıda maşını xarab olan olsaydı bu ona çox baha başa gələrdi...Sağ olsunlar, düzəltdikləri maşın bizi sağ-salamat Bakıya çatdırdı...
İradə Nurəddinqızı-“Simsar”jurnalı






5 Sentyabr, 2011  19:53 Baxılıb: 4509 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner